Məhkəmə qərarları › İş №2-1(112)-3881/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3881/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3881/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, ailə üzvləri X2, X5, X4 Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksində ailə tərkibinə uyğun olaraq 3 otaqlı mənzillə təmin edilmək vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Laçın rayonu, Qarakeçdi kəndindən erməni qəsbkarlarının işğalı nəticəsində məcburi köçkün düşmüşdür, 1993-cü ildən ünvan 1 ünvanında yerləşən Radiozavodun 4 saylı yataqxanasında ailə üzvləri ilə məskunlaşmışdır. Dövlətin məcburi köçkünlərə xüsusi qayğısının nəticəsi olaraq məcburi köçkünlər üçün yaşayış kompleksləri inşa edildiyindən, onlara da 2018-ci ilin iyul ayından Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürməyə başlamışlar. Onun ailə təkibinə - özü, həyat yoldaşı və iki azyaşlı övladları daxildir. Yəni onların ailə tərkibinə 4 nəfər ailə üzvü aiddir. Onlar həmin yaşayış kompleksində 2 otaqlı mənzilə köçürüləcəklərini bildikdə, Natiq Hüseynov adlı Komitənin məsul əməkdaşına buna etirazını bildirmişdir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 saylı “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 4.1.3-cü bəndinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq, ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara 3 otaq verilməsi müəyyənləşdirilir. Buna baxmayaraq, o, qərara dəyişiklik edildiyini əsas gətirərək onu inandırmağa çalışmışdır ki, 4 nəfər ailə üzvü olan ailələrə 2 otaqlı mənzil verilir. O da ona inanmışdır. Lakin onlar köçürüldükdən sonra görmüşdür ki, onlar kimi 4 nəfər ailə üzvü olan (ər, arvad və 2 uşaq) elə uşaqları onun uşaqları ilə həmyaşıd olan ailələr var ki, onalara 3 otaqlı mənzil verilmişdir. Məsələn, Laçın rayonu, Əhmədli kənd sakini X6 da 4 nəfər ailə üzvü var, ona 5-ci bina, 2 saylı olan 3 otaqlı mənzil verilmişdir. Hətta 4 nəfər ailə üzvü olan və daha əvvəl “Qobu Park 1” yaşayış kompleksində 2 otaqlı mənzil ilə təmin edilmiş Sevil İbadullayevanın ailəsi xx xxxxxx 2018-ci il tarixdə 4-cü bina 20 saylı 2 otaqlı mənzildən 6-cı bina saylı 3 otaqlı mənzilə köçürülmüşdür. Ona verilən mənzil 52,1 kv.metrdir, 1 yataq otağı və 1 qonaq otağından ibarətdir. Qanunvericilik 4 nəfərlik ailə üzvü üçün 3 otaqlı mənzil nəzərdə tutduqda orada yaşayan hər bir kəsə yaşayış şəraitinin, ölçüsünün uyğun düşməsini rəhbər tutmuşdur. O, dəfələrlə Komitədə sədrin və aparat rəhbərinin qəbulunda olmuş, orada ona onlara haqsızlıq edildiyini bildirsələr də, heç bir köməklik edilməmişdir. Onlarla müraciətlər etmişdir, heç bir səmərəsi olmamışdır. Sonuncu dəfə Komitəyə etdiyi qanunvericiliyə uyğun həcmdə yaşayış sahəsi ilə təmin edilmək üçün müraciətə baxılmış, bundan imtina edilmişdir. Qeyd edilmişdir ki, Dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması və verilən mənzilin dəyişdirilməsinin yolverilməz olduğu nəzərdə tutulur. Göründüyü kimi, öz təcrübəsində onun ailə tərkibi ilə eyni olan ailələri 3 otaqlı mənzillə, hətta sonradan dəyişərək 2 otaqlıdan 3 otaqlı köçürməklə təmin edən Komitə ona qarşı ayrı-seçkilik edir. Halbuki, qanuna əsasən onun həmin inzibati orqan olan Komitəyə etimadı belə qanunla qorunduğu halda, ona dair başqa cür, qonşuya dair başqa cür qərarlar verir. Cavabdeh inzibati orqana həvalə edilmişdir ki, qanunvericilik çərçivəsində məcburi köçkünləri müvəqqəti də olsa, yaşayış sahəsi ilə təmin etsin. O, Komitədən qanunazidd heç nə istəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 saylı «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»na uyğun ona və ailə üzvlərinə mənzil verilməsi zəruridir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi X13 oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə mənzilinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq Komitə xx.xx.2020-ci il tarixli 01/6388 nömrəli məktubu ilə bildirmişdir ki, Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədilə ünvan 2 ünvanında 2 otaqlı evlə təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq məznillə təmin olunmuş məcburi köçkün ailələri Dövlət tərəfindən yenidən ayrıca mənzillə təmin olunması həyata keçirilmir və məcburi köçkünlərə müvəqqəti məskunlaşmaq məqsədilə verilmiş mənzillərin dəyişdirilməsinin yolverilməz olduğu bildirilmişdir. Bu səbəbdən müraciətinin müsbət istiqamətdə həll edilməsinin imkan xaricində olması qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəri yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, həmçinin qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Həmçinin məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq təmin edilirlər. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı, müvafiq Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Komitə tərəfindən bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Qaydanın 2.2-ci bəndinə əsasən, yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Qaydanın 2.3-cü bəndinə əsasən, rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə ehtiyacı olan digər ailələrin köçürülməsi mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, mənzillə təmin olunmuş məcburi köçkünlər və onların ailə üzvləri sonradan ayrıca mənzillə təmin olunmurlar. Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən Radiozavodun 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin məskunlaşdırılması və köçürülməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 01 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na edilmiş Əlavələrin 1.7-ci bəndinə uyğun olaraq yataqxanalarda məskunlaşan məcburi köçkünlərin yerləşdirilməsi tədbiri ilə əlaqədar həyata keçirilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə Qaydaların tələblərinə uyğun olaraq siyahıya alınmışdır. 2018-ci ildə iyul ayında həmin yataqxana köçürülən zaman Komitənin balansında yalnız 2 otaqlı mənzillər olduğundan İddiaçı ünvan 2 ünvanında 2 otaqlı mənzil təklif edilmişdir. Komitə tərəfindən İddiaçı təklifi edilən mənzili o, qəbul etmişdir. Bu səbəblə Qobu Park 1 saylı yeni yaşayış qəsəbəsində yerləşən 4 saylı binanın 71 nömrəli mənzilinə dair Komitənin Mənzil istismar departamenti ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli 4/71 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır, iddiaçı şəxsə qeyd olunan 2 otaqlı mənzil təklif edilərkən bunu bilmiş, həmin mənzilin 2 otaqlı olmasına dair hər hansı bir etirazını bildirməmişdir. Həmçinin 2 otaqlı mənzilin qəbul edilməsi ilə bağlı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini imzalayaraq qəbul etmişdir. Beləliklə, iddiaçı şəxs ona verilən mənzili qəbul etməklə öz mənafelərini gerçəkləşdirmək üçün iradə ifadəsinə uyğun olaraq sərbəst surətdə müqavilə şərtləri ilə razılaşmış və müqaviləni imzalayaraq mənzili qəbul etmişdir. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçrilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda tam qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Mövcud situasiyada isə artıq Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilmiş məcburi köçkünün yenidən ayrıca yaşayış sahəsi əldə etməsi ədalətlilik prinsipinin tələblərinə də cavab vermir. Bununla yanaşı, Qopu Park 1 yaşayış kompleksində məcburi köçkün ailələri üçün salınmış qəsəbəyə köçürmə prosesi başa çatmışdır. Odur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 99.4-cu maddəsinin tələbinə və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2-ci bəndinə əsasən, İddiaçı və ailə üzvlərinin Komitə tərəfindən ayrıca yenidən mənzillə təmin olması və ona verilmiş mənzilin dəyişdirilməsi mümkün deyildir. Odur ki, irəli sürülmüş mənzillə təmin olunma barədə iddia tələbi tam əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı 168564 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 352478 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 366243 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Verdiyev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından X9 və X10 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında imzalanmış 4/71 nömrəli xx.xx.2020-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park, 4 nömrəli evdə 71 nömrəli mənzildə yerləşən 52,1 kv.m ibarət 2 otaqlı yaşayış sahəsi kirayəçi - İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri: İddiaçı (ailə başıçısı), X7 (həyat yoldaşı), X9 (oğlu) və X10 (oğlu). İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 01/11403 saylı məktubda qeyd edilir: Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün yeni inşa edilmiş “Qobu Park 2” yaşayış kompleksinin açılışı ilə bağlı keçirilən tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsən təqdim etdiyiniz ərizəyə aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərkibində fəaliyyət göstərən xüsusi Komissiyada baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, siz ünvan 3 ünvanında 2 otaqlı mənzillə təmin olunmusunuz. Dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün Sizin ailənizin yenidən mənzil növbəsinə götürülməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 01/4478 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə daxil olmuş daxil olmuş müraciətinizə aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi Komissiyada baxılmışdır. Bildiririk ki, Siz ünvan 4 ünvanında 2 otaqlı mənzillə təmin edilmisiniz. Dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması və verilən mənzillərin dəyişdirilməsinin yolverilməz olduğu nəzərdə tutulduğu üçün Sizin ailənizə yenidən mənzil verilməsi mövcud qaydalara ziddir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində tətbiq edilən sosial müdafiə tədbirlərindən biri də onların müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın: 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir; 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir; 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir; 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir; 2.3-cü bəndinə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir; 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə; 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra kirayə müqaviləsi) əsasında verilir; 2.6-cı bəndinə əsasən kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir; 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir; 4.1. Yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir: 4.1.1. ailə tərkibi 1 nəfərdən ibarət olanlara -1 otaq; 4.1.2. ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara -2 otaq; 4.1.3. ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara -3 otaq; 4.1.4. ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara -4 otaq. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.7-ci bəndinə əsasən yataqxanalarda yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2012-2015-ci illər ərzində Respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Laçın rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.7-ci bəndinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq yataqxanalarda yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq iddiaçı ailə üzvləri ilə birlikdə siyahıya alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında 4/71 nömrəli xx.xx.2020ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi imzalanmış və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park, 4 nömrəli evdə 71 nömrəli mənzildə yerləşən 52,1 kv.m ibarət 2 otaqlı yaşayış sahəsi iddiaçının özü də daxil olmaqla dörd nəfər ailə üzvünün müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Hazırda iddiaçı ailə üzvlərinin sayına əsasən onların 3 otaqlı mənzillə təmin edilməsini tələb etsə də, iddiaçının cavabdehlə imzaladığı müqaviləyə əsasən onların müvəqqəti sahibliyinə və istifadəsinə 2 otaqlı mənzilin verilməsi ilə əlaqədar tərəflər arasında razılıq əldə edilmiş və bununla əlaqədar müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən məhkəməyə verilmiş məlumatdan görünür ki, həmin yaşayış kompleksində məcburi köçkün ailələri üçün salınmış qəsəbəyə köçürmə prosesi başa çatmışdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Göründüyü kimi, qanunvericilikdə ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsinin verilməsi istisna edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar