Məhkəmə qərarları › İş №2-1(112)-3886/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3886/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3886/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rəna Şirağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində göstərilməklə) "tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində göstərilməklə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən "tikinti hissələri" kompleks layihə müəssisəsinin texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 1406,1 kv.m torpaq sahəsində yerləşən 889,4 kv.m tikinti altı sahədə olan 747,1 kv.m əsas, 243,4 kv.m köməkçi sahədən ibarət olan "Tikinti hissələri" kompleks layihə müəssisəsi xx.xx.2003-cü il tarixdə 090831 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ üzrə onun adına 000831 nömrə ilə reyestr kitabında qeydə alınmışdır. Həmin "Tikinti hissələri" kompleks layihə müəssisəsinə Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Əmlakın İnventarlaşdırılası Bürosu 001454 nömrəli texniki pasport tərtib edib vermişdir. Mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən "tikinti hissələri"kompleks layihə müəssisəsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10287/2017 saylı, xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 390.000 (üç yüz doxsan min) manat əldən çıxmış fayda, 320.000 (üç yüz iyirmi min) manat sökülən "Tikinti hissələri" kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan məbləğ olmaqla pul və iddianın təmin edilmiş 21.29% hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 6.38 manatı tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, cavabdeh "xxxx" MMC-nin sökülərək tam yox etdiyi, İddiaçı xüsusi mülkiyyətində olan "Tikinti hissələri" kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə İddiaçı əvvəlki hüquqlarının maneəsiz həyata keçirilməsi təmin edilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və 09 iyul 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənov tərəfindən icra vərəqəsi verilmişdir. Yuxarıda adı çəkilən və qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdılmış, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən "Tikinti hissələri" kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan 320 000 (üç yüz iyirmi min) manat pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və xüsusi mülkiyyətində olan "tikinti hissələri" kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə əvvəlki hüquqlarının maneəsiz həyata keçirməsinin təmin edilməsi qət edilmişdir. Bu səbəbdən qətnamənin icrası ilə əlaqədar Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinə qətnamənin icrasına köməklik göstərilməsi ilə bağlı məktublar ünvanlanmışdır. Mülkiyyətində olan və qanunsuz olaraq sökülmüş bu sahənin əvvəlki vəziyyətdə, yəni sahənin sökülməzdən əvvəl tərtib edilmiş texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun 20 iyul 2021-ci il tarixində yenidən tikintisini həyata keçirərkən özlərini Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər ağır texnikların vasitəsi ilə inşa edilməkdə olan tikilini yerlə-yeksan etmişlər. Bununla bağlı onun və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin müraciətinə cavabında Binəqədi rayon İcra Hakimiyyəti bildirmişdir ki, məhkəmə qətnaməsində qeyd olunanlar yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricindədir və aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Baxmayaraq ki, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları nəinki apardığı bərpa ilə bağlı tikinti işlərini dayandırmış, 20 iyul 2021-ci il tarixində ərazidə aparılmış olduğu bərpa işlərinin nəticəsi olan yarımçıq tikililəri təkrarən ağır texnikanın vasitəsi ilə darmadağın etmişlər. Bununla bağlı bütün dövlət orqanlarına müraciət etmişdir. Bir daha qeyd edir ki, o, yeni tikili inşa etmir və yalnız qanunsuz olaraq sökülmüş və məhkəmə qətnaməsi ilə bərpa olunmalı hüququ ilə əlaqədar tikilinin yenidən bərpasını həyata keçirməlidir. Məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 000831 qeydiyyat nömrəli "Mülkiyyət hüququna dair şəhadətnamə"sinə əsasən ona məxsus olan və "Qeyri - yaşayış binasının texniki pasportuna" əsasən hazırlanmış layihəyə uyğun tikintinin əvvəlki vəziyyətdə bərpasına icazənin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş XO- 02-03-A-62/2-2021-03535 nömrəli cavabda bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətdinə olan torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə olunan hüquqlar dövlət qeydiyyatına alınmalı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə nəzərdə tutulmuş sənədlər tam şəkildə təqdim edilməlidir. Bu səbəbdən, qanunsuz olaraq dağıdılmış və ona məxsus olan "Qeyri-yaşayış binasının Texniki Pasportuna" əsasən hazırlanmış layihəyə uyğun əvvəlki vəziyyətdə bərpasına icazənin verilməsi təmin edilməmişdir. Lakin, yuxarıda da, qeyd etdiyi kimi, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən "tikinti hissələri" kompleks layihə müəssisəsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdıldığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10287/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülərək dağıdılmış, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən "tikinti hissələri" kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan 320.000 (üç yüz iyirmi min) manat pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və xüsusi mülkiyyətində olan "tikinti hissələri" kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə əvvəlki hüquqlarının maneəsiz həyata keçirməsinin təmin edilməsi qət edilmişdir. Mülkiyyətində olan əmlakın "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməsi səbəbindən həmin əmlakdan istifadə edə bilmədiyi üçün qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onu bərpa etmək zərurəti yaranmışdır ki, bu səbəbdən cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikilinin bərpası ilə bağlıl tikinti işlərinin aparılmasına icazənin verilməsi üçün tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə tam uyğundur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabı xx.xx.2021-ci il tarixində verilsə də, məktub ona xx.xx.2021-ci il tarixində poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3886/2022 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1059/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3886/2021 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadında məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün göndərilmiş sərəncama münasibət (etiraz) təqdim edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, tikintiyə icazə icraatı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinə və digər şəhərsalma normalarına uyğun həyata keçirilir. Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Həmin ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, tikinti layihəsini, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surətini və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyini əlavə etməlidir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. İddiaçının iddia ərizəsində göstərdiyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 000831 nömrəli mülkiyyət hüququna dair şəhadətnamə sözügedən ünvanda bərpası nəzərdə tutulan tikinti obyektinə aiddir. Torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti və qanunla müəyyən olunmuş digər sənədlər təqdim edilmədiyi təqdirdə, tikinti işlərinin aparılmasına dair icazənin veirlməsi yol verilməzdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitekura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciətinə Baş İdarənin xx.xx.2021-ci il tarixli, XO-02-03-A-62/2-021-03535 nömrəli məktubu ilə Məcəllənin 75.3-cü maddəsində göstərilən səndələrin təqdim edilməsinə dair münasibət bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili idida ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirərərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, notarial qaydada təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş Müəssisə və Obyektin texniki pasportunun surətindən görünür ki, tikinti altı sahəsi 889,4 kv.m, ümumi sahəsi 747,1 kv.m, əsas sahə 503,7 kv.m, köməkçi sahəsi 243,4 kv.m olan ünvan 5 ünvanında yerləşən əmlaka dair 001454 nömrəli texniki pasport tərtib edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 6 ünvanında yerləşən "Tikinti hissələri kompleks layihə müəssisəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olmasına dair X6 reyestr kitabında 2 nömrəsi, 000831 qeydiyyat nömrəsi ilə qeydə alınmış "Mülkiyyət hüququ haqqında" Şəhadətnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nəzarət Dövlət Agentliyi "Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş layihədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səttar Bəhlulzadə ünvanında "Tikinti hissələri" kompleksinin layihəsi memarlıq planlaşdırma bölməsi tərəfindən 2019-cu il tarixdə işlənmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin bərpa edilməsi və icarə haqqının əvəzinin ödənilməsi tələbinə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2017-ci tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən 390000 (üç yüz doxsan min) manat əldən çıxmış fayda, 320000 (üç yüz iyirmi min) manat sökülən "Tikinti hissələri" kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan məbləğ olmaqla pul və iddianın təmin edilmiş 21.29% hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 6.38 manatının tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, cavabdeh "xxxx" MMC-nin sökülərək tam yox etdiyi iddiaçı X4 xüsusi mülkiyyətində olan "Tikinti hissələri" kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə iddiaçı X4 əvvəlki hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin edidlməsi qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qüvvəsini almışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il tarixli, XO-02-03-A-62/2-2021-03535 nömrəli məktubun surətindən görünür ki, iddiaçının ünvan 8 ünvanında mülkiyyətində olan, "xxxx" MMC tərəfindən sökülmüş "Tikinti hissələri" kompleks layihə müəssisəsinin texniki pasportu əsasında hazırlanmış layihə sənədlərinə uyğun olaraq bərpasına icazə verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli təkrar müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, göstərilənlərlə bağlı öncə daxil olmuş eyni məzmunlu müraciəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, XO-02-03-A-2021-02655 nömrəli məktubu ilə cavablandırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqlar, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqlar dövlət qeydiyyatına alınmalı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş zəruri sənədlər tam tərkibdə elektron qaydada /e-tikinti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməlidir. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış 04/09-xx-xx/2182 nömrəli, 14 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, icra sənədinin icrası zərurəti ilə bağlı tələbkar İddiaçı tərəfindən sökülmüş olan ərazinin tam şəkildə əvvəlki vəziyyətinin bərpası üçün başlanılmış tikinti işlərinin Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hansı səbəblərdən dayandırılması və tikilinin sökülməsi haqqında məlumatın təqdim olunması barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 17/68 № 90588-4 saylı məktuba tərəflərindən baxılaraq bildirilmişdir ki, "xxxx" MMC tərəfindən 2009-cu il tarixdə ünvan 11 ünvanda İddiaçı məxsus qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və vətəndaşın xəbəri olmadan həmin obyekti sökərək yerində hündürmərtəbəli binanın inşasını başlamaq niyətində olmuş, lakin tikinti işləri aparılmamışdır. Bununla bağlı İddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, 2017-ci il tarixdə qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 390 000 manat əldən çıxmış fayda, 320 000 manat sökülən “Tikinti hissələri” kompleks layihə müəssisəsinin və ərazisinin tam şəkildə bərpa edilməsi üçün tələb olunan məbləğ olmaqla pulun iddiaçıya ödənilməsi, xüsusi mülkiyyətində olmuş “tikinti hissələri” kompleks layihə müəssisəsinə və onun yerləşdiyi əraziyə onun əvvəlki hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması qərara alınmışdır. Alıyev X5 rayonu, S.Bəhlulzadə küçəsi 14 saylı ünvanda qeyriyaşayış obyektinin bərpa etmək niyyəti ilə Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəzərə çatdırılmışdır ki, tikinti işlərinin aparılması öhdəliyi "xxxx" MMC-nin üzərindədir və “şəhərsalma fəliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən məhkəmə qətnaməsində qeyd olunanların yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, XO-02-03-A-62/2-2021-03535 nömrəli məktubun surətindən müəyyən edilmişdir ki, iddiaçı mövcud iddia tələbi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş zəruri sənədlər tam şəkildə elektron qaydada /e-tikinti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməli olması bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:.. 6.1.4. mülkiyyətin toxunulmazlığı;.. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 152.9-cü maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Məhkəmə yuxarıda qeyd olunan normalara istinad etməklə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyət hüququ qorunur, mülkiyyətçi mülkiyyətində olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintiyə icazə verilməsi üçün tələb olunan sənədlər qismində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin tərtib etdiyi 000831 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsini, həmin şəhadətnaməyə əlavə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı İdarəsi tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Azərdövlətlayihə Azəbraycan Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş ünvan 13 ünvanında yerləşən “Tikinti hissələri” kompleks layihə müəssisəsi qeyri-yaşayış sahəsinin bərpa layihəsini və həmçinin, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindəki tikililərin qanunsuz olaraq sökülməsi faktını təsdiq edən qüvvədə olan məhkəmə aktlarını təqdim edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının əmlakını icarəyə götürmüş şəxs tərəfindən həmin əmlak sökülərək yararsız vəziyyətə gətirildiyi üçün iddiaçının həmin əmlakdan istifadə edə bilməsi məqsədilə onu bərpa etmək zərurəti yaranmış, bununla əlaqədar olaraq iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş və yuxarıda qeyd olunan sənədləri müvafiq orqana təqdim etmiş, lakin inzibati orqan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verilməsi üçün tələb olunan sənədləri Komitəyə təqdim edildikdən sonra həmin məsələyə baxılacağını bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Sözügedən hal, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə göstərilmiş məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə də, təsdiqlənmişdir. İş materiallarından görünür ki, həmin torpaq sahəsinin üzərində olan tikililər xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Üzərindəki əmlak kompleksi özəlləşdirildikdən sonra onun altındakı torpaq sahəsi texniki pasportda göstərilmiş ölçüdə qanuni əsaslarla iddiaçının istifadəsində olmuşdur. Tikintiyə icazə verilməsi məqsədi ilə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamə və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosunun 10 noyabr 2000-ci ilə tərtib etdiyi “Tikinti hissələri kompleksi layihə müəssisəsinin pasportu” həm tikililərin altında, həm də ətrafında yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiq edən sənədlər kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:8.20- 3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək; 8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək; 8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək; Həmin Əsasnamənin 9-cu maddəsinə əsasən Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 9.4. layihə-planlaşdırma işləri üçün şəhərsalma sənədlərində (Baş planlar, rayon və məhəllə planlaşdırılması, müfəssəl planlaşdırma layihələri və sair) nəzərdə tutulan layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək və bu barədə rəy vermək, unikal bina və qurğuların bütün memarlıq-planlaşdırma həllərinin razılaşdırılmasını həyata keçirmək; Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçının müraciətinə vermiş olduğu cavabında göstərilən dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən “Tikinti hissələri kompleks layihə müəssisəsi”nin Texniki Pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazə verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar