Məhkəmə qərarları › İş №2-1(112)-3872/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3872/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3872/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 3/104 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış fərdi evin tikintisi üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınması və İddiaçı adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilinəsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 3/104 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış fərdi evin tikintisi üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmasını və İddiaçı adma həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir.Cavabdeh orqan iddaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********68 saylı məktubla həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı həmin imtinanın əsassız və qanunsuz olduğunu hesab eetmişdir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991 -ci il tarixli, 3/104 nömrəli Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sərəncamı ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 3601 saylı “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 3/104 nömrəli sərəncamına və Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olmuş akt və yerləşmə cizgisinə istinad edərək İddiaçı “Köhnə bağ” sahəsinin sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Həmçinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə Nümayəndəsi və Səbail Rayon İcra Hakimiyyəti Təsərrüfat şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 3601 saylı sərəncamı ilə İddiaçı qızma ayrılmış, Badamdar qəsəbəsi 1 -ci yaşayış massivi, döngə 11 ünvanında yerləşən 900,0 kv.m. torpaq sahəsinin yerləşməsi cizgisi tərtib edilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixli, **********3000023 nömrəli torpaq sahəsinin kadastr planı tərtib və təsdiq edilmişdir. İddiaçı qeyd olunanlara əsasən iddianın təmin edilməli olduğunu, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən fərdi evin tikintisi üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmalı olduğunu bildirmişdir.

3. İddiaçının nümayəndəsinin (vəkilinin) xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubla bildirilmişdir ki, müraciətdə qeyd olunan iradlar aradan qaldırılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.

4. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi sənəd üzrə sahədən kənarda yerləşir. Həmçinin təqdim edilən Səbail rayon icra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3601 nömrəli sərəncamında ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası cavabdeh orqan tərəfindən mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********50 nömrəli, xx.xx.2021-ci il tarixli, **********882 nömrəli və xx.xx.2022-ci il tarixli, **********11 nömrəli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən faktiki olaraq 822.0 kv.m torpaq sahəsi istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin olunmamasını məkkəmədən xahiş etmişdir.

6. Məhkəmə hazırkı iş üzrə iddiaçının nümayəndəsinin (vəkili) ərizəsinə əsasən iddia tələbini İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında 2-1(112)-3872/2023 saylı iş üzrə Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 3601 saylı sərəncamı ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış və hazırda faktiki istifadəsində olan 822.0 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınması və İddiaçı adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilinəsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirmişdir.

7. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə fərdi ev tikilməsi üçün İddiaçı ayrılmış Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 11 ünvanında 900 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

8. Səbail Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3601 saylı sərəncamı ilə Səbail rayonu Badamdar qəsəbəsi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 900 m2 torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir.

9. Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 01 noyabr 1994-cü il tarixli, 3601 nömrəli sərəncam və onun əsasında tərtib olunmuş xx.xx.2006-ci il tarixli yerləşmə sxemi Rayonu İcra Hakimiyyəti arxivində aşkar edilməmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adı ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 900 kv.m torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin Kadastr planı”nın təsdiq edilmiş surətini, eləcə də qeyd olunan torpaq sahəsi ilə əlaqədar inzibati icraat materiallari surəti məhkəməyə təqdim olunmuşdur.

11. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 3601 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 3 (üç) vərəqdən ibarət tərkibdə məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən sənədlərin surətinin verilməsi barədə sənədə əsasən İddiaçı adına tərtib edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 900 kv.m olan torpaq sahəsinin Kadastr planının (**********3000023 №-li, xx.xx.2006-cı il tarixdə X4 kitabında 1184 nömrə ilə uçota alınmış, Səbail RlHB-nın xx.xx.1994-cü il tarixli, 3601 saylı sərəncamı ilə) verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

15. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

19. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

20. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

24. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

25. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 180 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (1128-ci keçid) döngə 671 ünvanında yerləşən 180 kv.m. torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə sorğusuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən qeyd edilən torpaq sahəsi üçün avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmadığı müəyyən edilmişdir.

26. Cavabdeh qurumun “yaşayış məntəqəsinin torpaqları” kateqoriyalı torpaq sahələrinə aid ərazinin fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan yolkənarı ərazinin bir hissəsi olmasına dair dəlilini məhkəmə məntiqli və ağlabatan hesab etmir. Cavabdeh qurum qeyd edilən torpaq sahəsinə dair başqa şəxs (X3) tərəfindən müraciət daxil olduğunu bildirsə də, hər hansı müraciəti və həmin şəxsə aid hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir.

27. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

38. Q Ə R A R A A L D İ :

İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11 ünvanında yerləşən 822 kv.m. torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar