Məhkəmə qərarları › İş №2-1(112)-3874/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3874/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3874/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş hesablama qaydasında pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixindən ona 50 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması, əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin olunmuş pensiya yenidən haqq-hesab edilərək hesablanması və hesablanma zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən ona xx.xx.2016-ci il tarixdən ikinci siyahı ilə 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilib hesablanarkən xx xxxxxx 2010cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (xx.xx.2009, № 904-İİİQD) dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu ona münasibətdə tətbiq edilmişdir. Baxmayaraq ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2009-cu il tarixində yaranmışdır. Bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2006, №54- İİQ) xx.xx.2009-cu il tarixində qüvvədə olan 10-cu maddəsinin 10.2-ci bəndindəki və 27-ci maddəsindəki hüquqları pozulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2009-cu il tarixdə qazanmışdır. Ona görə də ona güzəştli şərtlərlə yaşa əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən hesablanıb ödənilməlidir. Bununla əlaqədar 50 yaşı tamam olduğu zaman və ondan sonra dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə müraciət etsə də onlardan müsbət cavab ala bilməmişdir. Ona ancaq 57 yaşından xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Belə ki, o, xx.xx.1974-cii il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı şəhəri 10 nömrəli texniki peşə məktəbində təhsil alaraq, Diplom AN 312861 sənədinə yiyələndikdən sonra 15.12.77-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən “Buxta İliç” dəniz neft kəşfiyyat idarəsində dizelist-motorist vəzifəsində fəaliyyətə başlamışdır. xx.xx.1997-ci il tarixdə işdən azad olmuşdur. xx.xx.1990-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Dübəndi neft bazasında işləmişdir. xx.xx.1996-cı il tarixdən “Abşeronneft” NQÇİdə operator vəzifəsinə başlamışdır. Hal-hazıradək 4-cü dərəcəli operator vəzifəsində çalışır. Göstərilənlərdən məlum olur ki, onun xx.xx.1997-ci tarixədək 20 ildən yuxarı ümumi stajı, 10 ildən yuxarı 1-ci siyahı ilə dəniz şəraitində işlədiyi xüsusi stajı vardır ki, bu da əsas verir ki, ona 50 yaşından xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilsin. xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə müraciət edərək bildirmişdir ki, ona xx.xx.2016-ci ildən DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən pensiya təyin edilmiş, pensiya işi həmin şöbədədir. Lazım olan sənədlər həmin işdə olmasına baxmayaraq, cavabdeh xx.xx.2020-ci il tarixdə **********7 saylı cavab məktubunda bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaydaların 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq, əmək pensiyası hüququ olan şəxslərə pensiya təyinatı hansısa sənədlər əsasında həyata keçirilir. Baxmayaraq ki, müraciətində göstərmişdir ki, lazım olan sənədlərin əsilləri pensiya işindədir və işi də DSMF-nun Xəzər rayon şöbəsindədir. Cavab məktubunda yazılanlarla əlaqədar bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinə xx xxxxxx 2010-cu il tarixində edilmiş dəyişiklik ona münasibətdə tətbiq edilməlidir. Ona görə ki, onun əmək pensiyası hüququ xx.xx.2009-cu il tarixdən yaranmışdır. Ona görə də ona əmək pensiyası təyin edilib hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri ona münasibətdə tətbiq edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçıya xx.xx.2016-cı il tarixdə (57 yaş) DSMF-nun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (a) bəndinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. ARDNŞ “Azneft” İB “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 251 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1996- xx.xx.2016-cı illər ərzində güzəştli peşələrdə işləmişdir. Yəni xx.xx.2006-cı il tarixinədək güzəştli sahədə yalnız 9 il 9 ay işləmişdir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən ümumi iş stajı olan güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin b a bəndinin müddəalarını iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1959-cu il təvəllüdlüdür. İşdə olan A № 312861 saylı diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Bakı şəhəri 10 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 1977-ci ildə bu məktəbi tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təmirçi-çilingər işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, SOCAR “X6 Tresti”ndə xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək Qazma qurğusunda 3-cü dərəcəli dizel-motorçu peşəsinə qəbul edilib, xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilədək Qazma qurğusunda 4-cü dərəcəli dizel-motorçu peşəsinə keçirilib, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək Qazma qurğusunda 4-cü dərəcəli motorçu peşəsinə keçirilib və həmin tarixdə işdən azad edilib. xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək fəhlə, xx.xx.1996-cı ildən xx.xx.2017-ci ilədək “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir. İşdə olan SOCAR “X6 Tresti” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən (Əmr №2/k, xx.xx.1981-ci il) xx.xx.1990-cı ilə kimi (Əmr № 76-k, xx.xx.1990-cı il) “lliç Buxtası” X7 İdarələrdə işləmişdir. 1958-ci ildə 1 saylı Qazma Kontoru “lliç Buxtası” X7 idarəsi adlandırılmışdır. “lliç Buxtası” X7 İdarəsi “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin xx.xx.1991- ci il tarixdən 299 saylı əmrinə müvafiq olaraq “Bayıl Limanı” X7 İdarəsi adlandırılmışdır. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və 14 03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X6” tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X7 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X6” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X7 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” X5 verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil“ X8 ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi “X6” trestinin tərkibinə verilmişdir. xx.xx.1981ci ildən xx.xx.1981-ci ilədək Qazma qurğusunda 3-cü dərəcəli dizel-motorçu peşəsinə qəbul edilib, xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilədək Qazma qurğusunda 4-cü dərəcəli dizel-motorçu peşəsinə keçirilib, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək Qazma qurğusunda 4-cü dərəcəli motorçu peşəsinə keçirilib və həmin tarixdə işdən azad edilib. Həmin müddətə iş stajı 09 il 06 ay 12 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx xxxx 2016-cı il tarixli, 251 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2016-cı ilədək “Abşeronneft” NQÇİnin 1 saylı NQÇS-də neft və qazçıxarma üzrə operator peşəsində işləyir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı cəmi 20 il 04 ay 17 gün. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2-ci bölməsinə aiddir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsi tərəfindən verilmiş pensiya uçot vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İşin hallarından görünür ki, iddiaçı xx xxxx 1959-cu il təvəllüdlüdür. Ona xx xxxx 2016-cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı onun 1997-ci il 1 avqust tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na əsasən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajı topladığını nəzərə alaraq ona 50 yaşı tamam olduğu xx xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunn 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya təyin edilən dövr qüvvədə olan tələblərinə əsasən 57 yaşdan, yəni xx xxxx 2016cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Hazırki iddia tələbi üzrə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ o zaman yaranır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə tələb olunan 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajını xx.xx.1997-ci il tarixə kimi toplamış olsun. Belə olan halda onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən 50 yaşı tamam olan tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olardı. Məhkəmə araşdırması dövründə iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla onun xx xxxxxx 1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajının olması müəyyən edilsə də, lakin həmin stajın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə tələb olunan 10 ildən çox zərərli əmək şəraitində əmək stajına aid olunması müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, 251 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2016-cı ilədək “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-də işlədiyi neft və qazçıxarma üzrə operator peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına aiddir. Belə olan halda iddiaçının hətta xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 09 il 09 ay təşkil edir. Bununla da iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövr qüvvədə olan 9.1 və 9.8-ci maddəsinin tələblərinə əsasən xx.xx.2016-cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı xx xxxxxx 1997-ci il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na əsasən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı toplamadığından onun tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar