Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3856/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 10 fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X2, ailəsi ilə birgə (həyat yoldaşı) İddiaçı2, qızı və azyaşlı övladları İddiaçı5, İddiaçı6, İddiaçı4, İddiaçı3, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, DSK yolu, döngə 10 fərdi evdə qcydiyyatsız yaşayırlar. Həmin ünvanda yaşadıqları üçün hemin evə qeydiyyata düşmək istəyirlər. Bu məqsədlə o, ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli, 059-34012A-3222 saylı məktubla tələbini təmin etməkdən imina etmişdir. İmtina məktubunda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunmuş, məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir.
3. Binəqədi Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilməsdir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınmaz qanunamüvafiq deyildir.
4. İddiaçı hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri, Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarını təqdim etmişdir. Həmin qərara əsasən Biləcəri qəsəbəsi yaşayış məntəqələri hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsinin X1 adından İddiaçı1 adına sənədləşdirilməsi qərar alınmışdır.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
II. İddianın növü və mümkünlüyü
6. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
7. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. CMS-AZEMİS məlumat axtarış sistemindən olan məlumata əsasən İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı3 ünvan 3 ünvanında, İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
14. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmalarını tələb etdiyi evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
20. İddiaçıların ona aid olduğunu bildirdikləri evin ünvan göstəricisi yoxdur və odur ki, məhkəmə hesab edir ki, həmin ünvan ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur.
21. Lakin məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq Binəqədi rayonunun inzibati ərazisində qeydiyyatsız yaşayırlar. Belə ki, şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Şəxsiyyət vəsiqəsinin deaktiv statusu vətəndaşın dövlət və cəmiyyət qarşısında qeyd edilən vəzifələrini icra etməsi və ya konstitusion hüquqlarını həyata keçirmə imkanını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. İddiaçıların (şəxsiyyət vəsiqələri deaktiv edildiyi təqdirdə) polisin inzibati binasında qeydiyyatlarının saxlanması (yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaması) hüquqları vardır.
22. Lakin iddiaçıların hazırda yaşayış yeri üzrə qeydiyyatları mövcud olduğundan iddianın təmin edilməməsi onlar üçün hər hansı əlverişsiz vəziyyət yaratmır.
23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva