Məhkəmə qərarları › İş №2-1(112)-387/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-387/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-387/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı «xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2011-ci il tarixlidə tərtib edilmiş “xxxx” MMC-nin 2009-cu il üçün 101.877,77 manat mənfəət vergisi və ona hesablanmış 50.938,89 manat maliyyə sanksiyası, 15,35 manat ƏDV və ona 7,68 manat maliyyə sanksiyasının tətbiqi barədə vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********457130 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianın mümkünsüz sayılması barədə vəsatətlə müraciət edərək İddiaçı MMC-nin iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, "İddiaçı” MMC-nin iddiası mümkünsüz hesab edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Həyata keçirilmiş vergi nəzarətinin nəticələrinə uyğun olaraq əlavə vergi məbləği hesablanmış və müvafiq inzibati aktla rəsmiləşdirilmişdir. Həmin qərar ilə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlanılan dövr üzrə verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan mələğinə nisbətən azaldılmasına görə 2009-cu ilin mənfəət vergisi üzrə 101877,77 manat, 2009-cu ilin mart ayı ƏDV üzrə 15,35 manat, və ona hesablanmış 50% maliyyə sanksiyası 50986,57 cəmi 152919,69 manat vergi borcu hesablanmışdır. Səyyar vergi yoxlaması aktının 1.2-ci bəndində göstərilən məlumatlara əsasən yoxlanılan dövr üzrə cəmiyyətin direktoru X8 olmuşdur. Vergi orqanının “Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə” xx.xx.2011-ci il tarixli məktubuna əsasə idarəyə gələn "İddiaçı" MMC-nin direktoru X1 vergi yoxlamasının materialları ilə tanış olmuş və sənədin bir nüsxəsini imzalayaraq qəbul etmişdir. Həmçinin iddiaçının mübahisələndirdiyi qərar xx.xx.2011-ci il tarixdə onun poçt ünvanına göndərilməsi təmin edilmişdir. Bundan başqa, iddiaçı bir neçə dəfə Vergilər Nazirliyi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciətlər edərək səyyar vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin silinməsini xahiş etmişdir. Müraciətlərə cavab olaraq "İddiaçı" MMC-də vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə cəmiyyətin rəhbəri X8 barəsində cinayət işi başlanılması haqqında məlumat verilmişdir. Bu da iddiaçının səyyar vergi yoxlaması ilə hesablanmış vergi məbləği barədə kifayət qədər məlumatlı olduğunu subut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Əlavə olaraq iddiaçı həmin səyyar vergi yoxlaması ilə hesablanmış 191263,72 manat vergi borcunun ümidsiz (vaxtı ötmüş borc) olduğundan silinməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-405/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd edilən qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1497/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iddia 153.678,48 manat hissədə təmin, qalan hissədə rədd edilmişdir. Qeyd edilən qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)- 2119/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, qərar ləğv edilmiş, iş təkrar baxışa qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 167/19 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli qərar ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-1392/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş, qərardad ləğv edilmiş, iş təkrar baxışa qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1928/19 saylı xx.xx.2019- cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-405/2018 saylı İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1928/19 saylı xx.xx.2019- cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-405/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı 37585.24 manat məbləğində borcun və ona hesablanmış faizlərin silinməsi hissəsində ləğv edilmiş, həmin iddia tələbinə aid hissədə iş üzrə icraata xitam verilmiş, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti həmin tələbə aid hissədə təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməsinin 2-1 (102)- 669/20 saylı 11,02.2020-ci il tarixli qərarı ilə təmin edilmiş, qərardad ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçıya hesablanmış 153678.48 manat məbləğin ümidsiz borc hesab edilməsi və həmin ümidsiz borcun şəxsi hesab vərəqədən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin 2-1(102)-669/20 saylı xx.xx.2020-ci il tarixli qərarı cavabdeh tərəfindən icra edilmiş, iddiaçının şəxsi hesab vərəqəsindən müvafiq azalma aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 tərəflərindən verilmiş vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 vəsatətlə bağlı verdiyi izahatında bildirdi ki, mübahisələndirilən qərar yanlış ünvana göndərilmişdir və buna görə də onlar həmin qərardan məlumatları olmamışdır. Qərarın təqdim edilməsi üçün yazılı şəkildə cavabdeh orqana müraciət etdikdən sonra qərar onlara rəsmi qaydada təqdim edilmiş və qərar onlara təqdim edildiyi gundən 30 gün ərzində məhkəməyə müraciət etmişlər. Tərəflərindən şikayət vermə müddət ötürülməmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş vəsastin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarının surətlərindən görünür ki, hazırda mübahisələndirilən xx.xx.2011-ci il tarixli, **********457130 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən İddiaçı MMC tərəfindən ödənilməli olan vergi borcu tərəflər arasında mübahisə predmeti olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-669/2020 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri X2rşı ümidsiz borcun silinməsi tələbinə dair inzibati iş üzrə iddiaçının iddiası mübahisənin hazırki predmetini təşkil edən hissəsində təmin edilərək iddiaçıya hesablanmış 153678,48 manat məbləğin ümidsiz borc hesab edilməsi və həmin ümidsiz borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan **********145700 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "İddiaçı” MMC-də (VÖEN **********) 2008-ci ildən sonrakı dövrdə aparılmış səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim edilməsi barədə müraciətə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinində baxılmışdır. Müraciətləri nəzərə alaraq, müəssisədə xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cü il tarixədək olan dövr üzrə aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib olunmuş xx.xx.2011-ci il tarixli **********46060 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2011ci il tarixli **********457130 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiq edilmiş surətlərini təkrarən onlara təqdim edilmişdir. Məlumat üçün bildirmişlər ki, İddiaçı MMC-də aparılmış xx.xx.2011-ci il tarixli **********46060 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2011-ci il tarixli **********457130 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın bir nüsxəsi müvafiq olaraq 317679 və 541211 nömrəli sifarişli poçt vasitəsilə müəssisənin hüquqi ünvanına göndərilmişdir. Məhkəməyə təqdim edilmiş 317679 və 541211 nömrəli sifarişli poçt qəbzlərinin surətlərindən görünür ki, iddiaçının reyestr üzrə məlum olan hüquqi ünvanına mübahisələndirilən qərar göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən qərar İddiaçı MMC-nin cavabdeh inzibati orqana məlum olan ünvanına (həmin ünvanın dəyişməsi barədə reyestrdə qeydiyyat aparılmamışdır) qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilmiş, həmin qərar üzrə yaranmış borc məbləği iddiaçı tərəfindən məhkəmə qaydasında mübahsiləndirilmişdir. İddiaçının müraciətinə əsasən cavabdeh inzibati orqan mübahisəlndirilən qərarı iddiaçıya təkrarən təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsini və xüsusi ilə hüquqi müəyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, İddiaçı MMC məlumatlı olduğu qərardan qanunvericviliklə müəyyən edilmiş müddət ötürülməklə məhkəməyə müraciət etmiş, buraxılmış prosessual müddətin bərpası ilə bağlı isə ərizə təqdim etməmişdir (iddiaçı prosessual müddəti buraxmadığını iddia etmişdir). Belə olan halda mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nın iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar