Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3873/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli səərəncamı ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Müəssisə tərəfindən ona 2003-cü il tarixdə naturada təhvil verilmiş, bununla bağlı sxem də təqdim edilmişdir. Lakin, cavabdeh hüquqmüəyyənedici sənədləri nəzərə almadan müraciətin təminindən imtina etmişdir. Cavabdeh etirazı onunla əsaslandırır ki, torpaq sahəsi Sovxoz və X1 ayrıc aktından kənarda yerləşir. Eyni zamanda torpaq sahəsinin faktiki olaraq ölçüsü 979 kv.m təşkil edir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir: - Torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi - Faktiki ölçülərin az olması; İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsus vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən normaların məzmunundan göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. İşin faktiki hallarından görünür ki, adıçəkilən torpaq sahəsində dair hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, iş materiallarında olan 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışdan görünür ki, sovxoz işçilərinə 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında qəbul edilmiş 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrə əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi naturada təhvil verilmişdir. X1 471 nömrəli 06 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, torpaq sahəsinin yuxarıda adıçəkilən hüquqmüəyyənedici sənədlər əsasında ayrılması təsdiq edilmiş, torpaq sahəsinin sənəd üzrə uyğunluğu və həmin torpaq sahəsi ilə bağlı heç bir uyğunsuzluğun olmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçı torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədə malik olmuşdur ki, məhkəmə ilk növbədə imtinanın əsası qismində torpaq sahəsinin ayrıc aktından kənarda olması barədə dəlilə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, cavabdeh torpaq sahəsinin ayrıc aktından kənarda olmasını qeyd etsə də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı ekspert rəyi isə cavabdehin imtina şərtinin əsassız olduğunu təsdiq etmişdir. Belə ki, ekspert rəyi və məhkəmənin sualına cavab olaraq ekspert rəyinə əlavədən də görünür ki, torpaq sahəsinin koordinatları, onun təqdim edilən sxemə uyğun olması və ölçüsü və ayrıc aktından kənarda olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin rəyin mötəbərliyinə şübhə yaranacaq hər hansı hal mövcud olmamış, ekspert rəyi torpaq sahəsinin koordinatları və digər aidiyyəti suallara cavab təqdim edilməklə verilmiş, məhkəmənin ekspert rəyinə əlavə tələbi də yerinə yetirərək hazırkı iş üzrə bütün ziddiyyətli məqamlara aydınlıq gətirilmişdir. Göründüyü kimi torpaq sahəsinin ayrıc aktından kənarda olması təsdiq edilmir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, ayrıc aktından kənar olması həmin torpaq sahəsinə hüququn qeydiyyata alınmasından imtinanın əsası qismində çıxış da edə bilməz. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar) Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özüözlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz. Hüquqların qeydə alınmasından imtina edən inzibati orqan, sözügedən prosedurlara riayət edilməməsinin yekun inzibati aktın qəbuluna təsir edəcək dərəcədə pozuntu yaratdığını əsaslandırmalıdır. Belə əsaslandırma işin konkret faktiki və hüquqi halları ilə əlaqəli şəkildə aparılmalı, xüsusən də istinad edilən halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İş materiallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı sonrakı sənədləşmənin keçirilməsinə əsas olmuş sənəd yerli icra hakimiyyəti orqanının sərəncamıdır ki, həmin sərəncam inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır və həmin aktın ləğv edilməsi, onun qüvvəsinin olmaması ilə bağlı hər sənəd təqdim edilmədiyindən məhkəmə imtinanın qeyd olunan dəlilini əsassız hesab edir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, cavabdehin sərəncamı qüvvədə olduğu halda hər hansı formada torpaq sahəsinin ayrılması nəzərdə tutulan ərazidən kənarda, yəni ayrıc aktından kənar ərazidə yerləşməsində iddiaçının hər hansı təqsirindən söhbət gedə bilməz. Belə ki, iddiaçı sərəncam və onun əsasında qəbul edilmiş əmrə və ona əlavə edilmiş yerləşmə cizgisinə uyğun olaraq torpaq sahəsini təhvil almış və həmin torpaq sahəsi uzun müddət onun istifadəsində olmuşdur ki, ayrıc aktından kənarlaşma hazırkı halda iddianın imtina əsası qismində çıxış etmir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, digər imtina əsası torpaq sahəsinin sənəd üzrə göstərilən ölçüdən az olması ilə bağlıdır ki, məhkəmə həmin imtina əsasında əsaslı hesab etmir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı ona ayrılmış 10 sot torpaq sahəsindən artıq torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını yox, məhz sənəd üzrə ona verilmiş torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatını tələb etmişdir. Həmçinin, qeyd edilir ki, torpaq sahəsinin faktiki ölçüsünün 979 kv.m olması onun sənəd üzrə ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina səbəbi qismində çıxış edə bilməz. Belə ki, hüquqmüəyyənedici sənəd mövcuddur və həmin sənəd üzrə ayrılan torpaq sahəsinin ölçüsü də qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Ali Məhkəmənin 2-1(102)-1446/2020 saylı iş üzrə xx.xx.2020 saylı qərarında qeyd edilmişdir ki, cavabdehin kasasiya şikayətindəki ikinci və sonuncu dəlili isə ondan ibarətdir ki, «bundan əlavə göstərilən ərazi 57 nömrəli X1 aid deyildir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kvadrat metr olsa da, faktiki olaraq göstərilən ərazidə torpaq sahəsinin ölçüsü 1121,0 kvadrat metr təşkil edir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, əvvəla cavabdeh özü yazır ki, sözügedən bağ torpaq sahəsi sənəddəkindən çox deyil, əksinə 79 kvadrat metrdir, digər tərəfdən İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının nnn saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. hkəməsinə müraciət etmişdir. Sözügedən iddia tələbinin əsasında adıçəkilən order durur ki, orderdə də bağ torpaq sahəsinin ərazisi 0,12 hektar qeyd edilmişdir. Eyni zamanda, Ali Məhkəmə 2-1(102)-1030/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarında iddianın təmin edilməsi barədə qərara dair aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmışdır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən X3 tərəfindən verilmiş torpaq sahəsinin verilməsi haqqında əmrə əsasən X2 ərazisində Bakı şəhəri, Buzovna qəsəbəsi 221 saylı 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov