Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3886/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı şəxsi işin təhvil verilməsi (üçüncü şəxs X1) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı şəxsi işin təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X3:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Göründüyü kimi tələbin inzibati məhkəmə icraatı qaydasında baxılması həmin tələblə bağlı hüquq münasibətlərinin publik sferada olması ilə şərtlənir ki, mülki icraat qaydasında inzibati orqan olmayan cavabdehə qarşı baxılmalı olan hazırkı icraat qaydasında baxıla bilməz. Hazırkı iş üzrə də mübahisə mülki icraat qaydasında həll edilməli olan Bakı şəhər üzrə Təhsil İdarəsinə qarşı yox, orta məktəbə qarşı qaldırılmalı olan mülki mübahisədir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, mübahisənin mahiyyəti X2 şəxsi işinin valideynlərdən hansının marağına uyğun hansı təhsil müəssisəsində, yəni orta məktəbdə saxlanılması ilə bağlıdır. İddiaçı uşağın anasının yanında yaşamaması, atasının yanında yaşamasına istinad edərək Sulutəpə qəsəbəsi ünvanında yaşadıqları evə yaxın yerdə yerləşən 103 nömrəli orta məktəbdə tədrisini davam etdirməsində iddialıdır və bu səbəbdən də Sabunçu rayonunda yerləşən 107 nömrəli orta məktəbdən şəxsi işinin 103 nömrəli orta məktəbə aparması üçün təhvil verilməsini iddia edir. Üçüncü şəxs olan uşağın anası isə onun məhkəmə qətnaməsi əsasında onun himayəsinə verildiyinə istinad edərək 107 nömrəli məktəbdə təhsil alması mövqeyindədir. Hazırkı mübahisənin mahiyyəti ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri isə şəxsi işin hansı qaydada təhvil verilməli olması ilə bağlı konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın: 1.1. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.3.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə (bundan sonra – Nümunəvi Nizamnamə) əsasən hazırlanmışdır. 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə (bundan sonra - məktəblərə) uşaqların (şagirdlərin) qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı məsələləri tənzimləyir. 3.1. Ölkə daxilində İ - İX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir: 3.1.1.Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarımillik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur. 3.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, 2 iş günü müddətində onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. 3.1.3. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində verilir. Əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir. Qanunvericiliyin tələblərindən də aydın olur ki, şəxsin bir məktəbdən digər məktəbə yerdəyişməsi valideynlər və uşağın təhsil aldığı məktəblər arasında müvafiq sənədləşmənin aparılması ilə həyata keçirilir. Bu zaman valideyn yerdəyişmənin səbəbi barədə müraciət edir, məktəb digər məktəbə məqbul hesab edirsə şəxsi işin göndərilməsi barədə arayış verir və həmin arayış əsasında şəxsi iş valideyn tərəfindən bir məktəbdən digər məktəbə təqdim edir və əvvəlki məktəbdə təhsilalanların siyahısından xaric edilmə, yeni məktəbdə təhsilalanların siyahısına daxil edilmə barədə əmrlər qəbul edilir. İddiaçı isə həmin prosedurdan kənar, şəxsi işin təqdim edilməli olması və yuxarıda adıçəkilən əmrlərin qəbul edilməsi barədə tələblə məktəbə (digər aidiyyəti məktəb və valideyni cəlb etməklə) qarşı mülki icraat qaydasında ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək əvəzinə hazırkı iş olan cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, iddiaçı şəxsi işin təqdim edilməsi ilə əlaqədar oxşar mübahisə ilə əlaqədar (bu dəfə 169 nömrəli orta məktəbdən şəxi işin alınaraq təhvil verilməsi) əvvəl də Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 01 iyun 2022ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadda da iddiaçının diqqətinə çatdırılmışdır ki, şagirdlərin yerdəyişməsi məktəblərin qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilir. Bu səbəbdən də hazırkı cavabdehin cavabdehlik səlahiyyətinə malik olması istisna olunur. Həmçinin, qeyd edilməlidir ki, orta məktəbə qarşı iddialara baxılması üzrə inzibati məhkəmənin işə mahiyyəti üzrə baxılması səlahiyyətinin mövcudluğundan da məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri inzibati orqan kimi müəyyən edilmiş, orta məktəblər inzibati orqan hesab edilməmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə inzibati orqan xüsusiyyətinə malik olsa da hazırkı iddiaya cavab verməli olan inzibati orqan hesab edilmir. Belə ki, yuxarıda qeyd olunan müddəalardan da göründüyü kimi şəxsi işin verilmə qaydalarında iştirak edən subyektlərin dairəsi konkret olaraq müəyyən edilmiş, Təhsil İdarəsi birbaşa hazırkı tələbə münasibətdə hər hansı səlahiyyətə malik olmamışdır. Onun orta məktəblərə münasibətdə ümumi nəzarət səlahiyyətinə malik olması da hazırkı iddianın mümkünlüyünə təsir etmir. Belə ki, tələb konkret olaraq şəxsin işin təhvil verilməsi və müvafiq əmrlərin qəbul edilməsi ilə bağlıdır ki, həmin öhdəliklərin həvalə edilməsi yalnız məktəb və ya məktəblərə münasibətdə həyata keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov