Məhkəmə qərarları › İş №2-1(112)-3854/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3854/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3854/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.1993-cü il tarixdən 10.06.1996-cı il tarixədək “Maştağa təsərrüfat hesablı avtomobil müəssisəsi”ndə 3-cü dərəcəli sürücü, 10.06.1996-cı il tarixdən 17.05.2011-ci il tarixədək “X2” şirkətində sürücü vəzifəsində işləməsinə dair iş illərinin sığorta stajına daxil edilərək ona 13.06.2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 13.06.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur, 13.06.2020-ci il tarixdə 64 il 6 ay yaşından pensiya yaşına çatmış və bununla əlaqədar olaraq pensiyaya çıxmaq istəyir. Ona görə də o, müvafiq sənədləri toplayıb, o cümlədən işləməsinə dair əmək kitabçasını cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Onun 39 il sığorta stajı vardır, lakin cavabdeh tərəfindən 32 il 4 ay sığorta stajı nəzərə alınmaqla 13.06.2020-ci il tarixdən 200 manat məbləğində pensiya təyin edilmişdir. Lakin o, həmin pensiyanı ala bilməmış, cavabdeh tərəfindən əsassız olaraq onun pensiyası dayandırılmış, ləğv edilmiş və 130 manat məbləğində müavinət təyin edilmişdir. Belə ki, cavabdeh əsassız olaraq pensiya təyin edilməsindən imtina edərək iş stajının 25 ildən az təşkil etdiyini bildirmişdir. Onun 01.07.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi «X2» şirkətinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajını araşdırmaq və onun sosial sığorta stajına əlavə etmək mümkün hesab edilməmişdir. Ona görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, onun 39 il iş stajının olmasını təsdiq edən əmək kitabçası olduğu halda ona pensiya təyin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçıya 20.11.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Təqdim edilmiş sənədlərə əsasən onun cəmi iş stajı 19 il 5 ay 10 gündür. İddia tələbinə əsasən iddiaçı 01.07.1993-cü il tarixdən 10.06.1996-cı il tarixədək “Maştağa təsərrüfat hesablı avtomobil müəssisəsi”ndə 3-cü dərəcəli sürücü, 10.06.1996-cı il tarixdən 17.05.2011-ci il tarixədək “X2” şirkətində sürücü vəzifəsində işlədiyini iddia edir. Lakin aparılmış araşdırma nəticəsində həmin müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmamış və 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı aşkar edilmişdir. Bu hallar iddiaçının iddia etdiyi dövrlərin sığorta stajına daxil edilməməsi üçün əsas olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə müvafiq olaraq 13.06.2020-ci il tarixdə yaranmışdır. İddiaçının ümumi iş stajı 19 il 05 ay 10 gün, pensiya kapitalının məbləği 16357,77 manatdır. Qeyd edilən Qanunun müddəalarına əsasən tələb olunan sığorta stajı və pensiya kapitalı ödənmədiyindən iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İşin hərtərəfli araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 23.02.2021-ci il tarixli sorğu ünvanlanmış, 04.03.2021-ci il tarixli cavab məktubunda “X2” müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Eləcə də DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məlumata əsasən İddiaçı 01.01.2006-cı il tarixdən 17.05.2011-ci il tarixədək olan məlumatları “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə qeyd olunmadığı üçün sığorta olunanın məlumatları öz əksini tapmamışdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, iddiaçının xeyrinə 01.01.2006-cı il tarixindən 17.05.2011-ci il tarixədək hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Əmək kitabçasındakı qeydlərdə iddiaçının 10.06.1996-cı il tarixdən 17.05.2011-ci il tarixədək “X2” müəssisəsində sürücü vəzifəsində işlədiyi göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi iddiaçı 17.05.2011-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”də onun adına ödənilən məcburi dövlət sosial sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Zəruri məqamlardan biri də odur ki, “Kommersiya qurumlarının dövlət reyestri məumatları” alt sisteminə daxil edilmiş məlumatlarda “X2” ASC-nin dövlət qeydiyyatına alındığı tarix 08.01.2003-cü il kimi qeyd edilmişdir. Müəssisənin 2003-cü ildə qeydiyyatdan keçdiyini nəzərə alaraq iddiaçının 1996-cı ildə həmin müəssisənin sürücüsü vəzifəsində işləməsi mümkün deyildir. Bu kimi faktlar iddiaçının həmin müəssisədə işləmədiyini göstərən əsas sübutlardandır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 13.11.1976-cı ildən 26.11.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11.12.2020-ci i tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bir daha bildiririk ki, 19.06.2020-ci il tarixli müraciətiniz zamanı təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin ümumi iş stajınız 25 ildən az təşkil edir. Belə ki, 01.07.1993-cü il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyiniz “X2” şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajını araşdırmaq və Sizin sosial sığorta stajınıza əlavə etmək mümkün hesab edilmir. Həmçinin bildiririk ki, 01.01.2006-cı ildən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 13.08.2020-ci i tarixli məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq Sizə 13.06.2020-ci il tarixindən əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 32 il 4 ay sığorta stajı nəzərə alınaraq 167,11 manat məbləğində pensiya hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 12 iyul 2019-cu il tarixli 1650-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə uyğun olaraq Sizin əmək pensiyanız 200,00 manat məbləğində müəyyən edilmişdir. Plastik kartın alınması üçün qeydiyyatda olduğunuz rayon üzrə "xxxx" ASC-nin müvafiq filialına müraciət etməyiniz xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən DSMFnin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 04.03.2021-ci il tarixli məktubundan görünür ki, «X2» müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.02.2021-ci il tarixli məktubdan görünür ki, Maştağa təsərrüfat hesablı avtomobil müəssisəsinin və X2 şirkətinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan görünür ki, “X2” ASC 08.01.2003-cü ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2021-ci il tarixli məktubda qeyd edilir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Maştağa Təsərrüfat hesablı Avtomobil Müəssisəsi”, “X2” Müəssisəsi barədə məlumatın verilməsırıə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, idarədə olan reyestrdə “Maştağa Təsərrüfat hesablı Avtomobil Müəssisəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Bundan əlavə bildiririk ki, İdarədə olan reyestrə əsasən “X2” Müəssisəsi qeydiyyat qovluğunda olan sənədlər sizə göndərilir. Eyni zamanda bildiririk ki, “X2” Müəssisəsi 08.07.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır və şirkətin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk kı, hüquqi şəxsin fəaliyyət göstərib-göstərməməsi barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. İş materiallarında olan İddiaçı məxsus 26.07.1972-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1971-ci ildən 20.07.1972-ci ilədək 37 saylı politexnik məktəbdə təhsil almış, 26.07.1972-ci ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 10 nömrəli mərkəzi avtomobil nəqliyyatı kontorunda 2-ci dərəcəli avtoçilingər qəbul edilmiş, 01.11.1973-cü ildə 3-cü dərəcə avtoçilingər dərəcəsi verilmiş, 29.08.1974-cü ildə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 23.12.1974-cü ildə işdən azad edilmiş, 17.01.1975-ci ildə Bakı sanitar kommunikasiya nəqliyyat şöbəsində 1-ci dərəcəli çilingər qəbul edilmiş, 30.01.1975-ci ildə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul olunmuş, 18.10.1976-cı ildə orduya getməsi ilə əlaqədar işdən azad edilmiş, 13.11.1976-cı ildən 21.11.1978-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 01.02.1979-cu ildə Abşeron bitki təsərrüfat şöbəsində SUN-MMZ-554 avtomaşınına 3-cü dərəcəli sürücü təyin edilmiş, 17.04.1984-cü ildə Bakı Nəqliyyat Müəssisəsinin sərəncamına köçürülmüş, 17.04.1984-cü ildə Azərbaycan SSR X10 Texnikası PATO Bakı TM-da Azərbaycan SSR X10 Texnikası Abşeron DKTT-dan köçürmə qaydasında 3-cü dərəcə sürücü vəzifəsinə qəbul edilmiş, 02.07.1984-cü ildə işdən azad edilmiş, 23.07.1984-cü ildə 7 nömrəli Bakı taksimotor parkında BC kateqoriyalı sürücü qəbul edilmiş, 29.10.1984-cü ildə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus 25.03.1985-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 25.03.1985-ci ildə 7 nömrəli Bakı taksimotor parkında BC kateqoriyalı sürücü qəbul edilmiş, 17.01.1986-cı ildə işdən azad edilmiş, 23.01.1986-cı ildə Azərittifaqın Bakı avtomobil bazasında Maştağa dəstəsinə 3-cü dərəcəli sürücü qəbul olunmuş, 10.02.1986-cı ildə işdən azad edilmiş, 07.04.1986-cı ildə Azərbaycan SSR X10 Texnikası Komitəsi PATO Bakı Nəqliyyat Müəssisəsində Zabrat avtomobil dəstəsinə 3-cü dərəcə sürücü qəbul edilmiş, Ləğv edilmiş Azərbaycan SSR X10 Texnikası Komitəsi PATO Bakı Nəqliyyat Müəssisəsinin adı dəyişdirilərək Azərbaycan SSR X13 Nəqliyyat Komitəsinin "xxxx" RPATO Bakı Nəqliyyat Müəssisəsi olmuşdur, 01.09.1989-cu ildə işdən azad edilmiş, 01.09.1989-cu ildə «Elektromexanizasiya» Trestinin 4 №-li avtonəqliyyat dəstəsi mərkəzi qaraja 3-cü dərəcəli sürücü qəbul edilmiş, 03.02.1992-ci ildə işdən azad edilmişdir, 03.02.1992-ci ildə “Xidmət” k/m-ə köçürmə yolu ilə qəbul edilmiş, 30.12.1992-ci ildə işdən azad edilmiş, 04.01.1993-cü ildə Maştağa İAİM-ə köçürmə yolu ilə sürücü qəbul edilmiş, 01.07.1993-cü ildə işdən azad edilmiş, 01.07.1993-cü ildə Maştağa təsərrüfat hesablı avtodəstəsinə 3-cü dərəcəli sürücü qəbul edilmiş, 10.06.1996-cı ildə işdən azad edilmiş, 10.06.1996-cı ildə “Xəzər” ixtisaslaşdırılmış nəqliyyət müəssisəsi Maştağa TH İİM-dən köçürülmə yolu ilə 2 №-li md. sürücü təyin edilmiş, 17.05.2011-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2019 - 30.06.2020, kişilər üzrə pensiya yaşı 64 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 01.09.1971-ci ildən 20.07.1972-ci ilədək 37 saylı politexnik məktəbdə təhsil almış, 13.11.1976-cı ildən 26.11.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 26.07.1972-ci ildən 23.12.1974-cü ilədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 10 nömrəli mərkəzi avtomobil nəqliyyatı kontorunda, 17.01.1975-ci ildən 18.10.1976-cı ilədək Bakı sanitar kommunikasiya nəqliyyat şöbəsində, 01.02.1979-cu ildən 02.07.1984-cü ilədək Abşeron bitki təsərrüfat şöbəsində, 23.07.1984-cü ildən 29.10.1984-cü ilədək 7 nömrəli Bakı taksimotor parkında, 25.03.1985-ci ildən 17.01.1986-cı ilədək 7 nömrəli Bakı taksimotor parkında, 23.01.1986-cı ildən 10.02.1986-cı ilədək Azərittifaqın Bakı avtomobil bazasında Maştağa dəstəsində, 07.04.1986-cı ildən 01.09.1989-cu ilədək Azərbaycan SSR X10 Texnikası Komitəsi PATO Bakı Nəqliyyat Müəssisəsində Zabrat avtomobil dəstəsində, 01.09.1989-cu ildən 03.02.1992-ci ilədək «Elektromexanizasiya» Trestinin 4 №-li avtonəqliyyat dəstəsi mərkəzi qarajda, 03.02.1992-ci ildən 30.12.1992-ci ilədək “Xidmət” k/m-də, 04.01.1993-cü ildən 01.07.1993-cü ilədək Maştağa İAİM-də, 01.07.1993cü ildən 10.06.1996-cı ilədək Maştağa təsərrüfat hesablı avtodəstəsində, 10.06.1996-cı ildən 17.05.2011-ci ilədək “Xəzər” ixtisaslaşdırılmış nəqliyyət müəssisəsində işləmişdir. Məhkəmə hesab edir ki, iddiaçının texniki məktəbində təhsil aldığı müddət sosial sığorta stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, həqiqi hərbi xidmət və təhsil müddəti daxil olmaqla, iddiaçı 25 ildən artıq staja (38 il 09 ay 06 gün) malikdir. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaş 6 ayının tamam olduğu vaxtdan - 13.06.2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh 01.07.1993-cü il tarixdən 10.06.1996-cı il tarixədək Maştağa təsərrüfat hesablı avtodəstəsində, 10.06.1996-cı il tarixdən 17.05.2011-ci il tarixədək “Xəzər” ixtisaslaşdırılmış nəqliyyət müəssisəsində iddiaçının işlədiyi dövrün faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı qeyd olunan tarixlərdə həmin iş yeri və vəzifələrdə işləmişdir. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2021-ci il tarixli məktubdan görünür ki, “X2” Müəssisəsi 08.07.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır və şirkətin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçının 01.07.1993-cü il tarixdən 10.06.1996-cı il tarixədək Maştağa təsərrüfat hesablı avtodəstəsində olan stajı (02 il 11 ay 10 gün) nəzərə alınmasa belə, onun ümumi iş stajı 25 ildən çoxdur. Beləliklə, iddiaçı hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 64 yaşı 6 ayı 13.06.2020-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 13.06.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar