Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3861/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına” qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına”na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafıə nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafıq vəsiqələrinin verilməsi üzrə komissiyasının üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ilin dekabr ayından 1994-cü ilin aprel ayına qədər könüllü olaraq Milli Müdafıə Komitəsinin döyüşçüləri və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə və 1991-ci ildə dövlət tərəfindən yeni yaradılmış hərbi hissə əməkdaşları ilə birlikdə ermənistan respublikası ilə sərhəd bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. Bundan başqa həm də qeyd etmişdir ki, ona Çernobl iştirakçısı kimi 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Lakin onun Naxçıvan M.R. sərhəd bölgələrində gedən döyüşlərdə iştirak etməyi barədə həmin illərdə hərbi biletə qeyd etmək elə ciddi hesab edilmədiyindən hərbi biletində hər hansı bir qeyd aparılmamışdır. Buna görə də ona müharibə veteranı vəsiqəsi verilməmişdir. Bu səbəbdən də o, Şahbuz rayon məhkəməsinə Ermənistan Respublikası ilə sərhəd bölgələrində gedən döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Şahbuz rayon məhkəməsində həmin faktın tanınması barədə 08 dekabr 2016-cı il tarixli, 2(090)-346 nömrəli qətnamə qəbul olunsa da ona yeni nümunəli müharibə veteranı vəsiqəsi verilməmişdir. Odur ki, o, qeydiyyatda olduğu yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon idarəsinə müraciət etmişdir. Lakin müraciətinə cavab verilmədiyindən o, təkrarən müraciət etmək məcburiyyətində qalmışdır və sonda ona şifahi olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafıə Nazirliyinə müraciət etməlidir. O, Azərbaycan Respublikası Müdafıə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafıq vəsiqələrinin verilməsi üzrə komissiyaya yeni nümunəli müharibə veteranı vəsiqə ilə təmin olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bir neçə dəfə yazılı müraciət etmişdir və sonuncu ona göndərdikləri rəsmi imtina məktubunu göndərmişdir. Azərbaycan Respublikası Müdafıə Nazirliyindən ona ünvanlanmış sonuncu 05.01.2021-ci il tarixli, №l/R-82 saylı məktubda müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası ona müharibə veteranı adı və vəsiqəsi verməkdən açıq-aşkar yayınır. Halbuki DİN-nin o zaman ona verdiyi rəsmi arayış da və Şahbuz rayon Məhkəmə qətnaməsi ilə onun döyüşlərdə xidmət etməyi tam rəsmi sübut olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflər xəbərdar edilsələr də hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış 05.01.2021-ci il tarixli, 1/R-82 nömrəli məktubdan görünür ki, təqdim olunmuş sənədlərdə hərbi qulluqçu qismində Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissənin tərkibində və döyüşlərdə xidmət etməyi pz təsdiqini tapmadığından və Şahbuz rayon məhkəməsinin 08.12.2016-cı il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsəduyğun deyildir. - Şahbuz rayon Polis Şöbəsinin rəisi trəəfindən verilmiş 02.2000-ci il tarixli, 127 nömrəli arayışın surətindən görünür ki, Badamlı kənd sakini İddiaçı həqiqətən 1988-92-ci illər ərzində torpqalarımızın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. - Şahbuz rayon məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilərək İddiaçı 1989- 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə könüllü dəstələrdə iştirak etməsi faktı müəyyən edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. - 2-ci hissəsinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinciyeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. - 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. - 4-cü hissəsinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şahbuz rayon məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsinə əsasən İddiaçı 1989- 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə könüllü dəstələrdə iştirak etməsi faktı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən İddiaçı müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən baxılmalı və həmin komissiyanın verdiyi rəy məhkəmə qaydasında mübahisələndirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı buna öz razılığını bildirməyərək məhkəməyə təqdim etdiyi tələbi üzrə işə baxılmasını təkid etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinin tələblərinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən müvafiq tələblə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3861/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3861/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver