Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-389/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının ziyanına hesabladığı artıq 5362,06 manat vergi məbləğinin ləgv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 09.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********092900 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 15.09.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********795300 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 vəsatət verərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi qərar 15.09.2020-ci il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi 09.07.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********092900 saylı qərarı ləğv edilmiş, təqdim olunmuş dəqiqləşdirilmiş bəyannamə əsasında yenidən kameral vergi yoxlaması keçirilmiş və 15.09.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********795300 saylı qərar qərar qəbul edilmişdir. Bu barədə həm iddiaçıya, həm də məhkəməyə məlumat verilmiş, lakin iddiaçı həmin qərarın mübahisələndirməsi ilə əlaqədar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə 07.05.2021-ci il tarixdə müraciət etmişdir. Həmçinin iddiaçı ilə “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Həmin müqavilənin 2.1.1-ci bəndində vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlaqların, arayışların, çıxarışların və diğər sənədlərin) elektron şəkildə göndərilməsini, müqavilənin 2.7-ci bəndində isə vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılması nəzərdə tutulmuşdur. Həmçinin sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq, lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmiş və həmin müqavilə ləğv edilməmişdir. Belə ki, həmin müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç birinin müqavilədən imtina və yaxud uzadılması barədə müraciəti olmamışdır (müqavilənin 7.2-ci maddəsi). Müqavilənin tələblərinə əsasən 15.09.2020-ci il tarixli **********795300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərar 18.09.2020-ci il tarixdə onun tərəfindən oxunmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən qərar barədə kifayət qədər məlumatının olduğu tarixdən sonra məhkəməyə müraciət edilmişdir ki, bu da onun tərəfindən prosessual müddətlər keçdikdən sonra məhkəməyə müraciət edildiyini sübut edir. İddiaçı qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin buraxılmasının səbəblərini üzrlü hesab etməklə müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, onların elektron poçtuna 15.09.2020-ci il tarixli **********795300 saylı qərar gəlib, lakin işləri artıq məhkəmədə olduğu üçün və cavabdeh qurumla aralarında mübahisələr olduğu üçün onlara qarşı əsəbi olmuş və qərara fikir verməmişdir. Həmçinin işçilərinin naşılığı səbəbindən də müddəti ötürmüşlər. İşləri məhkəmə olduğu üçün qərara fikir verməmişdir. Sonra bilmişdir ki, yenidən onlara əsassız borc hesablamışlar. Müddət ötüb deyə, əsassız borcu ödəməli deyillər. Göstərilənlərə əsasən buraxılmış prosessual müddətin buraxılmasının səbəblərini üzrlü hesab etməklə müddətin bərpa edilməsini və iddianın mümkün sayılaraq baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İddiaçı onun barəsində tərtib edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15.09.2020-ci il tarixli **********795300 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Lakin iş materiallarından görünür ki, qeyd olunan qərarın iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərar 18.09.2020-ci il tarixdə iddiaçı tərəfindən oxunmuşdur. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan da məlum olur ki, qeyd olunan qərar onun elektron qovluğuna göndərilmiş və o, həmin qərarı oxumuşdur. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə isə 07.05.2021-ci il tarixdə müraciət edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə mübahisələndirilən 15.09.2020-ci il tarixli qərar barəsində 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında xəbərdar olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı həmin qərarın ləğv edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini 07.05.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən qərardan ilk dəfə xəbərdar olduğunu qeyd etdiyi tarixdən (01.12.2021-ci il) bir neçə ay əvvəl (07.05.2021-ci il) həmin qərarı artıq mübahisələndirmişdir. Bu isə mübahisələndirilən qərar barəsində məlumatının olması tarixləri barəsində iddiaçının ziddiyyətli izahat verdiyini təsdiq edir. İddiaçı həmin ziddiyyətin səbəblərini açıqlaya bilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-389/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-389/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver