Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3872/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X22) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X23 cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək faktiki ailəsilə yaşadığı ünvan 1 ünvanına rəsmi pasport qeydiyyatına alınması öhdəliyinin Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X2 həvalə edilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdeh qismində Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X1 göstərilməsini formal xəta hesab edir və tələbi “X10 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 2004-cü ildə ailə quraraq ailə münasibətlərində həyat yoldaşı X11 rəsmi yaşadığı ünvan 3 ünvanı üzrə evə gəlin köçməklə həmin evdə ailə münasibətlərində birgə yaşamaqda davam etmişdir. 17 avqsut 2006-cı ildə aralarında ailə münasibətlərindən birgə yaşadıqları nikahından övladımız X22 doğulmuş, bu barədə “atalığın müəyyən edilməsi haqqında” Bakı şəhəri Xəzər rayonu qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ №192952 saylı şəhadətnamə və övladımız X12 adına Bakı şəhəri Xəzər rayonu qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ1 №938679 saylı doğum haqqında şəhadətnaməsi mövcuddur. Bu yönümdə övladı X12 faktiki iddiaçı ilə birgə yaşadığı ünvan 3 ünvanı üzrə rəsmi passport qeydiyyatında olmaqla onun adına verilmiş AA4315235 saylı şəxsiyyət vəsiqəsi mövcuddur. Hal-hazırda övladı X22 hərbi xidmətdədir, vətən qarşısında borcunu yerinə yetirməkdədir. 1997-ci ildə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi Səməd Vurğun küçəsi, döngə 2 ev 3 ailəliklə yaşadıqları evin rəsmi sahibi olmuş qayınatası X3 vəfatı ilə, daha sonra həyat yoldaşı X11 vəfatı ilə əlaqədar ailəliklə faktiki birgə yaşadıqları yaşayış yeri üzrə qeydiyyata alınması və həyat yoldaşila rəsmi nikaha daxil olmasında bir sıra çətinliklərin yaradılmasına səbəb olmuşdur. Bu səbəbdən də, hələ də uzun illər ünvan 3 ünvanına rəsmi passport qeydiyyatına düşə bilməmişdir, bu da Azərbaycan Respublikasının vətəndaşı olaraq faktiki yaşadığı ev üzrə istifadə hüquqlarına maneçilik törədir, həmçinin gələcəkdə pensiya təminatı məsələsilə bağlı çoxlu sayda problemlər yaradılmasına səbəb olacaqdır. Qeydiyyata alınması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X2 rəsmi qaydada müraciət etmiş və xx.xx.2024-cü il tarixli 45/2-H-21375/11 saylı Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X7 tərəfindən tərəfindən verilmiş rəsmi məktubuna əsasən real qanuni hüquqlarının təsdiqinə imtina edilmiş və məhkəməyə müraciət hüququm izah edilmişdir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkmənin müvafiq qərardadı ilə X22 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin təmin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, sözügedən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, X8 xx.xx.2005-ci il tarixdən, X4 xx.xx.2014-cü il tarixdən, Allahverdiyeva (Əzimova) Fizzə Şamil qızı xx.xx.2008-ci il tarixdən, X13 xx.xx.2005-ci il tarixdən, X14 xx.xx.2005-ci il tarixdən, X5 xx.xx.2016-cı il tarixdən, X17 xx.xx.2005-ci il tarixdən, X24 xx.xx.2013-cü il tarixdən, X22 xx.xx.2015-ci il tarixdən, X15 xx.xx.2016-cı il tarixdən, X25 xx.xx.2009-cu il tarixdən, X16 xx.xx.2006-cı il tarixdən, X18 xx.xx.2005-ci il tarixdən, X9 xx.xx.2015-ci il tarixdən, X6 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeydiyyata alınmaya əsas verən sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. -Xəzər RİH tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, məktubda qeyd edilən məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış müraciətə cavab olaraq İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində yaşadığı bildirilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq şərtləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı ailə üzvünün (oğlunun) və digər şəxslərin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaq istəyir. Sözügedən evin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməməsinə baxmayaraq, evin ünvan rekvizitləri mövcuddur və iddiaçının oğlunun da həmin evə qeydiyyatı mövcuddur. İddiaçının məhkəmə iclasında verdiyi izahatından və Xəzər RİH tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan məlum olur ki, iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır (əksini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır). Belə olan halda vurğulanmalıdır ki, cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatlarının aparıldığı ünvana iddiaçının da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız göstərilən əsaslarla imtina edə bilməz. Həmçinin qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, mübahisəli fərdi yaşayış evi müvafiq reyestrdə qeydiyyata alınmasa belə, məhkəmə sorğusu nəticəsində müəyyən edimiş digər şəxslər yaşayış yeri üzrə həmin evə qeydiyyata alındıqlarından, iddiaçının da bərabərlik hüququnun məfhumu baxımından eyni əsaslar ilə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. İddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və onun yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər ilə müqayisədə bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ona deməyə əsas verir ki, əgər iddia olunan yaşayış yeri üzrə başqa fiziki şəxslərin qeydiyyata alınması halı müəyyən olunursa, bu zaman qeydiyyata alınmağı tələb edən şəxsin də bərabərlik hüququ baxımından həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. (Bax: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(103)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasına hər hansı maneə olmamışdır. Məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi şəxsin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçının faktiki yaşayış yerlərinin müəyyən edilməsi iddiaçının özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Məhkəmə istinad olunan normaları hazırkı mübahisənin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Əks yanaşma iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olan şəxs ilə müqayisədə bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3872/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3872/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver