Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-388/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncama dəyişiklik edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 186 saylı xx.xx.2015-ci il tarixli sərəncamına dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 186 saylı xx.xx.2015ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 nömrəli binanın yaşayış sahəsi 42,94 kv.m. olan 3 otaqlı 16 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə iddiaçının mərhum həyat yoldaşı X2 verilmişdir. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mənzili özəlləşdirərək dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müracət etmiş, lakin imtinada bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Ona görə də, cavabdehə müraciət edərək həyat yoldaşının adına verilən sərəncama dəyişiklik edilərək mənzilin iddiaçının adına sənədləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Lakin cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir.
3. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Cavabdeh Başçısının 186 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncamda aşağıdakı göstərişlər verilmişdir: -“11 № İMTT-nin 15 № Tİ-nin müdiriyyəti və Həmkərlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli 11 № birgə iclas protokolun təsdiq edilsin. -Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 nömrəli binanın yaşayış sahəsi 42,94 kv.m. olan 3 otaqlı 16 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə (özü 1962-ci il təvəllüdlü X4, arvadı 1965-ci il təvəllüdlü İddiaçı, oğlu 1992-ci il təvəllüdlü X5 və qızı 1993-cü il təvəllüdlü X6) vətəndaş X3 verilsin; - vətəndaş Fərrux Kərəm oğlu məsi və onun ailə üzvləri ilə birlikdə mənzil növbəsindən çıxarılsın.”
4. Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, qeyd olunan mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.
5. Cavabdeh işə əlavə olunmuş iddiaçının müraciətlərinə ünvanladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarında imtinanın əsası kimi bildirmişdir ki, Nərimanov RİH-nin xx.xx.2015-ci il tarixli , 186 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşı və ailə üzvləri ünvan 2 ünvanına yalnız pasport qeydiyyatına alınmaqla yaşadıqları üçün nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərədə tutulan birtipli sosial kirayə müqaviləsinin forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən, ərizənin təmin edilməsi imkan xaricindədir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11893/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 1024/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11893/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad aşağıdakı kimi əsaslandırılmışdır: “...İddiaçının hazırkı apellyasiya şikayətinin dəlillərindən və onun hazırkı məhkəmə iclasında izahatında ifadə etdiyi mövqeyindən aydın olur ki, o, heç də Cavabdeh başçısının 186 saylı, xx.xx.2015-ci il tarixli sərəncamını mübahisələndirmir. Əksinə, həmin qərarın qanuni və əsaslı hesab edərək razı olduğunu bildirir və məqsədinin həmin mənzili öz adına özəlləşdirmək üçün cavabdehdən mənzilə dair onun adına sərəncam verilməsini tələb edir. Onun məqsədi dolayısı ilə onun hazırkı idda tələbindən də görünür. Beləliklə də, əslində, iddiaçının məqsədi məcburetmə haqqında iddia vasitəsilə cavabdeh tərəfindən mənzilin onun adına rəsmiləşdirilməsi barədə tamamilə yeni bir sərəncam verilməsini tələb edir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçı ilə həmin mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul ediləcəyi təqdirdə, bu hal iddiaçının məqsədinə və arzuladığı inzibati akta tamamilə uyğun olmaqla onun mənafeyini ehtiva edir...”
8. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, X4 RXDSİK-nın xx.xx.1985-ci il tarixli, 26 №-li Qərarı əsasında iş yeri üzrə (Bakı Baş Tikinti İdarəsinin 11 №-li İMTT-nın 15 №-li Tikinti idarəsi) mənzil növbəsinə götürülmüşdür. Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 86 №-li Sərəncamı ilə 11 №-li ictimai Mədəni-Tikinti Trestinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli, 11 №-li birgə protokolu təsdiq olunmuş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B" məhəlləsi, Neapol küçəsi, 24 №-li binanın 3 otaqlı 16 №-li mənzili ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı-İddiaçı, oğlu, qızı) F.K.Kərimova verilmişdir. F.K.Kərimov xx.xx.2020-ci ildə vəfat etmişdir. Sözügedən yaşayış binası Cavabdehin balansında olmadığından həmin binanın mənzillərinə dair inzibati aktın qəbul edilməsi səlahiyyətləri xaricindədir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən bina yarımçıq tikilidir və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur qurumlarının balansına qəbul edilməmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Neapol küçəsi 24 saylı bina məcburi köçkünlərin məskunlaşdığı yarımçıq tikilidir və istismara qəbul edilməmişdir. Bu səbəbdən sorğuda göstərilən ünvanın balanssaxlayıcı qurumu barədə məlumat yoxdur.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli yaşayış binasının balanssaxlayıcısına dair məlumat verilməsi barədə məktubda qeyd edilmişdir ki, qeyd edilən yaşayış binasının tikintisinə keçmiş X1 sifarişi ilə başlanmış və binanın tikintisi yarımçıq qalmışdır. Eyni zamanda məlumat üçün qeyd edilmişdir ki, X1 bazasında "xxxx" ASC yaradılarkən sözügedən yaşayış binası məişət-kommunal təyinatlı obyekt olduğu üçün Cəmiyyətin emissiya prospektinə daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən, özəlləşdirilən və ya ləğv edilən dövlət müəssisələrinin (birliklərinin) sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin aidiyyəti dövlət orqanlarının balansına verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, qeyd edilən yaşayış binasının yarımçıq tikilisi aidiyyəti yerli icra hakimiyyəti tərəfindən balansa qəbul edildikdən sonra həmin əmlak barədə dövlət əmlakının registrində müvafiq qeydiyyatın aparılması təmin edilcəkdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məlumat və sənəd surətlərinin verilməsi barədə xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, 24 saylı binada qeydiyyata alınmış mənzillərə dair məlumatlar təqdim edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
15. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. X10 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
25. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh başçısının 186 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, 11 № İMTT-nin 15 № Tİ-nin müdiriyyəti və Həmkərlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli 11 № birgə iclas protokolun təsdiq edilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 nömrəli binanın yaşayış sahəsi 42,94 kv.m. olan 3 otaqlı 16 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə (özü 1962-ci il təvəllüdlü X4, arvadı 1965-ci il təvəllüdlü İddiaçı, oğlu 1992-ci il təvəllüdlü X5 və qızı 1993-cü il təvəllüdlü X6) vətəndaş X3 verilməsi, vətəndaş F.K. Kərimov ailə üzvləri ilə birlikdə mənzil növbəsindən çıxarılması qərara alınmışdır.
26. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı faktiki olaraq Cavabdeh başçısının 186 saylı, xx.xx.2015-ci il tarixli sərəncamını mübahisələndirmir. Əksinə, həmin qərarın qanuni və əsaslı hesab edərək razı olduğunu bildirir və məqsədinin həmin mənzili öz adına özəlləşdirmək üçün cavabdehdən mənzilə dair onun adına sərəncam dəyişdirilməsini tələb edir.
27. Məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 mənzilin mərhum X2 məxsusluğu barədə arayışın verilməsi tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etməklə öz məqsədinə çata bilər.
28. Odur ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istinsa etmir, belə ki, səlahiyyətli inzibati orqana müraciət yoxdur. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir.
29. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
31. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva