Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3859/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil Hacıbaba oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Maştağa tərəvəzçiliksüdçülük sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 141-ci siyahıda qeyd edilməklə istifadə və sahibliyə verilmiş Nardaran qəsəbəsi, Maştağa tərəvəzçilik-südçülük ərazisində yerləşən 0.12,5 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxs X6 məxsus olmasına dair çıxarışın (arayışın) ona verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa tərəvəzçilik-südçülük ərazisində iddiaçının mərhum atası X7 0.12,5 ha torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçilik-südçülük sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 141-ci siyahıda atasının adı qeyd edilmişdir. İstifadəyə ayrılmış 0.12,5 ha torpaq sahəsinin sxemi tərtib edilmiş və Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 50 ildən artıq müddətdir ki, sahiblik və istifadəsindədir. Qanun üzrə atasının vərəsəsi iddiaçı olduğundan Nardaran qəsəbəsi ərazisində yerləşən 0.12.5 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X7 məxsus olmasına dair çıxarışın (arayışın) İddiaçı verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici səndələr əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətin icrasından imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin müraciətin icrasından imtinası əsassızdır, xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 141-ci siyahıda torpaq sahəsinin X3 adına qeyd edilməsi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir.
3. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, “Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 141 saylı siyahıda hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 141 saylı siyahıda hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir.
5. Ədliyyə Nazirliyinin ünvan ünvanlandığı xx.xx.2022-ci il tarixli 614 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 qalmış miras əmlaka dair vərəsəlik hüqu haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun vərəsəsi oğlu - İddiaçı Haçıağa oğlunun Bakı şəhər 15 saylı notariat ofisinə müraciətləri daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Qanunvericili uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnun təsdiq edən sənəd təqdim edilkdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X8 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrind çıxarışını vərəsə - X1 vasitəsilə Bakı şəhər 15 saylı notariat ofisinə göndərməyi xahiş edilmişdir.
6. Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli H-913 nömrəli məktubunda qeyd edilmişdir ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (141) siyahıda vətəndaş X3 adına 0-12,5 ha. şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,125 ha, faktiki 0,142 ha təşkil edir. Torpaq sahəsi ümumi hasar daxilindədir. 3 tərəfi hasar, 1 tərəfi şərtidir. Tikili yoxdur.
8. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-18/2-Ə-287- 081/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş 5-18/1-Ə-287-091/2024 saylı xx.xx.2024-cü il tarixli ərizə ilə əlaqədar Maştağa tərəvəzçilik-südçülük sovxozunun 04 fevral 1964-cü il tarixli qaytalanmış torpaq kitabına əsasən 141 saylı siyahıda olan X7 ayrılmış 1250.0 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya göndərilmişdir.
9. Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 141 saylı siyahıda olan X6 ayrılmış 1250,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1250,0 kv.m. torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü ilə tarixli məktubu ilə Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən İddiaçı adı olan 141 saylı siyahının təsdiq edilmiş surəti təqdim edilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-nin 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Maştağa tərəvəzçiliksüdçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaş X6 fərdi yaşayış evinin tikintisi üçün 0.125 ha torpaq sahəsi ayrılmışdır, həmin şəxs isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 15 saylı Notariat Ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.
25. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
32. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
33. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum atasına qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
34. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında (141) siyahıda X5 adına 1250.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair sənədlərin ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
35. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, cavabdehin imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında X6 0.125 ha torpaq sahəsi ayrılmış, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin plan-cizgisi təsdiq edilmişdir. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil.
37. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabından çıxarışda hüquq sahibi kimi “X10” qeyd olunsa da, ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, şəxsin adı X9r, odur ki, torpaq kitabından çıxarışının tərtibatı zamanı texniki səhv olmuşdur.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nardaran qəsəbəsi Maştağa tərəvəzçilik-südçülük ərazisində yerləşən 1250.0 kv.metr torpaq sahəsi üzərində mərhum X5 xüsusi mülkiyyət hüququna dair arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva