Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3869/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “attestatın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı haqqında 1990-cı ildə Bakı şəhəri 26 nömrəli tam orta məktəbi bitirməyini təsdiq edən attestatın verilməsi barədə Bakı şəhəri üzrə Təhsil idarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildə Bakı şəhər 26 nömrəli tam orta məktəbi bitirmişdir. Tam orta təhsili bitirməyi ilə əlaqədar Təhsil idarəsi tərəfindən iddiaçıya Atestat verilmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, iddiaçıya məxsus atestat itmişdir. Bununla əlaqədar Bakı şəhəri, 26 nömrəli məktəbə rəsmi ərizə ilə müraciət edərək ona təkrar atestat verilməsini xahiş etmiş, məktəbin rəhbərliyi tərəfindən ona ünvanlanmış 11 oktyabr 2022 cı il tarixi 54 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının adına 1990-cı ildə tam orta təhsili bitirməsi haqqında atestat blanklarının uçotu və verilməsi kitabında heç bir qeydiyyat aparılmamışdır. Ona verilmiş imtina məktubu ilə qətiyyən razı deyil. Belə ki, iddiaçının 1990-cı ildə Bakı şəhəri 26 nömrəli məktəbi bitirməyini sübut edəcək yetərli sübutları vardır. Həmin ildə onunla həmin orta məktəbi bitirən istənilən şəxs bu faktı təsdiqləyə bilər. Eyni zamanda daha bir sübut venetkanı göstərə bilər. İmtina qanunsuz və əsassız olduğuna görə məhkəmə tərəfindən ləğv edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 54 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri İ.Tağıyev adına 26N°-li tam orta məktəbi 1990-cı ildə tam orta təhsili bitirməyiniz haqqında tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında heç bir qeydiyyat aparılmamışdır.Yalnız 1988-ci ildə 8-ci sinfi bitiməyiniz haqqında məlumat vardır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-29-59/2- 1333/2023 nömrəli məktubunda bildirilmişdir ki, pedaqoji şuranın 12 may 1990-cı il tarixi 118 nömrəli qərarı ilə təhsil sənədinin verilməsi üçün əsas sayılan imtahana İddiaçı (Xİ sinif) buraxılmadığı, “Attestat blanklarının uçotu və verilməsi kitabın”da attestat almış məzunlar arasında adının qeyd edilmədiyi müəyyən edilmişdir. Həmin məktubla göndərilmiş “Attestat blanklarının uçotu və verilməsi kitabın”da “11 ” V (kiril qrafikası ilə Xİ В) sinif şagirdlərinin yaz imtahanına buraxılması siyahısında sinif rəhbəri- Baxışova Yaqut tərəfindən qeyd edilmiş 28 nəfərin sırasında İddiaçı adı qeyd olunmamış, imtahana buraxılmayan 4 nəfərin adı sırasında İddiaçı adı (sıra 1) qeyd olunmuşdur. İİİ. Adları qeyd olunan 11 V sinif şagirdləri on birinci sinfi bitirmiş hesab edilsin və onlara orta təhsil haqqında attestat verilsin: 24 nəfərlik siyahıda İddiaçı adı qeyd olunmamışdır. Məhkəmə icraatı zamanı əslinə baxış keçirilmiş “Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı”nda 1990-cı ildə 11 V sinfində təhsil alan 27 nəfərlik şagirlərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İddia həmçinin düzgün cavabdehə qarşı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”sinin: -1-ci bəndinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 189 nömrəli qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) struktur qurumudur. -4-cü bəndinə əsasən idarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. -7-ci bəndinə əsasən idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: (....) 7.7. tabeliyində olan ümumtəhsil məktəbləri məzunlarının müvafiq təhsil sənədləri ilə təmin olunmasını təşkil edir (....). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 9.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin: 9.2.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi inzibati orqandır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü olmaqla Bakı şəhəri İ.Tağıyev adına 26N°-li tam orta məktəbin 11-ci sinfini 1990-cı ildə bitirdiyini, ona verilmiş attestatı itirdiyindən təkrar attestatın verilməsini mübahisələndirir. İddiaçı iddia etdiyi tam orta təhsili bitirməsini sübut edən sənəd qismində 1990-cı ildə 26 nömrəli tam orta məktəbin müəllim kollektivi və 11V sinfinin şagirdləri ilə çəkilmiş məzun şəklini (venetka) məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaçının 11-ci sinfi bitirməsi barədə attaestat blanklarının uçotu kitabında qeydiyyatın olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. “Ümumi təhsil haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; -1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; -1.0.5. ümumi təhsil pilləsinin səviyyələri – ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri; -17.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat verilir. -17.3. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını tənzimləyir. -2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. -2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). -2.5. Ümumi orta təhsil haqqında attestata və tam orta təhsil haqqında attestata təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) rəqəm və sözlə yazılır -4.1. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap olunur. -4.2. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. -4.3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın uçotu Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır. -4.6. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisəsində saxlanılan xüsusi qeydiyyat kitabında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında attestatların qeydiyyatı aparılır. -5.7. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır. -5.8. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: 5.8.1. sıra nömrəsi; 5.8.2. ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi; 5.8.3. ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat alanın soyadı, adı və atasının adı; 5.8.4. ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilmə tarixi; 5.8.5. ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat alan və ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat verən şəxslərin imzası. -5.9. Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirmiş şəxslərə ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatının verilməsi barədə qeydiyyat eyni məlumatlar üzrə ayrıca kitabda aparılır. -5.12. Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir. -5.13. Dublikat kimi verilən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı vurulur. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, ümumi tam orta təhsil ümumi təhsil pilləsinin səviyyələrindən biridir. Ümumi orta təhsili bitirməni təsdiq edən, növbəti səviyyədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas verən təhsil haqqında dövlət sənədi – attestat verilir. İlkin olaraq tam orta təhsil haqqında attestat məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə verilir. Tam orta təhsil haqqında attestatın verilməsi, təqdim edilməsi, istifadə olunması ilə bağlı məlumatlar ümumi təhsil müəssisəsində saxlanılan xüsusi qeydiyyat kitabında aparılır və saxlanılır. Tam orta təhsil haqqında attestatı itirmiş şəxslərə onların müraciəti əsasında attestatın dublikatı verilir. Dublikat attestat o zaman verilir ki, attestatın verilməsi üçün arxiv sənədləri mövcud olmuş olsun. Hazırkı iş üzrə 26 nömrəli tam orta məktəbin 1990-cı ildə bitirən məzunların attestat blanklarının uçotu və verilməsi kitabında iddiaçının 11-ci sinfi bitirməsi barədə məlumat öz əksini tapmamışdır. Əksinə, pedaqoji şuranın 12 may 1990-cı il tarixi 118 nömrəli qərarı ilə attestatın verilməsi üçün əsas sayılan imtahana İddiaçı (Xİ sinif) buraxılmadığı bilavasitə qeyd edilmiş, həmin il məktəbin 11-ci sinfini, o cümlədən iddiaçının təhsil aldığı 11V sinfini bitirmiş, tədris fənlərindən qiymət alan və attestat nömrələri göstərilməklə müvafiq attestatlarla təmin edilən məzunların adlı siyahısında iddiaçının adı qeyd edilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının ümumi tam orta təhsili bitirməsi barədə dövlət sənədi-attestat verilmədiyindən, bu barədə attestatın alınması, istifadə olunması ilə bağlı təhsil müəssisəsində saxlanılan qeydiyyat kitabında iddiaçının 11-ci sinifdən məzun olması və attestatla təmin edilməsi barədə arxiv qeydləri olmadığından iddiaçının attestatı itirməsi faktı öz təsdiqini tapmamışdır. Təkrar (dublikat) attestatın verilməsi üçün faktiki və hüquqi əsaslar hazırkı iş üzrə mövcud olmadığından iddiaçı tələbində haqlı hesab edilə bilməz. Beləliklə, cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “attestatın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3869/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3869/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver