Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3883/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı1 cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və oğlu X10 Bakı şəhəri, Xutor qəsəbəsi, Şimal Şit ünvanında qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, X10 da iddiaçı qismində qəbul edilməsini, İddiaçı1 və X10 ünvan 1 ünvanı üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 Nərman qızı və oğlu X13 ünvan 2 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq X2 qeydiyyatda olduğu ünvan 3 ünvanda X1 əlavə X8, X7 və X9 qeydiyyatdadır. Bakı şəhəri, Xutor qəsəbəsi, Şimal Şit, ev 109 ünvanında yerləşən ev 3 mərtəbədən ibarət olmaqla 300 kv.m sahəni əhatə edir. Naibə Adilovanın iddiaçıların həmin ünvana qeydiyyata düşməyinə heç bir etirazı yoxdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat və sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçılar ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etsələr də, yuxarıda qeyd edilən sənədlərdən hər hansı birini təqdim etməmiş, həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuşdur. Lakin işdə olan Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktbundan görünür ki, ərazi üzrə 53 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən fərdi yaşayış evinə aid onlarda heç bir hüquqi sənəd yoxdur, ev mərhum X3 adına olmuş və həmin ünvanda hal-hazırda qızı İddiaçı1, özü və 5 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatsız yaşayırlar. İş materiallarında olan X4, X5, X6 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, onlar ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Beləliklə, istinad olunanlardan görünür ki, mübahisəli ünvan özbaşına tikili olsa da, cavabdeh iddiaçıların qohumlarını həmin ünvana yaşayış yeri üzə qeydiyyata almışdır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” ( “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı). Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh digər şəxsləri qeydiyyata aldığı ünvan 5 ünvanına iddiaçıları qeydə almaqdan imtina etməsi sonuncuların hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Bu müdaxilənin mütənasibliyi isə çəkişən maraqların mütənasibliyinin qiymətləndirməsi ilə müəyyən edilə bilər. Məhkəmə şəxsin yaşayış yeri üzrə qeydə alınmasının qanunvericiliyin tələbindən irəli gəlməklə ictimai marağa uyğun olduğunu, cavabdeh tərəfindən digər şəxslərin 10A saylı fərdi yaşayış evinə qeydiyyata almasının digər şəxslərin hüquqlarına müdaxilə etmədiyini, iddiaçıların qohumlarının da hazırda həmin ünvanda qeydiyyata olmaqla yaşamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçılar xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.1995-ci il təvəllüdlü İddiaçı2 ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3883/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3883/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver