Məhkəmə qərarları › İş №2-1(112)-3889/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3889/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3889/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X1 və digərləri) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X1 və digərləri) “qeydiyyatdan çıxarılma barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə iddiaçı X2 ilə nikah münasibətlərində olması nəzərə alınmaqla gəlin köçmüşdür. Həmin əmlak 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən qayınatası Ələkbər Nəzərovun mülkiyyətində olmuşdur. Mülkiyyətçi Ə.Nəzərov 1991-ci il tarixdə vəfat etmiş, V.Nəzərov isə mirası həmin dövrdən faktiki olaraq qəbul etmiş və orada öz ailəsi ilə birlikdə yaşamışdır. Daha sonra V.Nəzərov 2019-cu il tarixdə vəfat etmiş, iddiaçı ərizədn qalan mirası həmin dövrdən faktiki olaraq qəbul etmiş və hal-hazırda öz ailəsi ilə birlikdə orada yaşayır. Həmin evlə bağlı sənədləşmə işləri aparılarkən formal olaraq həmin yaşayış sahəsində yaşamayan, lakin qeydiyyatı olan şəxslərin olduğu aşkar edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Sözügedən maddəyə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılması onun mümkünlük şərtlərinin ödənilməsindən asılıdır ki, iddiaçının iddia qaldırmasına münasibətdə subyektiv hüquqa malik olması da iddianın mümkünlük şərti qismində çıxış edir. Lakin, hazırkı iş üzrə iddiaya münasibətdə ümümi mümkünlük şərti kimi iddiaçının subyektiv hüquqa malik olmalı olması ilə bağlı şərt ödənilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi əmlaka münasibətdə subyektiv hüququn realizəsi ilk növbədə həmin əmlakın miras əmlaka daxil olması, həmin miras əmlakın isə vərəsə tərəfindən qəbul edilməsindən asılıdır. Hazırkı iş üzrə iddiaçının adına vərəsəlik şəhadətnamənin mövcud olmaması aşkardır. Bununla əlaqədar məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə hüquqmüəyyənedici sənəd adına olan Ə.Nəzərovun adına miras əmlakına dair hər hansı vərəsəlik işi açılmamışdır. Nəticə etibarı ilə vərəsəlik işi açılmadığından V.Nəzərovun və onun həyata yoldaşı hazırkı iş üzrə iddiaçının adına həmin əmlaka vərəsəlik şəhadətnaməsinin mövcudluğu da mümkün deyil. Doğrudur vərəsəlik şəhadətnaməsinin mirasın qəbul edilib-edilməməsinə münasibətdə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında vərəsəlik şəhadətnaməsi olmayan, lakin mirası faktiki qəbul etmiş şəxslərin vəfat etmiş şəxsə aid öhdəliklərinin həmin şəxs tərəfindən ödənilməsinə münasibətdə qərarda qeyd edilmişdir ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər. Mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Göstərildiyi kimi, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərildiyi kimi, müracətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərə iddia icraatı qaydasında baxılmasının mümkünlüyünü müəyyən etmişdir. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı ilə şərtləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Konstitusiya Məhkəməsinin qərarından görünür ki, məhkəmə hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Lakin, həmin Qərarın özündə aidiyyəti məsələnin mülki icraat qaydasında baxılan işlərlə əlaqədar olması da aşkardır. Qərarın mahiyyətindən də aydın olur ki, həmin qərar miras faktiki qəbulunun xüsusi hallarına münasibətdə heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsi zərurətini müəyyən etmiş, mülki icraat qaydasında baxılan işlər üzrə, konkret olaraq kreditor tələblərinə münasibətdə vərəsəlik şəhadətnaməsi olmayan, lakin faktiki vərəsənin müəyyən ediləcəyi təqdirdə öhdəliyin ona aid olması ilə bağlı da mövqe nümayiş etdirmişdir. Lakin, hazırkı iddia həmin halların inzibati məhkəmə icraatı qaydasında müəyyən edilməsinə yönəlmişdir ki, iddiaçı bu zaman nəzərə almamışdır ki, miras həqiqətən şəhadətnamə olmadan faktiki qəbul edilsə belə həmin halın müəyyən edilməsi mülki icraat qaydasında baxan məhkəmənin səlahiyyətinə aid olmaqla, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətindən kənardır. Necə ki, inzibati məhkəmə qeydiyyatdan çıxarılma tələbləri üzrə məhkəmə üçünü şəxslərin istifadə hüququna xitam və itirilmiş hesab edilmə əsaslarını məhkəmə hüququ bilir prinsiplərinə uyğun müəyyən edə bilir, lakin həmin məsələyə müdaxilə etmirsə, hazırkı iş üzrə də iddiaçının subyektiv hüququnun mövcudluğuna münasibətdə də nə qədər ki mirasın faktiki qəbulu halının müəyyən edilməsinə münasibətdə mülki məhkəmənin səlahiyyətlərini mənimsəmək halına yol verilməməsi qənaətindədir. Əks halda məhkəmə cinayət hüququnu bilir deyə hökm olmadan şəxsin cinayət əməli törətməsini cinayətkar olmasına, mülki qanunvericiliyi bilir deyə baxdığını iş üzrə borcun mövcud olması kimi faktlara istinad edərdi. Halbuki, məhkəmə qərarı səlahiyyəti daxilində məsələlərlə əlaqədar olmalıdır ki, hazırkı halda subyektiv hüququn mövcud olubolmamasının yoxlanılması onun səlahiyyətinə aid olmayan hala qiymət verməsi ilə mümkün olar. Halbuki, inzibati məhkəmənin iddiaçının yaşayış sahəsində faktiki yaşayır yerə mirası qəbul faktını müəyyən edə bilməz və buna əsasən onun müvafiq hüquqa məxsus olmaqla hazırkı iddia üzrə subyektiv hüququ müəyyən edə bilməz. Əks halda, mülki icraat qaydasında məhkəmələrdə olan mirasın qəbulu faktının tanıdılması ilə bağlı iddiaların verilməsi zərurətinin mövcud olmadığı qənaətinin formalaşması mümkün olardı. Məhkəmə hesab edir ki, qeydiyyatdan çıxarılma ilə bağlı işlər üzrə ailə üzvlərinin qeydiyyatdan çıxarılması tələblərinə dair formalaşmış inzibati məhkəmə praktikası necə ki həmin şəxslərin istifadə hüquqlarına xitam və itirilmiş hesab edilməsi hallarının mülki icraat qaydasında baxılması, müvafiq halın təsdiqindən sonra qeydiyyat orqanının imtina verildiyi təqdirdə iddiaçının haqlı iddiasının mövcudluğu qənaətindədir, hazırkı iş üzrə hər hansı fərq mövcud deyil. Nə qədər ki, iddiaçının mirası qəbul etməsi faktı mülki qaydada müəyyən edilməmişdir, bununla bağlı cavabdeh orqanın səlahiyyətlərini icra etməməsi kimi qənaətin inzibati məhkəmə icraatı qaydasında mövcudluğunun müəyyən edilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün vərəsəlik şəhadətnaməsinin olması mütləqdir. Həmin şəhadətnamə olmasa belə, bununla bağlı mülki məhkəmənin mirası qəbulu faktını təsdiq edən qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim edilməsi zərurəti vardır. Lakin, bu iki sənəd də olmadan inzibati məhkəmədən mirasın faktiki qəbulunun təsdiqinin müəyyən edilməsini tələb etmək hüququ mövcud deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1- ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 26 iyul 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Göründüyü kimi mirasın qəbulu ilə bağlı münasibətlərə mülki qaydada münasibət bildirilməsi mütləqdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-363/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında məhkəmə ailə üzvü kimi yetkinlik yaşına çatmış övladın qeydiyyatdan çıxarılmasına münasibətdə belə bir mövqedən çıxış etmişdir ki, üçüncü şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydə alınmış şəxslər kateqoriyasına aid olmadığından, mənzilə istifadə hüququ xx.xx.2000-ci ilədək yarandığından, üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə istifadə hüququnun itirilib-itirilmədiyinə hüquqi qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, o cümlədən üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qərarı qanuni və əsaslıdır. Göründüyü kimi hazırkı mübahisə ilə birbaşa bağlı olmasa da mülki hüquq münasibətlərinə qiymət verilməsi səlahiyyəti baxımından formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə necə ki, istifadə hüququnun itirilib-itirilməməsi məsələsinə qanunvericiliyin tələblərini bilsə də hüquqi qiymət vermək səlahiyyətinə malik deyil, eləcə də hazırkı halda mirasın faktiki qəbul edilib-edilməməsi məsələsində də qiymət verməməlidir. Hazırkı iş üzrə iddiaçının yoldaşının atasından qalma əmlakı faktiki qəbul etməsi, ondan sonra isə həmin şəxsin vəfatından sonra iddiaçının mirası faktiki qəbul etməsi halı istisna edilmir. Lakin həmin halın necə ki istifadə hüququnun itirilibitirilməməsinə münasibətdə məhkəmənin səlahiyyətində mövcud deyil, səlahiyyəti mövcud olmamışdır. Beləliklə də iddiaçının nə qədər ki mirası qəbulu faktı mülki məhkəmə tərəfindən qiymətləndirilməmiş və şəhadətnamə də təqdim edilməmişdir, iddiaçının subyektiv hüququnun mövcudluğundan söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar