Məhkəmə qərarları › İş №2-1(112)-3863/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3863/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3863/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmət keçmək üçün Nərimanov SHXÇDX tərifindən hərbi xidmətə çağırılmışdır. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatlarında iştirak etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi üçün müraciət etmiş və cavabında Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində ünvana təqdim edilməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə hərbi hissə komandiri, polkovnik Lətif Mahmudova müraciət olunmuş və qeyd edilən məlumatları tələb olunan ünvana göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclaslarında baxılmış və barələrində müsbət qərar qəbul edilmədiyi, həmçinin 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 Sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının barəsində təqdim olunmuş aıayış-məlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-cı il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-cı il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N nömrəli hərbi hissənin arayış-məlumatından görünür ki, İddiaçı döyüş əməliyyatlarə aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə) X5 İdarəetmə məntəqəsinin nəzdində (Gəncə) olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmsasını və Gəncə, Göygöl, Şəmkir, Tovuz, Ağstafa istiqamətində yerləşən mühüm obyektlərin X5sinin təşkili zamanı hərbi hissənin komanda məntəqəsində döyüş işinin təşkil olunub aparılması, düşmən hava hücum vasitələrinin məhvi üçün döyüş heyəti tərkibində iriçaplı pulemyot heyəti kimi fəaliyyət göstərmiş, komanda məntəqəsinin mühafizəsini təmin etmişdir. Qarşıya qoyulan tapşırıqları yerinə yetirmiş, hədəflərin aşkarlanmasında və döyüş işinin aparılmasında iştirak etmişdir; N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 252 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı döyüşü idarəetmə bölməsinin pulemyot manqasının heyət nəfərimüşahidəçi təyin edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə əvvələr xidmət edən İddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsində N nömrəli hərbi hissənin 1-ci divizionun döyüşü idarəetmə bölməsində X5 fəaliyyətinə aid “pulemyot manqasında heyət nəfəri-müşahidəçi” qismində iştirak edib. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X5, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən irəli gələn nəticəyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, həmçinin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X5, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Nəzərə alınmalıdır ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarət olması və iddiaçının məhz Azərbaycan Hərbi Hava Qüvvələrinə aid X5 bölməsi tərkibində hərbi qullquçu kimi xidmət etdiyi nəzərə alınmadan, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət etdiyi ərazilərin (Gəncə şəhəri, Şəmkir, Ağstafa və Tovuz rayonları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiyinə əsaslanaraq iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə gödərilməsindən imtina edilmişdir. Halbuki, qeyd olunan Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında qeyd olunan tələblərindən göründüyü kimi heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X5, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusu ilə cavabdehdən İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə keçdiyi xidmətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin on birinci abzasında göstərilən fəaliyyətə (X5 və s.) aid olub-olmaması, aid deyilsə bunun səbəbləri barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, soröuya cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə əvvələr xidmət edən İddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsində N nömrəli hərbi hissənin 1-ci divizionun döyüşü idarəetmə bölməsində X5 fəaliyyətinə aid “pulemyot manqasında heyət nəfəri-müşahidəçi” qismində iştirak edib. Məhkəmə qeyd edir ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının xidmət etdiyi ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının xidmət etdiyi ərazilərdə X5 İdarəetmə məntəqəsinin nəzdində (Gəncə) olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmsasını və Gəncə, Göygöl, Şəmkir, Tovuz, Ağstafa istiqamətində yerləşən mühüm obyektlərin X5sinin təşkili zamanı hərbi hissənin komanda məntəqəsində döyüş işinin təşkil olunub aparılması, düşmən hava hücum vasitələrinin məhvi üçün döyüş heyəti tərkibində iriçaplı pulemyot heyəti kimi fəaliyyət göstərməsi, komanda məntəqəsinin mühafizəsini təmin etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar