Məhkəmə qərarları › İş №2-1(112)-3884/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3884/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3884/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının müəyyən edilərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “X1 Elm Birliyi”nin Mərkəzi Aparatmda işlədiyi 6 (altı) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətini pensiya təminatında yenidən dövlət qulluqçusu kimi hesab edilərək pensiyasının dövlət qulluqçusu kimi hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 09.04.1979-cu ildən Azərbaycan Respublkası Kənd Təsəsrrüfatı Nazirliyinin Respublika X2 böyük aqronom vəzisifəsində əmək fəaliyyətinə başlayıb. Azərbaycan Respublkasında “X1 Elm Birliyi”nin yaradılması ilə əlaqədar 20.05.1980-ci il tarixində keçirmə yolu ilə qeyd edilən orqanın Bitki Mühafizəsi İdarəsində əmək fəaliyyətini davam etdirib. 25.01.1984-cü il tarixində “X1 Elm Birliyi” sədrinin köməkçisi vəzifəsinə keçirmə yolu ilə əmək fəaliyyətini davam etdirib. 16.02.1987-ci ildən 11.09.1995-ci il dövründə Azərbaycan Respublkasının Plan Komitəsi-X4 rəisi vəzifəsində əmək fəaliyyətini davam etdirib. Hökumət Qərarı ilə Azərbaycan Respublkasının Plan Komitəsinin adı dəyişdirilərək Azərbaycan Respublkası İqtisadiyyat Nazirliyi adlandırılmışdır. 11.09.1995-ci il tarixində keçirmə yolu ilə Azərbaycan Respublkası Prezidentinin İcra Aparatının sərəncamına göndərilib. Həmin tarixdən 12.05.2000-ci il dövrünə kimi Prezident Aparatının ərazi idarəetmə orqanları şöbəsində böyük referent vəzifəsində əmək fəaliyyətini davam etdirib. 16.05.2000-ci ildən 01.05.2001-ci il dövründə Azərbaycan Respublkası İqtisadiyyat Nazirliyində Aqrar-sənaye kompleksi şöbəsində bölmə rəisi vəzifəsində işləyib. Əmək pensiyasına çıxmağı ilə əlaqədar olaraq 07 iyun 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib. Bu müraciətinə 16 iyun 2021-ci il tarixli 2/********** nömrəli məktubla bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət Qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxan qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filial “X1 Elm Birliyi”ndə işlədiyi 6 (altı) il 8 (səkkiz) ay 26 (iyirmi altı) günü hesablamadan dövlət qulluğunda əmək stajını 14 il 2 ay 11 gün hesablamışdır. Mərkəzi Filial hesab edib ki, “X1 Elm Birliyi”ndə işlədiyi 6 (altı) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır. Halbuki “X1 Elm Birliyi” dövlət orqanı olub və o da dövlət qulluqçusu olub. “Dövlət Qulluğu haqqında” Qanun Azərbaycan Respublkasında 2000-ci ildə təsdiqlənmişdir. Bu Qanunun İİ fəsil, “Dövlət orqanları” bölməsinin 7.1-ci maddəsində qeyd edilib ki, Azərbaycan Respublkasının qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublkasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Yuxarıda qeyd etdiyi fəslin dövlət orqanlarının təsnifatı bölməsinin 8.1.6-cı maddəsində qeyd edilir: Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikası Televiziya və X9 (6-cı kateqoriya dövlət orqanları). İşlədiyi “X1 Elm Birliyi” dövlət orqanı və mənim də dövlət qulluqçusu olduğunu adı çəkilən qanunda 3 fakt təsdiq edir: - Yaradılması; - Dövlətin məqsəd və funksiyasının həyata keçirilməsi; -Maliyyələşməsi. İ. Yaranması: Sovet İttifaqı KP MK-nin və SSRİ Nazirlər Soveti tərəfindən “Ölkədə vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 09 avqust tarixli, 765 nömrəli Qərar imzalanmışdır. Bu Qərarın bəndlərinin icra edilməsi üçün Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Soveti 1979-cu il 02 noyabr tarixli, 461 nömrəli Qərar ilə Azərbaycan Respublikası Nazirlər Sovetinin nəzdində ittifaq və respublika tabeli “Azərbaycan Kənd Təsərrüfatının Aqrokimyəvi Xidməti Elm Birliyi”, yəni “Azərkimya” X8 Birliyi yaradılmışdır. Azərbaycan SSR X15 Heyətində müzakirə olunub, Ali Sovetin fərmanı ilə “Azərkimya” X8 Birliyinə sədr təyin olunmuşdur. İİ.Dövlətin məqsəd və funksiyasını həyata keçirilməsi: Azərbaycan SSR Nazirlər Soveti 10 iyul 1979-cu il tarixli, 299 nömrəli Qərarı ilə “X1 Elm Birliyi”nin Əsasnaməsini təsdiq etmişdir. Bu Əsasnamənin 3-cü tapşırığı, yəni “Azərkimya Birliyi” SSRİ, Azərbaycan SSR qanunlarını, SSRİ X15 Heyətinin və Azərbaycan SSR X15 Heyətinin fərmanları, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarını, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin və “İttifaqkəndkimya” Birliyinin əmrlərini, tapşırıqlarını və təlimatlarını rəhbər tutaraq fəaliyyət göstərməsi tapşırılmışdır. Əsasnamənin 6-cı tapşırığı, yəni “Azərkəndkimya” Birliyinin əsas fəaliyyəti bölməsində qeyd edilir ki, E.m.i kolxozlarda, sovxozlarda və dövlətin başqa kənd təsərrüfatı təşklatlarında keyfiyyətin analizinin və başqa kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yoxlanılması, kənd təsərrüfatı torpaq sahələrində, heyvandarlıqda, yem məhsullarında elmi əsaslarla kimyəvi dərmanlardan istifadə edilməsi üçün layihə- smeta sənədlərini, təlimatlarını hazırlayıb aqrokimyəvi xidməti inkişaf etdirərək kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının xəstəliklərdən-zərərvericilərdən qorunması, onalara qarşı kimyəvi dərmanlarla və bioloji üsullarla mübarizə aparılması, torpağın münbitliyinin və məhsuldarlığının artırılması, şoran torpaqların şoranlığının ləğv edilməsi üçün gipsləmə və şoran torpaqların yuyulması və sair işləri “Azərkimya” X8 Birliyi”nə Dövlət tərəfindən tapşırılması göstərir ki, “X1 Elm Birliyi” dövlətin kənd təsərrüfatı sahəsindəki siyasətini həyata keçirmişdir. Bu bölmənin 6. E.m.i tapşırığına əsasən, yəni bütün torpaq sahələrində zərərvericilərə və kənd təsərrüfatı bitkilərinə və çəyirtkələrə qarşı kolxozlarda, sovxozlarda və başqa kənd təsərrüfatı sahələrində aparılası işlərə, kənd təsərrüfatı torpaqlarında təyyarə və vertolyotlarla kimyəvi dərmanların səpilməsi və bu sahədə istifadə olunan avadanlıqlara nəzarət edilməsi, kolxozlarda, sovxozlarda və dövlətin başqa təşkilatlarında kimyəvi dərmanlardan istifadə edilməsinə, ətraf mühitin korlanmamsı üçün görüləcək işlərə Dövlət nəzarəti “Azərkimya” X8 Birliyi”nə həvalə olunmuşdur. Qeyd edilən bu tapşırıqlar bir daha sübut edir ki, “Azərkimya” X8 Birliyi” dövlətin funksiyalarını həyata keçirmişdir. İİİ.Maliyyəşməsi “X1 Elm Birliyi” Respublika və İttifaq tabeli olduğu səbəbindən iki sahənin dövlət büdcəsindən maliyyələşmişdir. Yəni bir hissə İttifaq büdcəsindən, digər hissə isə Respublika büdcəsindən maliyyələşmişdir. Hər il “X1 Elm Birliyi”nin mərkəzi aparatının və tabeçiliyində olan büdcə təşkilatlarının saxlanılması üçün olan xərcləri, sovxoz- kolxoz torpaqlarını əhəngləmə, gipsləmə işlərinin aparılması, kənd təsərrüfatı bitkilərinin zərərvercilərdən qorunması, avadanlıq-inventarın alınması, dövlət kapital qoyuluşuna (əsaslı tikililərinə), təmir işlərinin aparılması kimi işlərin ödənilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılmışdır. Dövlət büdcəsi planı, Azərbaycan SSR Ali Sovetinin çağırışında müzakirə olunub təsdiqlənmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Qərarı ilə təsdiqlənərək Azərbaycan SSR Maliyyə Nazirliyi tərəfindən vəsaitlər paylanmışdır. Bu qeyd etdiyi vəsaitlərin büdcədən ayrıldığını sübut etmək üçün Azərbaycan Respublkası Dövlət Arxivindən 18 noyabr 2010-cu il tarixli, 70 saylı Arxiv Arayışını göstərə bilər. Arayışa əsasən Azərbaycan Respublkası Dövlət büdcəsindən “X1 Elm Birliyi”nə yuxarıda göstərilən işlər üçün 1980-ci il dövrü üçün - 253000 manat, 1981-ci il üçün- 18020000 manat, 1981-ci il dövründə İttifaq Büdcəsindən -766 000 manat; 1982ci il dövrü üçün - 15 915 000 manat; 1982-ci il dövrü üçün əlavə olaraq büdcədən əmək haqqı fondu üçün -1262000 manat; 1983-cü il dövrü üçün - 14605000 manat; 1984-cü il dövrü üçün - ********* manat; 1985-ci il dövrü üçün - 11411000 manat; 1986-ci il dövrü üçün - 12316000 manat; 1986-ci il dövrünə əlavə olaraq sosial - mədəni tədbirlər üçün - 265000 manat; 1986-ci il dövrünə əlavə olaraq əmək haqqı fondu ştatda olan və olmayan təşkilatlar üçün - 2630 000 manat. Əsaslı tikinti kompleksinə tələb olunan avadanlıqla “İttifaqkimya” Birliyinin xətti ilə xarici dövlətlərə və SSRİ-nin ayrı-ayrı regionlarına sifarişlər olurdu. Qeyd edilən sifarişlərin dəyəri İttifaq Büdcəsindən ödənilirdi. Həmin öədnişlərin ayırmaları Azərbaycan SSR-nin Dövlət Arxivində yox, X10 verilmişdir. X5 Arayış almaq mümkün olmadığı səbəbindən yalnız Rusiya Federasiyası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli, 1141 saylı Qərarını əldə etmək mümkün olmuşdur. Sonrakı illərin sənədlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan SSR-nin Dövlət Arxivinə vermədiyi səsəbindən sonrakı illərin sənədləri arxivdə yoxdur. Qeyd edir ki, “X1 Elm Birliyi” yarandığı 02.11.1979-cu ildin ləğv olunan 01.10.1997ci il dövründə iş fəaliyyətində heç bir funsksiyasmı dəyişməmişdir, ilkin əsasnaməsi əsasında fəaliyyət göstərmşdir. Bundan başqa “Azərkimya Birliyi”nin büdcədən maliyyələşməsini bir daha sübut edəcək aşağıda qeyd olunan dövlət qərarlarını göstərə bilər: -Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 13 may 1981-ci il tarixli, 251 nömrəli birgə Qərarı; -Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 05 yanvar ci il tarixli, 21 nömrəli birgə Qərarı; - Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 04 avqust 1983-cü il tarixli, 320 nömrəli Qərarı. “X1 Elm Birliyi” 02.11.1979-cu il tarixində 461 nömrəli Dövlət Qərarı ilə yaradılmış, oktyabr 1997-ci ilə kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 01.03.2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Dövlət qulluqçualarının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18.10.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siayhısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən, siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirlməsi nəzərdə tutulmuşdur. “X1 Elm Birliyi” 1997-ci ildə ləğv olunması səsəbindən onun adının yuxarıda adı çəkilən Tsənifat Toğlusuna daxil olunması nəzərdən qaçırılmışdır. Bunlara baxmayaraq Azərbaycan Respublkasında pensiya siyasətinin icrası Azərbaycan Respublkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılır. Yuxarıda qeyd edilən məsələlərlə bağlı “X1 Elm Birliyi”nin kollektivi dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiyaya, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciətlər etmişdir. Yazılmış kollektiv müraciətlər baxılması üçün Dövlət Sosial Müdafiə Fonduna və Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında X6 üzrə Komissiya 15 dekabr 2006-cı il tarixli, 268/D05 saylı məktubu ilə bildirmişdir ki, qeyd olunan məsələnin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 11 noyabr 2008-ci il tarixli 02/05-238- 1447 saylı məktubu ilə Nazirlər Kabineti Aparatının Hüquq Şöbəsinə bildirmişdir ki, göstərilən qurumun dövlət orqanı olması məsələsinə həmin qurumun fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan qanunvericilyin və səlahiyyətlərini müəyyən edən normativ-hüquqi aktlarda (Əsasnamə, Nizamananəsi və s.)bu qurumun dövlət hakimiyyəti orqanı olması və onun dövlət büdcəsindən maliyyələşdirilməsi araşdırılmaqla baxılması məqsədəuyğundur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna yuxan instansiyalardan göndərilən “X1 Elm Birliyi”nin kollketivinin mürcaiətlərinə və “X1 Elm Birliyi” kollketivinin onlara olan müraciəıtlərinə baxmayaarq ki, aidiyyatı sübut edən sənədlər təqdim olunmasına və dövlət tərfəindən vətəndaşların pensiya siyasətinin onlara həvalə olunmasına baxmayaraq heç bir sənədi araşdırmadan “Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiqlənmiş Təsnifat Toplusunda “X1 Elm Birliyi”nin adının olmadığına görə dövlət qulluqçusu pensiyasısının təyin edilməsi mümkün deyildir“ deməklə kifayətlənmişdir. Adı çəkilən Fərmanın 2-ci bəndi nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq İttifaq, Respublika tabeliyində olmuş, dövlət büdcəsindən maliyyələşmiş “X1 Elm Birliyi” Mərkəzi Aparatında 6 (altı) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün fasiləsiz olaraq işlədiyim vəzifəni inzibati və yardımçı vəzifələrin Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdıraraq əmək pensiyama dövlət qulluğu stajına görə əlavə hesablanmalı idi.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında imtina ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-cı, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 2 ay 11 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İddiaçının 1980-1987-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq X11 tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X12 (Азерсельхозхимия) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən adı çəkilən birlik Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarı ilə, SSRİ Nazirlər Sovetinin “Ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 sentyabr 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq yaradılmışdır. “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində dövlət orqanının anlayışı müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, yuxarıda qeyd edilən Siyahıda isə yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün həmin illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.

5. İddiaçının 1987-1991-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq X11 tərəfindən bildirilmişdir ki, “Azərbaycan SSR Dövlət Plan Komitəsinin təşkilati strukturu və fəaliyyətinin yenidən qurulması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 8 sentyabr 1988-ci il tarixli 307 nömrəli X13 sənaye kompleksinin Kənd təsərrüfatı şöbəsi Komitənin aparatının strukturunda nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün iddiaçının 1987-1991-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində işlədiyi müddət dövlət qulluğu hesablanarkən nəzərə alınır. İddiaçının 1991-1993-cü illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin mərkəzi aparatının strukturunda Aqrar sənaye kompleksinin Kənd təsərrüfatı məhsulları istehsalının balansları şöbəsi nəzərdə tutulmuşdur. İddiaçının 1993-1995-ci və 2000-2001-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində işlədiyi müddətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tarixli 610 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə çevrilmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.9-cu bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olan vəzifələr Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığı üçün iddiaçının 1991-1993-cü illərdə İqtisadiyyat və Planlaşdırma Komitəsində, 1993-1995-ci və 2000-2001-ci illərdə İqtisadiyyat Nazirliyində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. İddiaçının 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında işlədiyi müddətlə bağlı bildiririk ki, adı çəkilən Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük referent vəzifəsi Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırıldığı üçün qeyd edilən illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır.

6. İddiaçının ərizəsi əsasında məhkəmənin 11.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı dövlət qulluğu stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.

7. İddiaçının pensiya işinin tələb olunmasına dair məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 01.07.2021-ci il tarxində “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar vətəndaşa pensiya işi tərtib edilməmişdir.

8. İddiaçının mübahisələndirilməyən dövlət qulluğu stajı barədə məlumat təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajının 15 ildən az (14 il 2 ay 11 gün (“Azərkəndkimya” Respublika İstehsalat- Elm Birliyində işlədiyi 16.02.1987-12.05.2000-ci il, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işlədiyi 16.05.2000-01.05.2001-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilib. Bu səbəbdən də adıçəkilən şəxsə sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır

9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə dövlət qulluğu stajının müəyyən edilərək əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya artıq təyin olunub, qərar icra olunduğu təqdirdə həmin pensiya yenidən hesablanacaqdır.

İİİ. Məhkəmənin mövqeyi

16. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

17. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndinə əsasən Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında aparıcı mütəxəssis Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında və yaradılan orqanların aparatında aparıcı məsləhətçi vəvəzifəsinə uyğunlaşdırılmışdır.

20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) şamil edilir.

22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyində işlədiyi 16.02.1987-12.05.2000-ci il, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işlədiyi 16.05.2000-01.05.2001-ci il tarixləri arasındakı dövrlər 14 il 2 ay 11 gün olmaqla dövlət qulluğu stajı kimi nəzərə alınmışdır.

23. Mübahisələndirilən dövr iddiaçının 20.05.1980-06.02.1986-ci illərdə “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyində aparıcı aqronom (20.05.1980-25.01.1984) və sədr köməkçisi (15.01.1984-06.02.1986) işlədiyi dövrlərdir.

24. X11 tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X12 (Азерсельхозхимия) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən adı çəkilən birlik Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarı ilə, SSRİ Nazirlər Sovetinin “Ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 sentyabr 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq yaradılmışdır və öz fəaliyyətində Azərbaycan SSR Nazirlər Sovetinə və Ümumittifaq Союзсельхозхимия birliyinə tabedir.

25. “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur.

26. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına əsasən “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin yanında olan birliklərin siyahısında nəzərdə tutulana qədər “Azərbaycan SSR Nazirlər Soveti yanında olan qurum olmuşdur.

27. Bu səbəbdən də həmin qurumun yaranması, dövlətin məqsəd və funksiyalarını həyata keçirib-keçirməsini və maliyyələşməsi baxımından iddiaçının “Azərkəndkimya” Elmistehsalat birliyində aparıcı arqonom vəzifəsində işləməsinə (10.07.1981-25.01.1984) Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndi şamil edilməlidir. İddiaçının qeyd edilən qurumda sədr köməkçisi işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, həmin bənddə (1.15-ci bənddən fərqli olaraq) rəhbərin köməkçisi nəzərdə tutulmamışdır.

28. İddiaçının dövlət qulluğunda mübahisələndirilməyən stajı 14 il 2 ay 11 gündür. Həmin dövr X11 tərəfindən təqdim edilən arayışa əsasən dövlət qulluğu stajı olduğu müəyyən edir. Məhkəmə həmin əsaslandırmanı qanunauyğun hesab edir. Mübahisələndirilən dövr qeyd edilən hissədə nəzərə alındığı təqdirdə (aparıcı arqonom vəzifəsinin uyğunlaşdırıldığı aparıcı məsləhətçi vəzifəsində işlədiyi dövr), iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajının ən azı 15 il olduğu müəyyən edilir.

29. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanundan: 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları).

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

31. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması hüququ təmin olunmalıdır.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı dövlət qulluğu vəzifəsində qulluq stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar