Məhkəmə qərarları › İş №2-1(112)-3898/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3898/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3898/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) ona müharibə veteranı vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-23/2-13- 57664/2-38/2023 nömrəli cavab məktubunda bildirmişdir ki, arxiv məlumatlarına əsasən ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmiş, Ağdam şəhərinə ezam olunması isə atəşkəsdən sonrakı - xx.xx.1994-cü il tarixə təsadüf etmişdir.

2. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993xx.xx.1998-ci illər arasında döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra – cavabdeh) ilə əvəz olunmasını və ona “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırması

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixində anadan olmuş, erməni işğalçıların torpaqları qanunsuz ələ keçirməsi nəticəsində ölkənin ərazi bötüvlüyü uğrunda İ Qarabağ müharibəsində iştirak etmək üçün müharibəyə könüllü yollanmış və xx.xx.1993-cü il tarixdən Baş Mühafizə İdarəsinin 06 iyul 1993-cü il tarixli, 126 ş/h saylı əmri ilə daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmətə başlamışdır. Xidmətini xx.xx.1998-ci il tarixinədək orada davam etdirmiş və müharibə şəraitinin neytrallaşması nəticəsilə Baş Mühafizə İdarəsinin 29 avqust 1998-ci il tarixli, 293 ş/h saylı əmri ilə daxili işlər orqanlarında xidmətindən xaric edilmişdir. Xidmət etdiyi dövr ərzində 10 (on) gün müddətinə Ağdam şəhərinə ezam olunmuşdur (29 saylı ezamiyyət vərəqəsi, xx.xx.1994-cü il tarixdə). Ümumi imtiyazlı hesablama ilə 10 il, 10 ay, 29 gün xidmət müddəti müəyyən edilmişdir. Ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı o Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olmuşdur. O, cavabdehə müraciət edərək, adına yeni müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh ilkin olaraq ona arxiv məlumatlarında ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakının müəyyən edilmədiyini bildirmişdir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətində göstərmişdir ki, arxiv məlumatlarına əsasən İddiaçı ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmiş, Ağdam şəhərinə ezam olunması isə atəşkəsdən sonrakı - xx.xx.1994-cü il tarixə təsadüf etdiyindən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

9. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli, 038-4222-12-19 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 06 iyul 1993-cü il tarixdən (06 iyul 1993cü il tarixli 126ş/h saylı əmri) 29 avqust 1998-ci il tarixədək (Baş Mühafizə İdarəsinin 29 avqust 1998-ci il tarixli 293ş/h saylı əmri) daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmiş və 29 avqust 1998-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmət etdiyi müddət ərzində 04 iyul 1994-cü il tarixdə (29 saylı ezamiyyət vərəqəsi) 10 (on) gün müddətinə Ağdam şəhərinə ezam olunmuşdur. Xidmət müddəti təqvimi hesablama 07 il, 01 ay, 04 gün (yeddi il, bir ay, dörd gün), imtiyazlı hesablama ilə 10 il, 10 ay, 29 gün (on il, on ay, iyirmi doqquz gün) müəyyən edilmişdir. 10.İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-23/2-1089/2024 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən vətəndaş İddiaçı ölkənin azadlığı uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və xəsarət alması barədə qeydiyyat aşkar olunmamış, sonuncunun 10 gün müddətinə Ağdam şəhərinə ezam olunması isə atəşkəsdən sonrakı xx.xx.1994-cü il tarixinə təsadüf etmişdir. 11.İddiaçı hazırda xidmət etdiyi dövr ərzində, xx.xx.1994-cü il tarixdə 10 (on) gün müddətinə Ağdam şəhərinə ezam olunmasına istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş edir. 12.Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...

13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər...Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Normanın tələbinə görə, şəxsə 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün iki şərt tələb olunur: 1. Şəxsin döyüş zonasında bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; 2. şəxsin həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması. 14.İddiaçının xx.xx.1994-cü il tarixində 10 gün müddətinə döyüş bölgəsinə (Ağdam rayonu) ezam olunması işin mübahisəsiz halıdır. Lakin işdən onun həmin dövrdə döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması müəyyən edilmir. Bu hal da həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul olunmaqla işin mübahisəsiz halını təşkil edir. 15.Məhkəmə qeyd edir ki, qanunvericiliklə müharibə veteranı adı verilən şəxslərin dairəsi imperativ olaraq qeyd edildiyindən, 1994-cü il 12 may tarixindən sonra xidmət keçmiş iddiaçının isə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmadığından, o, yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. 16.Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi əsaslı sayıla və təmin oluna bilməz.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar