Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3896/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı vəkili Vəkil, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı (3-cü şəxs: X4) “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 tərəfindən verilən **-XX-*** həmin dövlət qeydiyyat nişanının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının verdiyi izahardan göründüyü kimi iddiaçı hesab edir ki, avtomobilin Azərbaycan Respublikasında ilkin qeydiyyata alınması, yəni 25 fevral 2015-ci il tarixi ilə İnterpolun Milli Mərkəzi Bürosunun 02.11.2021-ci il tarixli məktubunda qeyd edilən avtomobilin oğurlanması 08 iyun 2015-ci il tarixli arasında zidiyyət mövcuddur. Bu məqama əsasən avtomobilin oğurlanma tarixindən əvvəl qeyd edilən avtomobil Azərbaycan Respublikası ərazisində olmaqla müvafiq qeydiyyat aparılıb nömrə nişanları verilmişdir. Yəni avtomobilin Azərbaycan Respublikasında qeydiyyata alınması tarixi ilə cinayətin törədilməsi tarixi arasında zidiyyətli məqam vardı. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən **-XX-*** Dövlət qeydiyyat nişanının İddiaçı verilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04.02.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsinə etiraz etdi və əlavə olaraq öz izahatında hazırda iddiaçının iddia etdiyi dövlət qeydiyyat nişanına görə onun tərəfindən ödəniş edilmiş, dövlət qeydiyyat nişanının yalnız avtonəqliyyat vasitəsi ilə birgə verilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, təkzib olunmaz haldır ki, mübahisəli dövlət qeydiyyat nişanı avtonəqliyyat vasitəsi ilə birgə üçüncü şəxsin sahibliyindədir. Nəzərə alınmalıdır ki, bu növ mübahisələri tənzimləyən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu şəxsə üçüncü şəxsin razılığı olduğu halda dövlət qeydiyyat nişanını verilməsini tələb etmək hüququnu verir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin İİİ-ci hissəsinin məzmundan görünür ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Göründüyü kimi satan və alan şəxs arasında elə mexanizm qurulub ki, avtonəqliyyat vasitəsinin alqı-satqısı həyata keçirildiyi zaman satıcının alıcının razılığı ilə dövlət qeydiyyat nişanını özünə məxsus digər nəqdliyyat vasitəsini verilməsini tələb etmək hüququ vardır. Bunun əsasında Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı və üçüncü şəxs qismində çıxış edən şəxslər arasında alqı-satqı münasibətləri olduğundan, bu münasibətlər zənnində iddiaçının müqavilə bağlandığı anda satıcı qismində dövlət qeydiyyat nişanın verilməsi ilə bağlı hüququ vardır ki, bu hüquq əsasında onun hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ yaranmışdır. Bu hüquqi aspekt əsasında Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək hüququna malik olmuşdur. Odur ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -4.Yol hərəkəti sahəsində dövlətin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək vəzifəsi vardır. (4-cü maddənin 21-ci hissədi) -27-ci maddəsinin İ-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. -XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. -29-cu maddəsinin İİ-ci hissəsinə görə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 9.1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib olunur və verilir. Normaların məzmunundan da göründüyü kimi, nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın tərtib edilməsi və verilməsi qaydası "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir və bu nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınma mexanizmi bir qədər fərqlidir. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Digər hallarda isə dövlət qeydiyyat nişanı dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə saxlanılır. Göründüyü kimi, dövlət qeydiyyat nişanın nəqliyyat vasitəsinin əvəllki sahibində qalması üçün mütləq qaydada hər iki tərəfin (satan və alan şəxslərin) razılığları olmalıdır. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halların araşdırılması məqsədi ilə aidiyyəti üzrə sorğu vermiş, sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, İddiaçı özünə məxsus Hyundai Sonata minik markalı 90XX500 dövlət qeydiyyat nişanlı (Buraxılış ili 2008, mühərrik №-si G4NAJA697445), qeydiyyat şəhadətnaməsi AD266064 №-li olan avtonəqliyyat vasitəsini 5000 manat dəyərində X1. Müqavilə üzrə qeydiyyat hərətəkləri İddiaçı nümayəndəsi X7 tərəfindən aparılmışdır. Hazırda AD8533738 №-li şəhadətnaməyə əsasən Hyundai Sonata minik markalı 90XX500 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Göründüyü kimi, üçüncü şəxsin avtonəqliyyat vasitəsi üzərində sahiblik hüquqları mülki əqd əsasında yaranmışdır ki, hazırki iş üzrə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. AR MM-nin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçı və üçüncü şəxs arasında mövcud olan müqavilə münasibətləri zənnində iddiaçı özünə məxsus nəqliyyat vasitəsini müəyyən haqq dəyərində üçüncü şəxsə satmışdır. Bu müqavilə bağlanarkən İddiaçı və ya onun adından çıxış edən nümayəndənin (X7) **-XX-*** dövlət qeydiyyat nişanının iddiaçının digər nəqliyyat vasitəsinə verilməsi ilə bağlı tələbi olmamış, dövlət qeydiyyat nişanın dəyişdirilməsinə dair üçüncü şəxs ilə aralarında razılıq əldə olunmamışdır. Göründüyü kimi nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılarkən bütün bu hallara qiymət verilmiş və müvafiq olaraq **-XX-*** dövlət qeydiyyat nişanı dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə saxlanılmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı avtonəqliyyat vasitəsinin satıldığı anda arxa hissəsi olan tərəfin olmadığı (itirilməsi səbəbi ilə) ilə bağlı mülahizələr irəli sürsə də, bu halı sübut edən dəlil məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu aktında” yararsız 1 ədəd Q/Q nişanın olduğu göstərilmişdir. Halbuki, Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Hyundai Sonata” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın itməsi barədə DİN Baş Dövlət Yol Polis İdarəsinə məlumat daxil olmamışdır. Həmçinin, ümumiyyətlə dövlət qeydiyyat nişanın yararsız olmasını təsdiq edən sənədin mövcudluğu da müəyyən edilməmişdir. Göründüyü kimi dövlət qeydiyyat nişanın itməsi ilə əlaqədar iddiaçı tərəfindən müraciətlər olmamışdır. Halbuki, qanunvericilik itmiş (oğurlanmış) dövlət qeydiyyat nişanın axtarışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnu nəqliyyat vasitəsinin sahibinə vermişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının iddia ərizəsinin əsaslandırmasında göstərilənləri və nəqliyyat vasitəsinin satıldığı anda arxa lövhəsinin olmamasını nəzərə alsaq belə, bu hal hazırki iddianın həllində əhəmiyyət kəsb etmir. Belə ki, “dövlət qeydiyyat nişanı” anlayışında nəzər yetirsək məlum olur ki, Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Göründüyü kimi dövlət qeydiyyatı nişanı nəqliyyat vasitəsinin həm qabaq, həmçinin də arxa hissələrində olan bərkidilmiş xüsusi lövhə formasındadır. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi satılan anda avtonəqliyyat vasitəsinin qabaq hissəsində bərkidilmiş xüsusi lövhənin olması, iddiaçının nəqliyyat vasitəsi ilə birgə dövlət qeydiyyat nişanın da alıcıya satılmasından xəbərdar olduğunu göstərir. Məhkəmə qeyd edir ki, hər nə qədər tərəflər arasında bağlanmış müqavilə qüvvədə olsa və hazırda avtonəqliyyat vasitəsinin sahibi olan X4 (üçüncü şəxs) dövlət qeydiyyat nişanın iddiaçıya verilməsinə münasibətdə etiraz etsə, iddiaçıya dövlət qeydiyyat nişanın verilməsindən söz edilə bilməz. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində hazırkı iddia üzrə cavabdehin qanuna zidd əməli - hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən iddiaçının irəli sürdüyü tələbin təmini üçün əsas yaranmır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3896/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3896/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver