Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3867/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışda dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzili İddiaçı məxsusdur. Həmin mənzil ona Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 9 dekabr 2013-cü il tarixli sərəncamı ilə verilmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair verilmiş ******* nömrəli reyestrdən çıxarışın “yüklülüyün müddəti” qrafasında “daimi istifadə” yazılmışdır. İddiaçı mənzilə dair reyestrdən çıxarışda dəyişiklik edilərək “mülkiyyət” sözünün yazılması ilə bağlı cavabdehə müraciət etsə də, qurum məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə əsaslanaraq, mənzilə dair iddiaçının adına verilmiş reyestrdən çıxarışda düzəliş olunaraq “xüsusi mülkiyyət” ifadəsinin yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı mənzilə dair reyestrdən çıxarışda düzəliş edilməsi tələbi üzrə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 18 oktyabr 2022-ci il tarixdə ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Qeyd olunan səbəbə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya 26 oktyabr 2022-ci il tarixli, **********82 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «mənzilə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, mənzil yerləşən binada olan digər sakinlərə verilmiş reyestrdən çıxarışda “xüsusi mülkiyyət” sözləri göstərilsə də, yalnız onun mənzilinə dair reyestrdın çıxarışda “daimi istifadə” ifadələri qeyd olunmuşdur. Mənzilin onun mülkiyyəti kimi qeydiyyat alınmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Nümayəndə bildirdi ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binadakı 108 mənzil “xüsusi mülkiyyət” kimi qeydiyyat alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından görünür ki, X4 tərəfindən İddiaçı 7 nəfər ailə tərkibi nəzərə alınaraq (özü, arvadı, oğlu, 4 qızı) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinə 19 iyun 1995-ci il tarixdə order verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 118/5 nömrəli 9 dekabr 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinə 8 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu, 4 qızı və nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinə münasibətdə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı olmaqla, yüklülüyün müddəti “daimi istifadə” kimi qeyd aparılmaqla Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxatış” verilmişdir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlər bu əsaslar sırasında nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, Bakı ŞİH MKTD-nin 9 dekabr 2013-cü il tarixli sərəncamında nəzərdə tutulan müvafiq mənzilə dair müqavilə “sosial kirayə müqaviləsi” deyil, “kirayə müqaviləsi”dir, digər tərəfdən isə sərəncam 2013-cü ildə verilsə də, mənzil münasibətləri 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Həmçinin qeyd olunmalıdır ki, 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə mənzil münasibətləri yaranmış şəxslərlə həmin vaxtdan əvvəlki və sonrakı tarixlərdə bağlanmış müqavilələr üzrə hüquqlarının qeydiyyata alınmasına “fərq qoyulması” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Çünki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda bağlanmış müqavilələr predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı 9 dekabr 2013-cü il tarixdə verilsə də, mənzil münasibətləri 2009-cu ilin 1 okyabr tarixindən əvvəlki dövrə aid olduğundan, Mənzil Məcəlləsinin 29 avqust 2019-cu il tarixdən qüvvəyə minmiş 146.4-cü maddəsi də iddiaçının mənzilinə münasibətdə tətbiq olunmamalıdır. Eyni zamanda, məhkəmə icraatında mübahisənin obyekti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulan kateqoriyalara aid olması müəyyən edilməmiş, cavabdeh tərəf də bu barədə dəlil təqdim etməmişdir. Məhkəmə diqqətə çəkir ki, cavabdeh inzibati orqan imtinası üçün tutarlı dəlil gətirməmiş və iddiaçının mənzilə istifadə hüququnu qeydiyyat almışdır. Bununla əlaqədar məhkəmə tərəfindən cavabdeh orqana müvafiq binada yerləşən digər mənzillərə qanuni istifadəçilərin hansı hüquqlarının (istifadə və ya mülkiyyət) qeydiyyatının aparılması barədə məlumat verilməsi ilə bağlı sorğu məktubu ünvanlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinn məhkəməyə ünvanlanmış 6 mart 2023-cü il tarixli cavab məktubunda ünvan 2vanındakı binanın 108 mənzili üzərinə hüququn qeydiyyatının aparıldığı bildirilmişdir. Cavabdehi İnzibati orqanın nümayəndəsinin məhkəmə icraatındakı izahatında isə, ünvan 2vanındakı binanın 108 mənzili üzərinə mülkiyyət hüquqlarının qeydiyyatdan keçdiyini bildirmişdir. Odur ki, eyni binanın sakinləri kimi hazırkı İddiaçı ilə digər şəxslərə münasibətdə fərqli yanaşma (birinin istifadə hüququ, başqalarının mülkiyyət hüququnun qeydiyyata alınması) «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi”ni pozur. Cavabdeh tərəf digər sakinlərə məxsus mənzillər üzərində qeydiyyatın fərqli əsaslarla (sərəncam, order və s.) aparılması ilə bağlı dəlil və sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (madd 12.2). Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinə İddiaçı mülkiyyət hüquqları yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3867/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3867/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver