Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3882/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvan: Bakı şəhəri, A.Şərifzadə küçəsi ev 10, mənzil 15; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, sahəsi 12,97 kv.m olan mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair iddiaçının adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən yataqxanada sahəsi 12,97 kv.m olan bir otaqlı mənzil 10 ildir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Sözügedən birotaqlı mənzil istifadəsinə və sahibliyinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən, 420 №-li xx.xx.2011-ci il tarixli order əsasında verilmişdir. Eyni tarixdə həmin Departamenlə aralarında yaşayış sahəsinə görə kirayə müqaviləsi bağlanmışdır. Müqavilə bağladığı vaxtdan hal-hazırkı dövrədək qeyd olunan mənzildə ailə üzvlərilə birgə yaşamış, kommunal xərcləri ödəmiş, istifadəyə yararlı olması üçün onun cari təmirini həyata keçirmişdir. Dövlət özəlləşdirmə proqramına uyğun olaraq, təxminən 2012-ci ildə Dövlət Neft Şirkətinin Sİİ-nin Mənzil Kommunal Xidmətlər Departamenti mənzilinin yerləşdiyi yataqxananı Bakı şəhər İH-nin balansına vermişdir. Sözügedən mənzil onun qanuni sahibliyində və istifadəsində olsa da, mülkiyyətində olmadığı üçün barəsində öz mülahizəsinə uyğun sərəncam verə bilməmişdir. Odur ki, ərizəsinə müvafiq sənədləri əlavə etməklə cavabdehə rəsmi qaydada müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtina cavabı ilə razı deyil və hesab edir ki, həmin cavab qüvvədə olan qanunvericiliyə zidd olmaqla ölkə qanunları ilə nəzərdə tutulmuş mənzil hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədləri təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş 420 saylı order xx.xx.2011-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********70 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Belə ki, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli fərmanına əsasən Məcəllənin 62.2ci maddəsinə nəzərdə tutulan orqan funksiyasını Nazirlər Kabineti həyata keçirməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 420 nömrəli xx.xx.2011-ci il tarixli Orderinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, sahəsi 12,97 kv.m olan mənzil İddiaçı ayrılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, sahəsi 12,97 kv.m olan mənzilə dair “Yataqxanada yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş mənzil sosial təyinatlı olmadığından, hazırkı iddia tələbinə qiymət verilərkən cavabdeh orqanın yuxarıda qeyd edilən maddi hüquq normalarına istinadı düzgün deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 420 nömrəli xx.xx.2011-ci il tarixli Order əsasında İddiaçı ayrılmış mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə ünvanladığı xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ARDNŞ Təhlükəsizlik İdarəsində referent vəzifəsində işləmiş və ünvan 4 ünvanda yerləşən ailəvi yataqxanada 304 nömrəli ailə üzvləri ilə birlikdə (özü və oğlu) yaşamışdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 4 ünvanda yerləşən 304 nömrəli mənzildə yaşadığından və həmin mənzil iddiaçıya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 420 nömrəli xx.xx.2011-ci il tarixli Order əsasında ayrıldığından, iddiaçının həmin mənzili müvafiq qanunvericiliyə uyğun olaraq özəlləşdirmək hüququ olmuşdur. Həmçinin, cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə cavabdeh inzibati orqanın dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamışdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə mənzil kirayə müqaviləsinin bağlanması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzilin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd deyildir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmənin qənaətinə görə, iddiaçının 2006-ci ildən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzildə yaşadığından, həmin mənzilin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 420 nömrəli xx.xx.2011-ci il tarixli Order əsasında ona ayrıldığından, həmçinin iddiaçı ilə sosial kirayə müqaviləsi deyil, mənzil kirayə müqaviləsi bağlanıldığından, həmin mənzilin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmadığından, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, sahəsi 12,97 kv.m olan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, sahəsi 12,97 kv.m olan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3882/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3882/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver