Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3862/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) qapalı şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona “Müharibə Veteranı" adının və buna dair müvafiq vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək, bildirmişdir ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclaslarında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün iddiaçının adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmət keçmək üçün Nərimanov SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmışdır. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əkshücum əməliyyatlarında iştirak etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi üçün müraciət etmiş və cavabında Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində ünvana təqdim ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə hərbi hissə komandiri, polkovnik Lətif Mahmudova müraciət olunmuş və qeyd edilən məlumatların tələb olunan ünvana göndərildiyini bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı “Müharibə Veteranı" adının və Vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2024-cü il tarixli iclaslarında baxılmış və barələrində müsbət qərar qəbul edilmədiyi, həmçinin, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Cavabdehməhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad edərək, göstərmişdir ki, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan N nömrəli Hərbi Hissə Komandirinin 687 nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, qərara alınmışdır ki: 1.N nömrəli hərbi hissə - tərkibində KM - Gəncə, N -ci divizion - Zəlimxan, 2-ci divizion - Təzəkənd, 3-cü divizion - Könüllü, 4-cü divizion - Səməd Vurğun, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası Əlimərdanlı və 41-ci batareyası Pirili olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin N -ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, Gəncə şəhərini və Gəncə beynəlxalq hava limanını, Dəllər aerodromunu, Şəmkir və Yenikənd su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etmiş, ölkə dərinliklərinə irəliləməsinə yol vərməmiş, onun taktiki hava desantlarını havada məhv etmiş, əsas səylərini İcevan Qazax-Şəmkir, Berd - Tovuz -Şəmkir, Vardenis - Gədəbəy- Şəmkir, Vardenis - Daşkəsən- Gəncə, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirsin. Döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilsin. 2.Maddi-texniki təminat bölüyü - Göygöl-Gəncə-Şəmkir-Qapanlı-Miskinli- Köbər- Səməd Vurğun-Ağstafa-Zəlimxan marşrutu ilə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin etsin AKM- dən verilən tapşırıqlara əsasən bölmələrin maddi vəsaitlər ilə təmin olunmasına hazır olsun. Cəlb edilmiş şəxsi heyət - N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün şəxsi heyəti “-əsgər İddiaçı. N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 94 saylı arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0110 və xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrləri ilə Maddi texniki təminat bölüyünün tərkibində döyüş fəaliyyətlərinə cəlb edilmişdir. Döyüş əməliyyatları zamanı arxa cəbhə təminatında bilavasitə iştrak etmişdir etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2- 7603/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, əsgər nəqliyyat taqımının sürücüsü İddiaçı N nömrəli hərbi hissənin tərkibində 27.09-xx.xx.2020-ci illərdə Hərbi Hava Qüvvələri komandanın xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri ilə Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında döyüş əməliyyatlarına cəlb edilmiş, bilavasitə iştirak edən quru qoşunlarını havadan dəstəkləyən, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən bölmələrin atəş altından çıxarılması üçün kömək edilməsi, ehtiyat mövqeyə çıxarılması və həmin bölmələrin təminatında iştirak edilməsi işləri ilə məşğul olmuşdur. İddiaçı hazırda qeyd edilən sənədlərə istinad edərək, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirsin, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməli;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının 27.09-xx.xx.2020-ci il tarixlərdə Hərbi Hava Qüvvələri komandanın xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri ilə Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında döyüş əməliyyatlarına cəlb edilmiş, bilavasitə iştirak edən quru qoşunlarını havadan dəstəkləyən, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən bölmələrin atəş altından çıxarılması üçün kömək edilməsi, ehtiyat mövqeyə çıxarılması və həmin bölmələrin təminatında iştirak edilməsi işlərini həyata keçirməsi hərbi hissənin əmrləri və arayışı ilə öz təsdiqini tapır. Belə olan halda müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adı verilməsi üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Cavabdehin imtinasında görünür ki, o, iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə istinad etmişdir. Lakin məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır, çünki ərazi meyarı həmin qərar ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin onuncu abzasında göstərilmiş, on birinci abzasda ərazi ilə bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Çünki həmin hissədə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluçular nəzərdə tutulmuşdur, hanısı ki, onlar havada mübarizə apardıqlarından xidmət etdikləri hərbi hissənin yerləşdiyi yer əhəmiyyətsiz olmuşdur. İddiaçının məhz Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında göstərilən meyarlara uyğun gəldiyini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunsun. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova