Məhkəmə qərarları › İş №2-1(112)-389/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-389/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-389/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X2) qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində olan 112 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qeyri-yaşayış binasının birinci mərtəbəsindən 112 k.vm olan qeyri-yaşayış sahəsini almış, maliyyə ödənişləri tərəfindən edilmişdir. Həmin sahənin qeydiyyatı ilə bağlı cavabdehə müraciət etsə də, müraciətin təminindən imtina edilmişdir. Etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddia olunan sahə binanın hüdudlarından kənarda inşa edilmiş qeyri-yaşayış binasıdır. Layihədə qeyri-yaşayış binası 1 mərtəbəli qeyd edilsə də, faktiki olaraq 1 mərtəbəli mansardlıdır. Binanın istismara icazə sənədində də həmin qeyri-yaşayış sahəsi öz əksini tapmamışdır. Tikilinin faktiki ölçüsü də 139,12 kv.m təşkil edir. Digər bir şəxsin də müraciəti daxil olmuşdur. Tərəflər izahatları: Üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Müqavilədən görünür ki, iddiaçı və “Babək-94” MKM arasında bağlanılmış müqavilə əsasında iddianın predmeti olan qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. Maliyyə arayışından görünür ki, həmin əmlakın dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi tikili binanın istismara icazə sənədində öz əksini tapmamışdır. İstismara icazə sənədindən görünür ki, binanın ümumi sahəsi 53127,0 kv.m olmaqla 7925,0 kv.m hissədə qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinə zirzəmi, 1-ci mərtəbəs, 3 və 4-cü girişlərdə 2 səviyyəli sahə aiddir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, tikili çoxmərtəbəli yaşayış binasının həyətində tikilən 1 mərtəbəli mansard mərtəbəli ayrı, əlavə torpaq sahəsində tikilidir. 1-ci mərtəbənin qalan hissəsi və mansar şifahi məlumata əsasən digər şəxsə məxsusdur. Sahə faktiki olaraq 112,0 kv.m təşkil edir. Tikili istismara icazə sənədində öz əksini tapmamışdır. Sahədə bir daxili divar faktiki olaraq sökülmüşdür. Ekspert rəyində də həmin hallar öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi mənzil-tikinti kooperativi binasında qeyri-yaşayış sahəsi və ya yaşayış sahəsinə münasibətdə müqavilə, protokoldan çıxarış pay haqqı tam ödənildiyi təqdirdə hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Lakin, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılan müqavilə və maliyyə arayışı binanın istismara icazə sənədində nəzərdə tutulmayan, başqa sözlə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımı icazə və rəylər alınmayan əlavə torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə aid olmuş, iddiaçı binanın istismara icazə sənədində nəzərdə tutulmayan tikiliyə dair müqavilə bağlamış, maliyyə ödənişlərini həyata keçirmişdir. Halbuki, yuxarıda göstərilən normaların tələbindən də göründüyü kimi istər 2013-cü il yanvarın 1-dən sonra, istərsə də əvvəl inşa edilmiş qeyri-yaşayış sahələri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti obyektinin istismarına icazə sənədi mütləq qaydada mövcud olmalıdır. Hazırda iddia olunan qeyri-yaşayış sahəsi isə istismara qəbul edilmiş binanın həyətində əlavə torpaq sahəsində inşa edilmiş, həmin tikili istismara icazə sənədində mövcud olmamasına baxmayaraq iddiaçıya satılmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1414/2020 saylı oxşar iş üzrə qəbul etdiyi 06 avqust 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverciliklə mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsi isə göstərilən normanı nəzərə almamış, mansarda mərtəbəsini mənzil kimi qiymətləndirməmiş, lakin bu mövqeyini əsaslandırmamışdır. Beləliklə, iş üzrə araşdırılmalı olan hal – MTK üzvü kimi iddiaçıya ayrılmış sahənin Aktda qeyd olunan mənzillərin tərkibinə daxil edilib-edilmədiyidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi ünvan 2 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin sözügedən binanın təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınıbalınmadığını müəyyən etməli, nəticədən aslı olaraq əsaslı qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, hazırda iddia olunan əmlak mansardla bağlı olmasa da, qeyri-yaşayış sahəsinin istismara icazə və layihə sənədlərində nəzərdə tutulubtutulmamasına münasibətdə qiymətləndirmə aparılmasının zəruriliyi baxımından yuxarıda adıçəkilən qərar üzrə müəyyən edilmiş hüquqi mövqe nəzərə alınmalıdır. Hazırkı iş üzrədə də mötəbərliyi şühbə doğurmayan mütəxəssis və ekspert rəyindən görünür ki, iddia olunan tikili binanın istismara icazə sənədində olan qeyri-yaşayış sahələrinə daxil olmamış, əlavə torpaq sahəsində inşa edilmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 100 manat ekspertiza xərci mövcud olmuş, iddianın isə rədd edilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar