Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3860/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi istifadəsində göstərilməklə, fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/81 saylı sərəncamına əsasən Bakı şəhəri, G.Şıxlınski küçəsi 16 saylı evin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin Bakı şəhəri Xətai RİH başçısıın xx.xx.2005-ci il tarixli, 57 saylı məktubu ilə adıkeçən ünvanda 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan başqa fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin cizgi plan tərtib edilmişdir. Həmçinin tərəfindən tikilmiş fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Tərəfindən hüquqmüəyyənedici sənədlər toplanaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına qeydiyyata alınması məqsədlə müvafıq sənədlə cavabdeh orqana müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən formal mülahizələrə istinad olunaraq, əsassız olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bir mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpası üçün son ümid yeri kimi məhkəməyə müraciət edilməsini və ədalətli qərar qəbul edilməsinə inamı sonsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli, ********** nömrəli tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən iddia ərizəsində iddiaçının adında uyğunsuzluq mövcuddur. Elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış, tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin yerləşmə sxeminə əsasən, perimetrik ölçülərində ciddi uyğunsuzluqlar aşkar edilmişdir. Bununla yanaşı fərdi yaşayış evinin layihəyə uyğun olmadığı, əlavə torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş fərdi yaşayış evinin layihəsində lisenziya yoxdur. Torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 300,0 kvm. olsa da faktiki olaraq torpaq sahəsi 629,0 kvm.-dir. Qeyd olunan səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********95 saylı cavab məktubu ünvanlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. 6.5-ci maddəsinin əvvəlki redakiyasında deyilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: "Daşmmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı X11 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Füzuli rayonu, Aybasanlı kəndində doğulmuşdur, yaşayış yeri ünvan 3 ünvanıdır. - Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən Xətai Bələdiyyəsinə ünvanlanmış N-57 №-li, xx.xx.2005-ci il tarixli məktubun surətindən görünür ki, General Şıxlinski küçəsi 1b, mənzil 121-də yaşayan X9 müraciət edərək ağır mənzil şəraitini və özünə məxsus yaşayış evinin olmadığını nəzərə alaraq ona yaşadığı ünvana yaxın ərazidə, General Şıxlinski küçəsi 16 saylı evin yaxınlığında fərdi yaşayış evi tikintisinə 0,03 ha torpaq sahəsi ayrılaraq fərdi yaşayış evi tikintisinə icazə verilməsini xahiş etmişdir. Qeyd edilən ünvanda, fərdi yaşayış evləri tikilən məhəllədə məhəllənin baş planına uyğun olaraq X3 fərdi yaşayış evi tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılaraq fərdi yaşayış evi tikintisinə icazə verilməsini məqsədə müvafiq hesab edib qanunauyğun şəkildə sənədləşdirilməsi üçün onların müzakirəsinə təqdim edilmişdir. - Bakı şəhəri, Xətai rayon Bələdiyyəsinin “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 05/81 nömrəli, 18 iyul 2005-ci il tarixli sərəncamının surətindən görünür ki, iclas Xətai rayon İcra Hakimiyyətinin N-57 saylı, xx.xx.2005-ci il tarixli razılıq məktubunu, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, X13 Məsələləri daimi komissiyasının 15 iyul 2005-ci il tarixli qərarını əsas tutaraq vətəndaş X2 adına təsdiq olunmuş cizgi planına uyğun olaraq G.Şıxlınski küçəsi 16 saylı evin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmasına sərəncam verilmişdir. - İyul 2005-ci il tarixli, BÜB/1 835185 №-li kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X10 torpaq alqı-satqısı üçün ******* (altı milyon iki yüz qırx min) manatı Xətai rayon Xətai Bələdiyyəsinin hesabına mədaxil etmişdir. - Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən X8 verilmiş 04/234 №-li, 16 oktyabr 2018ci il arayışın surətindən görünür ki, onun Xətai rayon bələdiyyəsinə torpaq alqı-satqısı ilə əlaqədar ödədiyi pul vəsaitinə dair iyul 2005-ci il tarixli kassa mədaxil orderinin BUB/1 835185 saylı qəbzi bələdiyyə arxivində saxlanmadığından (ləğv edildiyindən) onun təsdiq edilmiş surətini vermək imkanları xaricindədir. Qeyd: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2016-cı il 12 aprel tarixli, 3/1 №-li qərarına əsasən kassa mədaxil orderlərinin saxlanma müddəti 3(üç) il olduğundan 2005-ci ilin kassa mədaxil orderləri məhv edilmişdir. - Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən X8 ünvanlanmış 01/191 nömrəli, xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, onun Xətai rayon Xətai bələdiyyəsinə torpaq sahəsinin alqı-satqı aktının surətinin verilməsinə dair ünvanladığı 13 sentyabr 2018-ci il tarixli, 03/144 saylı ərizəsinə bələdiyyədə baxılmışdır. Məlumat üçün bildirilir ki X8 18 iyul 2005-ci il tarixdə verilmiş 05/81 saylı qərara dair bələdiyyədə alqısatqı aktı aşkar olunmamışdır. - Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq edilmiş Xətai rayon Gen.Şıxlinski küçəsi, 2942B saylı məhəllədə vətəndaş Nəsirova (Ərəbova) Nüşabə Qədir qızına məxsus iki mərtəbəli yaşayış evinin layihəsinin surətindən görünür ki, hündürlüyü 11,0 m. olmaqla kürsülü, iki mərtəbəli, mansardlı yaşayış evinin ümumi sahəsi 526,2 kvm., yaşayış sahəsi 168,3 kvm., köməkçi sahəsi 357,9 kvm.-dən ibarətdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 09/3-200 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Xətai bələdiyəsinin xx.xx.2005-ci il tarixli, 05/81 №-li sərəncamı X4 aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli, BA-05740-2021 №-li məktubdan görünür ki, Xətai rayon Xətai Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli, 05/81 saylı sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Xətai rayon Bələdiyyəsinə müraciət edilməsi xahiş olunur. - Bakı şəhəri, Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 02/145 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Xətai rayon İcra Hakimiyyətinin N-57 nömrəli, xx.xx.2005-ci il tarixli məktubu nəzərə alınaraq Xətai rayon Xətai Bələdiyyəsinin 05/81 nömrəli, 18 iyul 2005-ci il tarixli sərəncamına əsasən Nəsirova (Ərəbova) Nüşabə Qədir qızına adına təsdiq olunmuş cizgi planına uyğun olaraq G.Şıxlınski küçəsi 16 saylı evin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********95 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2942b saylı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair ləğv edilmiş DTXK-si tərəfindən təsdiq edilən alqısatqı aktı əlavə olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin təqdim edilən yerləşmə sxeminə əsasən perimetrik ölçülərində uyğunsuzluq aşkar edilmişdir. Həmçinin fərdi yaşayış evinin layihəyə uyğun olmadığı, əlavə torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin N-57 nömrəli, xx.xx.2005-ci il tarixli məktubu nəzərə alınaraq Xətai rayon Xətai Bələdiyyəsinin 05/81 nömrəli, 18 iyul 2005-ci il tarixli sərəncamına əsasən X5 adına təsdiq olunmuş cizgi planına uyğun olaraq G.Şıxlınski küçəsi 16 saylı evin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Nəsirova (Ərəbova) Nüşabə Qədir qızı tərəfindən həmin ünvanda 639,0 kvm. torpaq sahəsində kürsülü, iki mərtəbəli, mansardlı, ümumi sahəsi 526,2 kvm., yaşayış sahəsi 168,3 kvm., köməkçi sahəsi 357,9 kvm.-dən ibarət fərdi yaşayış evi inşa edilmişdir. Nüşabə Ərəbovanın həmin yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinə dair ləğv edilmiş DTXK-si tərəfindən təsdiq edilən alqı-satqı aktının əlavə olunmaması, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin təqdim edilən yerləşmə sxeminə əsasən perimetrik ölçülərində uyğunsuzluq aşkar edilməsi, həmçinin fərdi yaşayış evinin layihəyə uyğun olmadığı, əlavə torpaq sahəsində inşa edildiyinin müəyyən edilməsi, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (sərəncam verilən zaman qüvvədə olan redaksiyası) - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. - 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarfnın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (sərəcam verilən zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 13-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir. - 15-ci bəndinə görə bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (sərəncamın verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırılması zamanı iddiaçı X8 adına təsdiq olunmuş cizgi planına uyğun olaraq G.Şıxlınski küçəsi 16 saylı evin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsinin ayrılmasına dair Xətai rayon Xətai Bələdiyyəsinin 05/81 nömrəli, 18 iyul 2005-ci il tarixli sərəncamı verilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (bələdiyyə qərarının qəbulu, torpağın bələdiyyənin mülkiyyətində olması, alqı-satqı müqaviləsinin bağlanması, müvafiq orqanların rəylərinin alınması) müəyyən edilmişdir. Bundan əlavə Xətai rayon Xətai Bələdiyyəsinin 05/81 nömrəli, 18 iyul 2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya 0,03 ha. torpaq sahəsi ayrılsa da iddiaçı faktiki olaraq 0,06 ha. torpaq sahəsindən istifadə edir ki, qalan 0,03 ha torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bundan əlavə 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin və ya yaşayış evinin istismara qəbul aktının; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin, 2013-cü ilin yanvarın 1-dən sonra inşa edilmiş məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədin mövcud olması həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı X6 ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində istifadə hüquqlarına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində, həmin torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyət huquqlarının qeydə alınmasını istədiyi fərdi yaşaylış evinə dair isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9 və 8.0.10-ci maddələrində nəzərdə tutulmuş sənədlərdən hər hansı biri nə inzibati icraat, nə də məhkəmə icraatında təqdim edilməmiş, eləcə də belə sənədlərin mövcudluğu və məhkəmə icraatına təqdim edilməsi ilə bağlı hər hansı müvafiq vəsatət verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X6 ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın onun müraciətini təmin etməməsi qanuni və əsaslı olmaqla ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3860/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3860/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver