Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3895/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının direktoru X3, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15118/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3895/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nihat-RM"’ MMC, müxtəlif növ tikintiquraşdırma işlərini həyata keçirən Azırbaycan şirkətlərindəndir.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-74911/2024 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçının 3906,00 manat vergi borcunun olması qərara alınmışdır. Vergi orqanı qarşılıqlı əməliyyat apardığı iki vergi ödəyicisini riskli, elektron qaimələrin riskli əməliyyatların rəsmləşdirildiyi sənəd hesab etmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün əvəzləşdirilməsinə yol verməmişdir. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi həmin qərar əsassız olduğundan, ləğv edilməlidir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının xx.xx.2024-cü il tarixli **********342800 nömrəli qərarı ilə riskli hesab edilən hüquqi şəxs "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə əldə edilmiş EBDA seriyalı 648534 nömrəli elektron qaimə-faktura üzrə 3906,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən 2023-cü ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyi və həmin dövrdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 3906,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********668600 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamələri, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 3906,0 manat əlavə vergi məbləği hesablanmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, onun direktoru iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, ET/25 №-li alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC müqavilənin ayrılmaz hissəsi hesab olunan X1 ilə müəyyənləşdirilmiş əşyaları (malmaterialları) alıcı "xxxx" MMC-yə təhvil verməyi, alıcı isə həmin əşyaları (mal-materialları) qəbul edərək, bu Müqavilənin 4.3-cü bəndində müəyyənləşdirilmiş müddətdə həmin əşyaların (mal-materialların) dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təhvil-təslim aktından görünür ki, dəyəri 21.700 manat olan xırdalayıcı avadanlıq iddiaçıya təhvil verilmişdir. EBDA seriyalı 648534 nömrəli elektron qaimə-fakturaya əsasən malın dəyəri satıcıya ödənilmişdir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********342800 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, onun həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDA seriyalı 648534) elektron qaimə-faktura əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-210578/2025 nömrəli qərardan görünür ki, 2024-cü ilin iyun ayı üzrə ƏDV vergisi üzrə 3.906 manat vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ eqaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 3906,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini arzulayır. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçının riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlardan meydana gəldiyini bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, iddiaçı ilə həmin şəxs arasında münasibətlər yarandığı və əməliyyat aparıldığı zaman adıçəkilən şəxs riskli vergi ödəyicisi hesab olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktın əsassız olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq riskli vergi ödəyicisi, riskli vergi ödəyicisinin əməliyyatları termininə nəzər yetirilməli, iddiaçı ilə həmin şəxslər arasında yaranan münasibətlərin hansı tarixə dayandığı, həmin tarixdə adıçəkilən şəxsin riskli vergi ödəyicisi olub-olmaması istiqamətində araşdırma aparılmalıdır ki, bu hissədə dəyərləndirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri ”nın: 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə, hüquqi qiymətləndirmə çərçivəsində, vurğulayır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması faktı yalnız aidiyyəti dövlət orqanının konkret qərarına əsasən hüquqi qüvvə kəsb edir. Bu baxımdan, mübahisələndirilən əməliyyatların baş verdiyi tarix kontekstində iddiaçının müqavilə münasibətində olduğu hüquqi şəxsin faktiki olaraq riskli vergi ödəyicisi olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Əgər əməliyyatların icra olunduğu vaxtda həmin şəxs hələ riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdisə, bu zaman iddiaçının gələcəkdə baş verə biləcək hüquqi dəyişikliklərdən məlumatlı olması və ya bunu ehtimal etməsi mümkün deyildi. İş materiallarının təhlili göstərir ki, iddiaçının müqavilə bağladığı hüquqi şəxs əməliyyatın aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamışdır. Bu isə onu göstərir ki, inzibati orqan tərəfindən sözügedən dövrə münasibətdə riskli vergi əməliyyatı və ya subyekt anlayışının tətbiq etməsi tamamilə əsassızdır. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdeh sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslər də mülki hüquq münasibətlərinə daxilı ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatdan sonrakı tarixdə qəbul edilmiş qərarla olmasına, iddiaçının həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasına dair xəbərdarlıq edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1502/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X5. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X5 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2496/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Ali Məhkəmənin 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. . İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Analoji mövqe 2-1(102)-1234/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarda da təkrarlanmışdır. Analoji işlər üzrə yuxarı instansiya məhkəməsinin formalaşmış təcrübəsindən görünür ki, hazırkı növ iddialar üzrə mübahisələndirilən qərarlar ləğv edilmiş, əlavə vergi hesablanması qanunsuz hesab edilmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-210578/2025 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3895/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3895/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver