Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3866/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh tərəfindən hüququnu pozan əlilliyin verilməsindən imtinaya dair aktın ləğv edilməsi və ona əlilliyin verilməsinə dair aktın çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 sentyabr 2004-cü il tarixində o, “AMEC Services Limited” şirkətində işlədiyi zaman istehsalat xəsarəti almış və bunun nəticəsində uzun müddət sağlamlığı pozulmuşdur. Yıxılması nəticəsində 1-ci bel fəqərəsinin sümüyü sınmışdır. Məhkəmə aktlarında onun uzun müddət müalicə alması öz əksini tapmışdır. “Elmi tədqiqat travmotologiya və ortopediya” institutunun 30 iyun 2008-ci il tarixli, 2430 saylı arayışından müəyyən olunmuşdur ki, o, “L fəqərəsinin kompression bitişmiş sınığı, Th 4-5 fəqərələrinin osteoxondrozu ağır sindromu” diaqnozuna əsasən müalicə altında olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli, 2(103)-745/2011 saylı Qətnaməsində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin o vaxtkı 1 saylı Bölgə Tibbi-Sosial Ekspert Komissiyasının SERTSE-01068180 saylı arayışına əsasən, İddiaçı 2-ci qrup əlillik dərəcəsi verilmişdir və bu arayışa əsasən o, əmək qabiliyyətinə qadir deyildir. Eyni Komissiyanın 26.05.2009-cu il tarixli müayinə aktından çıxarışdan da, görünür ki, İddiaçı əmək qabiliyyətinin 70%-ni itirmişdir.” Beləliklə, bu hal məhkəmə tərəfindən müəyyən olunmuşdur. Birmənalı olaraq göstərmək olar ki, 2004-cü ildən bu günə kimi, o, ağır durumdadır. Səhhəti get-gedə daha da, pozulur. Əsas xəstəliklərinə digərləri də, əlavə olunur. Buna baxmayaraq, 2015-ci ildə yumşaq deyilsə də, bürokratik səbəblərdən onun əlilliyi 2-ci qrupdan qanunsuz olaraq, 3-cü qrupa keçirildi. Onun səhhəti və maddi durumu ona imkan vermir ki, o, uzunmüddətli məhkəmə çəkişmələrinə qoşulsun. Bu səbəbdən də, o, məhkəməyə şikayətlə müraciət etməmişdir. Lakin, hüquqlarının pozulması bununla bitməmiş və 2020-ci ilin 24 dekabrında, yəni sənədlər göndərildikdən, 6 gündən (iki gün şənbə-bazar olmmaqla) sonra, onun telefonuna bildiriş gəldi ki, əlilliyi ləğv olunmuşdur. Artıq bu cür qanun pozuntusuna o, biganə qala bilməz. Onun üçün əhəmiyyətli əlillik müavinatından da məhrum edilmişdir. Yaşayış yeri üzrə 2 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının Tibbi Sosial Ekspert Komissiyasına 18.12.2020-ci il tarixli, 0019003AAB2N saylı göndərişindən müəyyən olunur ki, onda ürəyin hipertenziya xəstəliyi, Hipertoniya xəstəliyi (2-ci mərhələ), Stenokardiya, ÜİX gərginlik stenokardiyası xəstəlikləri, Bel fəqərəsinin sınığı Lİ fəqərəsinin kompression bitişmiş sınığı, gözümdə - Fon retonopatiyaları və retinar damar dəyişiklikləri, Hipertonik angiopatiya, nevroloji xəstəliklər - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, travmadan sonra bel nahiyyəsində kəskin ağrılar və s. xəstəliklər var. Onu müayinə edən Komissiya hesab etmişdir ki, əlillik müddəti uzadılmalıdır və bu səbəbdən cavabdehə göndərmişdir. Lakin, aydın olmayan səbəblərdən o, imtina cavabı almışdır. Tibbi Sosial Ekspert Komissiyasının imtinasına səbəb kimi əlavə müalicəyə ehtiyacın olması qeyd olunmuşdur. Guya o, 2004-cü ildən xəstə olsa da, stasionar müalicə almamışdır. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlilliyi təyin etməyə əsas vermir, ixtisaslaşmış xəstəxanada stasionar müalicə məsləhət görülür. Tibbi-Sosial Ekspert Komissiyasında onun diaqnozu yalnız aşağı döş və bel fəqərəarası disklərin çoxsaylı protruziyaları, sidik ifrazının ləngiməsi qeyd edilmişdir. Halbuki, onun səhhəti heç ona çox ayaq üstə dayanmağa imkan vermir, nəinki işləməyə. Təəssüf ki, dövrü mətbuatda mütəmadi olaraq qanunsuz əlilliyin verilməsindən imtina kimi şikayətlərə rast gəlmək olur. Bu məsələyə hətta, 2020-ci ilin dekabr ayında öz çıxışında Milli Məclisin deputatı da bildirmişdir. Deputat bildirib ki, vətəndaş Forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir: "Parlamentdə təmsil etdiyi Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, bütün digər rayonlarda da, oxşar vəziyyətdir. Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də, kütləvi imtina üzərində qurulmamalıdır. Onlara olan müraciətlər də, göstərir ki, əlillik almaq hüququ olan xeyli sayda vətəndaşlar, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də, kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil. O baxımdan, onlara ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlara bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edir". Təəssüf ki, vəziyyət bu günə kimi düzəlməmişdir. Cavabdeh orqan yalnız özünə məlum olan səbəblərdən qanusuz olaraq vətəndaşlara imtina cavabı verir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyəti 1 saylı Şəhər Poliklinikasının 09.09.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M40-M43-Deformasiyaedən dorsopatiyalar => M42-Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. L1 fəqərələrinin kompression sınığı. Th 12 S1 fəqərələrinin osteoxondrozu. Davamlı kökcük-ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş və bel fəqərələrinin osteoxondrozu” səbəbi ilə bir il verilmişdir. Daha sonra həmin poliklinikanın 28.11.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə S1 fəqərələrinin kompression bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla 14.01.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə.S1 fəqərələrinin kompression bitişmiş sınığı: Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının 24.12.2020-ci ildə 0019003AAB2N saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Aşağı döş və bel fəqərəarası disklərin çoxsaylı protuziyaları. Sidik ifrazının ləngiməsi. Kiçik çanaq üzvlərinin funksiya pozğunluğu sidik ləngiməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşdırılmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək-qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 26.05.2009-cu il tarixli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona TSEK tərəfindən verilmiş müayinə aktının surətindən görünür ki, əmək qabiliyyətinin itirilməsi faizinin, əlavə xidmətə ehtiyacının təyini barədə TSE 01 seriyalı, 576927 nömrəli arayışa əsasən İddiaçı 26.05.2009-cu il tarixdə müayinə olunaraq, 70 % əmək qabiliyyətinin itirilməsi faizi müəyyən olunmuşdur. Təkrar müayinə tarixi 26.05.2010-cu il göstərilmidşdir. İşdə olan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı sənədlərdən aşağıdakılar müəyyən olunur: - İddiaçının əlillik vəziyyəti 1 saylı Şəhər Poliklinikasının 09.09.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M40- M43-Deformasiyaedən dorsopatiyalar => M42-Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. L1 fəqərələrinin kompression sınığı. Th 12 S1 fəqərələrinin osteoxondrozu. Davamlı kökcük-ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş və bel fəqərələrinin osteoxondrozu” səbəbi ilə bir il verilmişdir. - Daha sonra həmin poliklinikanın 28.11.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə S1 fəqərələrinin kompression bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə bir il müddətinə verilmişdir. - Elektron təyinatla 14.01.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə.S1 fəqərələrinin kompression bitişmiş sınığı: Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə beş il müddətinə verilmişdir. - Bakı 2 nömrəli Şəhər Poliklinikasının 24.12.2020-ci ildə 0019003AAB2N saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Aşağı döş və bel fəqərəarası disklərin çoxsaylı protuziyaları. Sidik ifrazının ləngiməsi. Kiçik çanaq üzvlərinin funksiya pozğunluğu sidik ləngiməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşdırılmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq aşağıdakı qanunvericiliyin normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra göndərişin verilməsi üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının davam etməsi zəruridir. Lakin, işin hallarından göründüyü kimi, iddiaçı 2004-cü ildən 1 gün də olsun stasionar müalicədə olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi ilə bağlı qənaəti düzgün olduğundan, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi, maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi hazırki iş üzrə məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3866/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3866/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver