Məhkəmə qərarları › İş №2-1(112)-3864/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3864/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3864/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehin pensiya təyinatından imtinası barədə məktubun əsassız hesab edilməsi, İddiaçı güzəştli şərtlərlə pensiya təyininin qanunamüvafiq qaydada həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 26 oktyabr 2021-ci il tarixdən pensiya təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 20 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı qanunvericilikdə tələb olunan ümumi stajının azı 12 il 06 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmamışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 08 sentyabr 2022-ci il tarixli A/277 nömrəli arayışında xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındaki dövr ərzində Bakı Metropoliteninin Elektromexanika Xidmətində elektrik çilingəri, xx.xx.2007-ci il tarixindən bügünədək Eskalator distansiyasında eskalator maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü adıçəkilən şəxsin işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsinə uyğun deyil. Eyni zamanda onun işlədiyi eskalator maşinisti vəzifəsi yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. M.X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 il 10 ay 20 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər) təşkil edir, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 15 il 09 ay 25 gün sığorta stajı vardır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək daşıyıcı, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək daşıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quraşdırıcı, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək operator, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək maşınçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək operator, xx.xx.2004-cü il tarixdən elektrik çilingər, xx.xx.2007-ci il tarixdən eskalator maşinisti vəzifəsinə keçirilmiş və halhazıradək həmin vəzifədə işləmişdir. Elektron çıxarışa əsasən iddiaçının PSK-sı 45.770,17 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün iki əsas gətirmişdir:

1. İşlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulması;

2. İddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa mübahisələndirilən vəzifələrin Siyahıda nəzərdə tutulub-tutulmadığına qiymət verilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunmur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə yaş şərti ilə bağlı bildirir ki, iddiaçı 26.1.1961-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur ki, bu da onun yaş ilə bağlı şərtin ödənilməsini göstərir. Ümumi iş stajı ilə bağlı qeyd edir ki, hər nə qədər ümumi iş stajı ilə bağlı şərtin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq ümumi iş stajının nə qədər təşkil etdiyinə münasibət bildirilməsini zəruri hesab edir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək daşıyıcı, (01 il 01 ay) -xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək daşıyıcı, (02 il 01 ay 19 gün) -xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quraşdırıcı, (01 il 04 ay) -xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək operator, (02 il 03 ay 02 gün) -xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək maşınçı, (02 ay 14 gün) -xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək operator, (05 il 06 ay 01 gün) -xx.xx.2004-cü il tarixdən elektrik çilingər, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə eskalator maşinisti vəzifəsində işləmişdir. (17 il 06 ay 26 gün) Məhkəmə diqqətə çatdırır ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək daşıyıcı və xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quraşdırıcı vəzifəsində işlədiyi müddətin bir hissəsi üst-üstə düşür. Bu səbədən Məhkəmə, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında həmin dövrü kəsintisiz, yəni xx.xx.1983-xx.xx.1987 dövrü kimi nəzərə alır. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 01 il 11 ay 19 gün təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 60 yaşı tamam olduğu vaxtadək ümumi iş stajı 25 ildən (xx.xx.1980-xx.xx.1982 xx.xx.1982xx.xx.1983; xx.xx.1983- xx.xx.1987; xx.xx.1987-xx.xx.1989; xx.xx.1989-xx.xx.1989; xx.xx.1989-xx.xx.1995; xx.xx.2004-xx.xx.2021 = 31 il 09 ay 04 gün ) çox təşkil edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi mübahisə predmetini təşkil etmir. Bu səbəbdən də həmin dövrlər ümumi sığorta stajına daxil edilməlidir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzuladığından, ona tələb olunan ümumi iş stajı 25 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “elektrik çilingər” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingəri peşəsinə uyğun olmadığı, digər “eskalator maşinisti” peşənin isə həmin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. Halbuki iddiaçının işlədiyi peşələrin siyahıda olan peşələrə uyğunluğu "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş son güzəştli arayışda qeyd olunmuşdur ki: -xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşələrində çalışmış, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixdən halhazıradək Eskalator xidmətinin 1 saylı Eskalator distansiyasının “28 May” st.İİ çıxış – “C.Cabbarlı” stansiyalarının maşın zalında eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraiti ilə) peşəsində işləyir. İddiaçı ağır və zərərli əmək şətaitində çalışdığı peşələr üzrə əmək stajı 18 il 10 ay 24 gün təşkil edir. Onun çalışdığı elektrik çilingərləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 saylı Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarımbənd) bəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndi altında yer alan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri sətrinə aiddir. Bundan başqa sorğuya cavab məktubunda (güzəştli arayışda) qeyd olunmuşdru ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsi və s. ibarət olması; eskalatora xidmət göstərilməsi və təmiri üzrə çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlamaquraşdırma üsullarını bilməli olması, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirilməli olması, hər iki peşənin məqsədinin xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsi təmin etmək və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Göründüyü kimi, "xxxx" QSC iddiaçının güzəştli iş stajının xx.xx.2021-ci il tarixə 18 il 10 ay 24 gün olduğunu təsdiq etmişdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na dəyişiklik edilmiş və 21 Nəqliyyat bölməsinin 21.5.1 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən peşələr aşağıdakilar olmuşdur: Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: -metropoliten müəssisələrinin briqadirləri -drezinaların sürücüləri -Drenajçılar -hidroqaldırıcıların maşinistləri -zumif aqreqatlarının maşinistləri -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri -geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər) -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) -qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri -elektrik qatarlarının (seksiyalarının) maşinistləri -elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri -motovoz maşinistləri

-motovoz maşinistlərinin köməkçiləri -kompressor qurğusunun maşinisti -drezin sürücüsünün köməkçisi -yol nəzarətçisi -tunel fəhlələri -süni qurğular təmirçisi -süni qurğular baxıcısı -yol baxıcısı -yol montyoru metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril-məsi üzrə elektrik çilingərləri -avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri -metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri -metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri -eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri -rezin məmulatların təmirçisi -markşeyder işlərində dağ-mədən fəhləsinəzarət vaqonunun tənzimləyicisi -çəkiclə işləyən dəmirçi -kontakt qaynaq maşınının qaynaqçısı -yol, maşın və mexanizmlərin tənzimləyiciləri -daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı -ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri -ultrasəs nəzarəti üzrə defoktoskopçular -izoləedicilər -kabel lehimləyicisi -əl ilə qaynaqda elektrik qaynaqçısı Göründüyü kimi, "xxxx" QSC iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, həmin peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na dəyişiklik edilmiş və 21 Nəqliyyat bölməsinin 21.5.1 Metropolitenlər bəndində eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingər peşəsinə uyğun olduğunu, əmək funksiyalarının ieynilik təşkil etdiyini qəbul etmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. (18 il 10 ay 24 gün). Məhkəmə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı ilə bağlı şərtin ödənilməsi ilə bağlı aşağıdakiları bildirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 05 noyabr 2022-ci il tarixədək olan redaksiyasına görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə görə, 01 iyul 2021 – 30 iyun 2022 dövr üzrə kişilər üzrə pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40.800 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, imtina məktubu verilər tarixə kişilər üzrə pensiya yaşının 65 olmasını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 65 yaş – 60 yaş (güzəştli şərtlə pensiya çıxma yaşını) =5 x 12= 60 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 204 ay x 200 manat (2021-ci ilə olan minimum pensiya məbləği) = 40.800 manat. Cavabdeh tərəfindən təqdim olunmuş pensiya kapitalından görünür ki, iddiaçının topladığı pensiya kapitalı 45.770,17 manat təşkil edir ki, bu da kapital ilə bağlı şərtin ödənildiyini göstərir. Beləliklə, qanunvericilikdə tələb olunan şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 26 oktyabr 2021-ci il tarixdən pensiya təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar