Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3880/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «müqavilə üzrə əsas borcun və faiz borcunun bank əməliyyat sistemindən silinməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «müqavilə üzrə əsas borcun və faiz borcunun bank əməliyyat sistemindən silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı (hazırkı iddiaçıya) qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiada "xxxx" ASC ilə İddiaçı arasında bağlamış 736 nömrəli 27 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin qarşısında 1.233,86 manat əsas borc, 949,91 manat cərmə borcu, müqavilə müddəti bitdikdən sonra 183,77 manat borc olmaqla, cəmi 2.367,54 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 736 nömrəli 27 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 28%-lə 2.850 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtləri pozularaq, müvafiq öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən İddiaçı borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, o, borcun qaytarılmasından yayınmışdır. 27 may 2011-ci il tarixli kedit müqavləsinə əsasən İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin qarşısında 1.233,86 manat əsas borc, 949,91 manat cərmə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-ə görə 183,77 manat borcu olmaqla, cəmi 2.367.54 manat borcu yaranmışdır. Lakin iddia müddəti ötürüldüyündən, Zəngilan Rayon Məhkəməsinin 2(034)-62/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəmənin qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu ərəfədə məlum olmuşdur ki, borc olduğu kimi Bankın sistemində qalmış və üzərinə faiz əlavə olunmuş və əlavə olunmaqda davam edir. Yəni, bankın iddiası məhkəmə qaydasında rədd olunmasına baxmayaraq, borc bank tərəfindən sistemdən silinməmişdir. İddiaçı məsələyə aydınlıq gətirilməsi üçün ərizə ilə Əmanətlərin Sığortanlanması Fonduna müraciət etmişdir. Ərizəyə baxılmış və məsələnin həllindən imtina olunmuşdur. Əmanətlərin Sığortanlanması Fondu imtanasını onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Məsələnin həlli ilə bağlı inzibati məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və cavabdeh qanunsuz hərəkətlərə son qoymamışlar. Göstərilənlərə və İPM-in 2.1, 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 736 nömrəli 27 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 1.233,86 manat əsas borc, 949,91 manat cərmə borcu, Konstitutsiya Məhkəməsinin qərarına əsasən hesablanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra 183.77 manat borcu olmaqla, cəmi 2.367.54 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun bankın sistemindən silinməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 25.2-ci maddəsinə görə ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı iddiasında cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «müqavilə üzrə əsas borcun və faiz borcunun bank əməliyyat sistemindən silinməsi» tələbini irəli sürür. Hazırkı iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu inzibati orqan olsa da, onun leğvedicisi kimi çıxış etdiyi "xxxx" ASC ilə bağlanmış müqavilə üzrə öhdəliklərinə dair qərarlar və hərəkətlər inzibati akta, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsindəki “faktiki xarakterli hərəkətlər”ə bərabər tutula bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu bu mübahisədə inzibati orqan kimi yox, ləğv prosesində olan hüquqi şəxsin ləğvedicisi kimi çıxış edir və mübahisə publik deyil, mülki xarakterlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4 – 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: - «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir; - «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Belə olan halda məhkəmənin qənaətinə görə qaldırılan iddia tələbi üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və iddiaya inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3880/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3880/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver