Məhkəmə qərarları › İş №2-1(112)-3871/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3871/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3871/2021 23.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X5 və Üçüncü şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ƏMDK yanında DƏDRX-nin üçüncü şəxs olduğu) bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ƏMDK yanında DƏDRX-nin üçüncü şəxs olduğu) iddia ərizəsi ilə məhkəməyə müraciət edib və sonra iddia tələbini dəqiqəşdirərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 6-cı Şimal küçəsində yerləşən 222 (59) nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 55 il rabitə sahəsində xidmət etmiş, xidmətlərinə görə ona 1987-89-cu illərdə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 6-cı Şimal küçəsində yerləşən 222 (59) nömrəli bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya etirazda göstərilmişdir ki, cavabdehə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə tənzimlənir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddiaya etiraz ərizəsinə uyğun məzmunda izahat verib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 iddia tələbi ilə əlaqədar verdiyi izahatında bildirdi ki, İddiaçı 1962-ci il tarixdən 2014-cü ilədək əvvəl Bakı şəhər telefon şəbəkəsində, daha sonra isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyində işləmişdir. Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 20/396 saylı, xx.xx.1987-ci il tarixli qərarına əsasən Pirallahı rayonu, Dübəndi qəsəbəsində bağ təsərrüfatı üçün nəzərdə tutulan torpaq sahəsi öz əməkdaşlarına bağçılıq təsərrüfatı məqsədi ilə verilməsi üçün Bakı şəhər telefon şəbəkəsinə ayrılmışdır. Həmin torpaq sahəsindən pay ayrılan əməkdaşların siyahısında İddiaçı da adı olmuşdur. BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətin arxiv sənədləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. Lakin məlum olan odur ki, sənədlərin bir qisminin harada olması müəyyən edilmir. Belə ki, DƏDRX-də olan siyahıdan əlavə sonrakı dövrlərdə tərtib edilən siyahı da vardır ki, həmin siyahıda İddiaçı da adı vardır. Lakin həmin siyahının əslinin harada olması bilinmir, Nazirlik isə yalnız həmin sənədin kserosurətini əldə edə bilmişdir. Göstərilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın əsaslı olduğunu hesab edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarından çıxarışdan görünür ki, kollektiv bağçılığın yaradılması məqsədi ilə Bakı şəhəri telefon şəbəkəsinin 74 nəfər üzvdən ibarət bağçılıq yoldaşlığına Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır. - İddiaçı əmək kitabçasından görünür ki, o, 1962-ci ildən Bakı şəhər telefon şəbəkəsində elektromontyor vəzifəsində işə başlamış, sonrakı illərdə həmin təşkilatın struktur vahidlərində bir sıra vəzifədə işləmiş, 2014-cü ildə sonuncu çalışdığı BTRİB-in X7 kabel-leyimçisi vəzifəsindən Əmək Məcəclləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) azad edilmişdir. - İddiaçı aid vəsiqələrə əsasən, o, xx.xx.1986-cı ildə SSRİ-nin “X12” ordeni ilə, xx.xx.1989-cu il tarixdə “Azərbaycan SSR əməkdar rabitəçisi” fəxri adı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 021479 nömrəli vəsiqəyə əsasən İddiaçı əmək veteranı statusuna malikdir. - BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1982-ci il tarixli iclasına dair 2 №-li protokoldan çıxarışdan görünür ki, ATS-38/39-un kabel-leyimçisi İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlüyünə qəbul edilməsi və ona Dübəndi qəsəbəsində 6-cı Şimal küçəsi 222 (59) ünvanda yerləşən 5 sot torpaq sahəsinin verilməsi qərara almışdır. - Azərbaycan SSR Rabitə Nazirliyi Bakı şəhər telefon şəbəkəsi Bağçılıq Yoldaşlığı tərəfindən ATS 38/39-un kabel-leyimçisi İddiaçı verilmiş xx.xx.1982-ci il tarixli torpaq sahəsindən istifadə hüququna icazənin surətindən görünür ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarına uyğun olaraq İddiaçı 4 nəfər ailə üzvü – özü, arvadı X8, oğlanları – X9 və X11 ilə birlikdə Bakı şəhər telefon şəbəkəsi Bağçılıq Yoldaşlığının üzvü kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi müddətsiz istifadəsinə verilmişdir. - Azərbaycan SSR Rabitə Nazirliyi Bakı şəhər telefon şəbəkəsi Bağçılıq Yoldaşlığı tərəfindən İddiaçı verilmiş üzvlük kitabçasının surətindən görünür ki, 1962-ci ildən həmin müəssisədə işləyən və 1982-ci ildən bağçılıqla məşğul olan İddiaçı Dübəndi qəsəbəsində 6-ci Şimal küçəsində 59 saylı 5 sot bağ sahəsinin ayrıldığı qeyd olunmuşdur. - BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri V.Ə.Vəlibəyova tərəfindən təsdiq edilmiş Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısından görünür ki, həmin siyahıda ATS 38/39-un kabel-leyimçisi İddiaçı adı vardır. - BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısının təsdiq edilmiş surətinin təqdim edilməsi barədə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 1-2-17/2513-21 nömrəli məktubda bildirilmişdir ki, tələb edilən sənədin əsli DƏDRX-ə təhvil verildiyindən Nazirliyin tabeliyindəki "xxxx" MMC-nin arxivində mövcud deyildir. Eyni zamanda "xxxx" MMC-yə təqdim edilmiş əksəriyyəti kserosurət olan sənədlər arasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi ərazisində bağçılıq təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilən əməkdaşların siyahısında uzun müddət "xxxx" MMC-də işləmiş və təqaüdə çıxmış İddiaçı adı vardır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********98 №-li məktubda bildirilmişdir ki, cavabdehə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - "xxxx" ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 01/02/12-13/M- 433/1/6276 №-li arayışda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə 6 kV-luq HX arasında məsafənin 10 metr olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” nın 5a saylı bəndinə əsasən həmin fərdi yaşayış evi elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1962-ci il tarixdən Bakı şəhər telefon şəbəkəsində işləmiş və Bakı şəhər telefon şəbəkəsi Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1982-ci il tarixli iclasında qəbul edilmiş qərara əsasən cəmiyyətin üzvülüyünə qəbul edilərək ona ünvan 4 ünvanında yerləşən 5 (beş) sot torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir və istifadə etdiyi bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən həmin idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adının aşkar olunmaması, həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kv-luq elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirilərək təmin edilməmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə ünvan 5 ünvanda yerləşən iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adının aşkar olunmaması, bağ sahəsinin bir hissəsi yaxınlığında elektrik xəttinin mühafizə zonasında yerləşməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş onun adının da olduğu bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı kserosurət olsa da və cavabdeh tərəfindən həmin siyahının onlarda olmadığı bildirilsə də, Bakı şəhər telefon şəbəkəsi Bağçılıq Yoldaşlıq Cəmiyyətinin bütün sənədlərinin cavabdehə təhvil verilməməsi halı iddiaçının iradəsindən asılı deyildir. Bundan əlavə "xxxx" ASC-nin arayışında mübahisəli torpaq sahəsindən elektrik veriliş xətlərinin keçmədiyi, torpaq sahəsinin elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər (bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, bağ sahəsinin bir hissəsi yaxınlığında elektrik xəttinin mühafizə zonasında yerləşməsi) iddiaçının qanuni istifadəsində olan və sonradan mülkiyyətinə keçmiş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 6-cı Şimal küçəsində yerləşən 222 (59) nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 6-cı Şimal küçəsində yerləşən 222 (59) nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar