Məhkəmə qərarları › İş №2-1(112)-3864/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3864/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3864/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Hüseynova Yasəmən Mikayıl qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayındəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 27 iyul 1995-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. Orta təhsilini həmin rayonda bitirdikdən sonra, ali təhsil almaq üçün 2012-ci ildə Gürcüstan Respublikasının Qori şəhərində yerləşən Suxişvili Tədris Universitetinə daxil olmuşdur. Ali təhsilini əyani şöbədə, içtimai elmlər fakültəsinin əczaçılıq ixtisası üzrə 2016-cı ildə bitirmişdir. Bu barədə ona STU 000380 saylı “bakalavr diploma” verilmişdir. Daha sonra iddiaçı tərəfindən aldığı ixtisas üzrə işlə təmin edilməsi və işsiz və xəstə olan Vətən müharibəsi qazisi ərini, anadangəlmə 1-ci qrup əlil və sağlamlıq imkanları məhdud olan qızını maddi cəhətdən təmin etməsi məqsədilə diplom üzrə ixtisasının tanınması üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmişdir. Müraciət baxılması üçün aidiyyatı üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yönləndirilmişdir. Həmin Agentliyin ona ünvanladığı məktubda qeyd edilir ki, müraciətin əsasında onun sərhəd gediş-gəliş məlumatları təkrar təhlil edilmiş, lakin aparılmış təhlil nəticəsində təhsil aldığı ölkə ərazisində tələb olunan müddət qarşılığında olmadığı müəyyənləşdirilmiş və xarici ali təhsil ixtisasının tanınmaması haqqında qərar qüvvədə saxlanılmışdır. Daha sonra ona tövsiyə edilmişdir ki, verilmiş cavab onu qane etmirsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra «Təhsil haqqında» Qanun qəbul edilmiş, daha sonra ölkə əhalisinin çox hissəsinin ali təhsil almasının təmin edilməsi üçün bir sıra ali məktəblər açılmışdır. Eyni zamanda, qonşu ölkələrlə Azərbaycan arasında təhsil sahəsində bir sıra müqavilələr bağlanmışdır. İddiaçı öz ali təhsilini Gürcüstanda almaq qərarına gələndə ilk növbədə öz ailəsinə daha yaxın olmağını nəzərə almışdır. Xaricdə təhsil dövründə yeni mühit, yeni insanlar, yeni fənlər, yeni müəllimlər, hər şey yenidir və 17 yaşlı gənc bir qız üçün bu daha da çətindir. O, ikinci kursu tam bitirdikdən sonra 2014-cü ilin payızında ailə həyatı qurmuşdur. Bu səbəbdən təhsil müəssisəndə 3-cü kursun birinci semestrində cəmi 38 gün iştirak etmişdir. Daha sonra 2014-cü ilin noyabr və dekabr aylarında əri ilə onun yaşadığı Rusiya Federasiyasının Maxaçkala şəhərində yaşamışdır. Lakin Maxaçkala şəhərində qaldıqları müddətdə 3-cü kursun 1-ci semestrinin tədris proqramını mənimsəmiş və 2015-ci ilin yanvar ayında imtahanlarını verərək növbəti semestrə buraxılmışdır. 2015-ci ilin yanvar ayının ikinci yarısından aprel ayına kimi yenə də əri ilə Maxaçkala şəhərində yaşamışdır. Həmin dövr ərzində keçirilmiş tədris kursunu mənimsəyərək 2015-ci ilin aprel, may, iyun və iyul aylarında qısa müddətlərlə “Universitetdə” olmuş və akademik borclarını ödəmişdir. 2015-ci ilin iyul ayının 26-da onun qız övladı doğulmuşdur. Uşaq doğulan zaman aldığı xəsarətdən (bud sümüyü çıxığı) və ixtioz xəstəliyinə tutulduğundan onun müalicəsinə və qayğısına qalmaq üçün 4-cü kursun 1-ci semestrində dərslərini məcburi olaraq 2 ay buraxmalı olmuşdur. Lakin 25 oktyabr 2015-ci ildə Universitetə gələrək, 6 gün ərzində, keçirilmiş proqramı mənimsəyərək qızının yanına qayıtmalı olmuşdur. Yenidən 3 yanvar 2016-cı ildən 9 yanvar 2016-cı ilə kimi dərslərdə iştirak edərək kursun qalan hissəsini də mənimsəmişdir. 4-cü kursun 1-ci semestrini bitirmək üçün 14 yanvar 2016-cı il tarixdə Universitetə gələrək akademik borclarını ödəmişdir. Lakin sonuncu semestrdə qızının xəstəliyi şiddətləndiyindən dərslərdə mütəmadi olaraq iştirak edə bilməmişdir. Buna baxmayaraq kursu mənimsəmək üçün 2016-cı ilin 31 mart, 14 aprel. 21 – 22 aprel, 18 iyun, 23 iyun. 4 iyul və 11 iyul tarixlərində Universitetdə olmuş və bütün akademik borclarını verərək tələb olunan sayda krediti ödəyərək ali təhsilini bitirmiş və ona bu barədə STU 000380 saylı bakalavr diplomu verilmişdir. Bütün təhsil müddətində o, yalnız 3-cü və 4-cü kursların dərslərinin bir hissəsində iştirak etməsə də, həmin dövr ərzində keçirilmiş bütün fənləri mənimsədiyi üçün Suxaşvili Tədris Universiteti bütün fənlər üzrə onun kreditlərini verdiyini diplomun əlavəsində qeyd etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh təşkilat yalnız onun xaricdə kifayət qədər olmadığını əsas gətirərək xarici ali təhsil ixtisasını tanımır. Göstərilənlərə və Azərbaycan Respublikası konstitusiyasının 42-ci maddəsinə, «Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında» Sazişin və «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın müddəalarına, İPM-in 2.2.2, 14.3, 33, 73.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 15.1, 19-cu maddələrinə, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nıln 1 və 3-cü bəndlərinə əsaslanaraq, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinasının qanunsuz sayılması və iddiaçının Gürcüstan Respublikasının Qori şəhərində yerləşən Suxaşvili Tədris Universitetində aldığı ali təhsil haqqında STU 000380 nömrəli 27 iyul 2016-cı il tarixli diplom üzrə ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya qarşı etiraza əlavəsində aşağıdakılar bildirilir: - İddiaçı X4 aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentiik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qänunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, AR Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bitər. Eyni zamanda, əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»na əsasən (3.2) ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi), təcrübələrdə iştirak etməsi, laboratoriya işlərini yerinə yetirməsi, kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi, imtahanlara hazırlığı və imtahanları verməsi, buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: məcburi və ardıcıl öyrənilən fənlər üzrə; məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Göstərilənlərə və AR Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 4.1-ci bəndinə, 13 may 2003-сü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, X3 iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsi məhkəməyə aşağıdakı məzmunda iddiaya qarşı yazılı etiraza əlavə təqdim etmişdir: - İddiaçı X5 aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür (İ il – 4 ay 18 gün, İİ il – 7 ay, İİİ il – 19 gün, İV il – 20 gün). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı gürcü dilini bilir və hazırda da ixtisası üzrə işləyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayındəsi X6 idiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı X7 Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini “əczaçılıq” ixtisası üzrə bitirməsi barədə STU 000380 nömrəli diplom verilmişdir. Həmin diplom Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada qiyabi təhsil almaq üçün tələb olunan tədris ili müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur, bununla da qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Hazırda iddiaçı inzibati orqanın imtinasını mübahisələndirir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatına cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş X4 barəsində “Sərhədkeçmə məlumatları”ndan görünür ki, X4 təhsil aldığı 2012 – 2016-cı illərdə yalnız Gürcüstan istiqamətində deyil, həm də Rusiya Federasiyası istiqamətində sərhəd keçid məntəqəsi vasitəsilə dəfələrlə və yetərli müddətdə Azərbaycan Respublikası hüdudlarından kənara getmişdir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 15 aprel 1997-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 4-cü maddəsinə görə tərəflər hər iki dövlətin təhsil müəssisələri tərəfindən təhsil, ixtisas, elmi dərəcə və adlar barədə 1992-ci ilin yanvarın 1-dən sonra verilmiş sənədlərin tanınması ilə bağlı məsələləri nizama salmaq üçün lazımi işlərin aparılması haqda razılığa gəldilər. Həmin Sazişin 8-ci maddəsinə görə tərəflərdən hər biri öz təhsil müəssisələrinə digər Tərəfin vətəndaşlarının mövcud qəbul qaydaları əsasında müsabiqə yolu ilə və ödənişli əsaslarla qəbul edilməsinə və onların kompensasiya əsasında təhsil almalarına etiraz etmir. Həmçinin qeyd olunmalıdır ki, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05.03.2004cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. «İnzibati icraat haqqında» AR Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, Gürcüstanın səlahiyyətli orqanı İddiaçı X7 Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini “əczaçılıq” ixtisası üzrə bitirməsi barədə verilmiş STU 000380 nömrəli diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının təhsil müəssisəsi olan ölkədə qısa müddətdə olması) imtina əsası kimi AR Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Cavabdeh tərəfin dəlilinə münasibətdə məhkəmə bir xüsusatı da qeyd edir ki, iddiaçı təhsil aldığı illərdə Gürcüstanda İ və İİ kursların hər birində cavabdeh orqanı qane edəcək dərəcədə yetərli müddətdə olmuşdur. İİİ və İV kurslarda həmin ölkədə qalma müddəti isə, həmin ərəfədə o, Rusiya Federasiyasında uzun müddət olduğundan və həmin ölkədən birbaşa Gürcüstana getmək imkanları da mövcud olduğundan, nə inzibati icraat çərçivəsində, nə də inzibati məhkəmə icraatında onun Gürcüstanda qalma müddətlərinin iddiaya qarşı yazılı etirazda göstərilən qədər olması təsdiqlənmir. İddiaçının aparılan inzibati icraatda tədris dili biliyinin qənaətbəxş səviyyədən aşağı olması da müəyyən edilməmişdir. Belə olan halda, onun diplomu üzrə ixtisasının tanınmaması «İnzibati icraat haqqında» AR Qanununun 17 və 24.2-ci maddələrinin tələbləri ilə uzlaşmır. Cavabdeh inzibati orqan iddiaçının təhsil illərində Gürcüstanda olduğu həmin dövrlərdə təhsil müəssisəsinin tədris yükünü yerinə yetirməsinin mümkün olmamasını formal şəkildə, yəni əsaslandırmadan imtina səbəbi kimi təqdim etmişdir. Halbuki, tədris yükünün yerinə yetirilməsi ölkədə qalma müddəti ilə müəyyən qədər mütənasib olsa da, onun əsas meyarı kimi təhsil alanın fərdi qabiliyyətini səciyyələndirən əlamətləri çıxış edir. Həmçinin bu halda, iddiaçının dil biliyinin yetorki səviyyədə olması ilə yanaşı, həm də ixtisasının profili (hunanitar fənn olmaması), eləcə də ixtisası üzrə işləməsi nəzərə alımmalıdır. Məhkəmə iddiaçının yuxarıda qeyd olunan müddətlərdə müvafiq təhsil müəssisəsinin tədris yününü məninməməsi qənaəti ilə razılaşmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, inzibati orqanın İddiaçı X7 Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini “əczaçılıq” ixtisası üzrə bitirməsi barədə verilmiş STU 000380 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinası qanunsuz sayılmalı və İddiaçı X7 Universitetinin “əczaçılıq” ixtisası üzrə STU 000380 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 14.3, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinası qanunsuz sayılsın. İddiaçı X7 Universitetinin “əczaçılıq” ixtisası üzrə STU 000380 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar