Məhkəmə qərarları › İş №2-1(112)-39/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-39/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-39/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 46; ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: "xxxx" QSC-nin hüquq şöbəsinin məhkəmələrdə iş şöbəsinin aparıcı hüquqşünası), cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, M.Fətəli küçəsi, ev 110; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının hüquqşünası), 3-cü şəxs Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 31, mənzil 14; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı Nəqliyyat Agentliyində məsləhətçi) iştirakları ilə, iddiaçı - "xxxx" QSC-nin cavabdeh - Bakı Şəhər İcra Hakimiyyətinə 3-cü şəxs - Bakı Nəqliyyat Agentliyi qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında 0,3640 ha torpaq sahəsi avtomobil dayanacağının yaradılması üçün Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin istifadəsinə verilməsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2017-ci il tarixli 146 nömrəli sərəncamının və istifadəyə verilmiş 0,3640 ha torpaq sahəsi üçün tərtib edilmiş 20 aprel 2017-ci il tarixli 17/35 saylı ayrıc aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. (hakim A.Abdullayeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-79/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. (hakim A.Abdullayeva) xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32023 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Nəqliyyat Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında olan torpaq sahəsi hasarla əhatələnmiş. Torpaq sahəsi hazırda Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyinin Baş X7 İdarəsinin tərəfidən cərimə meydançası kimi istifadə olunur. Ərazidə çox sayda avto nəqliyyat vasitələrinin olması müşahidə edildi. Torpaq sahəsindən 50-60 metr aralıda körpünün sol tərəfində çoxmərtəbəli bina tikilməkdədir. Tikinti istismar edilməyən dəmiryolu xəttinin üzərində tikilməkdədir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə avtomobil dayanacaqlarının yaradılması üçün torpaq sahələrinin ayrılması haqqında” 146 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamının Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında – 03640 ha torpaq sahəsinin istifadəyə verilməsi hissəsində ləğv edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə zamanı iddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında 0,3640 ha torpaq sahəsində, yəni dəmir yolunun mühafizə zolağına düşən torpaq sahəsində avtomobil dayanacağı yaradıldıqdan sonra həmin ərazinin kimə və nə əsasa ayrılması məsələsi "xxxx" QSC tərəfindən araşdırılmağa başlanılmış və 2018-ci ilin mart ayının əvvəllərində mübahisələndirilən sərəncamın mövcudluğundan məlumatlı olmuşlar. Göstərilənlərə əsasən məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçı mübahisələndirilən sərəncamdan 2018-ci ilin mart ayında məlumatlı olduğundan və xx.xx.2018-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, iddia müddətini ötürməmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2017-ci il tarixli 146 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında 0,3640 ha torpaq sahəsi avtomobil dayanacağının yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin istifadəsinə verilmişdir. 20 aprel 2017-ci il tarixdə istifadəyə verilmiş 0,3640 ha torpaq sahəsinin 17/35 saylı ayrıc aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi dəmir yoluna aid torpaq sahəsinin hüdudlarındadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci bəndinin 3-cü abzasına əsasən: “təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmiryol xətlərinin torpaq yatağına bitişən, dəmiryol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryol nəqliyyatı təyinatlı torpaqlardır;". Həmin Qaydaların 15, 16, 17, 21 və 23-cü bəndlərinə əsasən: “15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır.” “16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.”; “17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.”; “21. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmiryol təyinatlı bina və digər tikililərə, həmçinin dəmiryol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmiryol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.”; “23. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən - Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. - Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. -Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin məcəllənin 56-cı maddəsi ilə müəyyən edilmişdir ki, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Bakı şəhər İcra Hakimiyyəti "xxxx" QSC ilə razılaşdırmadan dəmir yolunun mühafizə zolağında avtomobil dayanacağının yaradılması üçün torpaq sahəsinin istifadəyə verilməsinə dair sərəncam vermişdir. Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2017-ci il tarixli 146 nömrəli sərəncamı qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir və ləğv edilməlidir. Belə ki, "xxxx" QSC-nin distansiya rəisi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarının icrası ilə əlaqədar təstiq edilmiş dəmir yolu nəqliyyatının sanitariyamühafizə zonasına aid torpaq sahələrinin Sxematik Planına əsasən Bakı yük stansiyasının 17-ci km pk 7-8-də yerləşən mübahisəli torpaq sahəsi dəmir yolunun sanitariya mühafizə zonasına aid edilmişdir. Həmin ərazidə mühafizə zolağı dəmir yolunun kənar xəttindən 24 metr müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə avtomobil dayanacaqlarının yaradılması üçün torpaq sahələrinin ayrılması haqqında” 146 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir: “1.Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin xx.xx.2017-ci il tarixli, 38 saylı müraciətini nəzərə alaraq, avtomobil dayanacaqlarının yaradılması üçün aşağıda qeyd olunan ünvanlarda yerləşən torpaq sahələri həmin İdarənin istifadəsinə verilsin: a)Nəsimi rayonu, Cavadxan küçəsi, M.Əcəmi metro stansiyasının şərq hissəsində - 0,0724 ha; b)Nəsimi rayonu, Puşkin küçəsində (C.Cabbarlı heykəlinin arxa hissəsi) - 0,1353 ha; c)Xətai rayonu, Y.Səfərov küçəsi, Cavanşir körpüsünün yaxınlığında - 0,3640 ha. 2.Sifarişçi sahəni yerində qəbul etsin, abadlaşdırsın və onun sanitar vəziyyətinə nəzarət etsin.” İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17/35 nömrəli xx.xx.2017-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən Xətai rayonu, Y.Səfərov küçəsi, Cavanşir körpüsünün yaxınlığında 0,3640 ha torpaq sahəsi avtomobil dayanacağının yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC məhkəmənin sorğusuna cavab olaraq 36471 nömrəli xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 146 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində yerləşən və Cəmiyyətin balansında olan dəmir yolu xəttindən hal-hazırda aidiyyəti üzrə istifadə olunmaqdadır. Eyni zamanda gələcəkdə qeyd edilən dəmir yolu xəttinin bərpasının planlaşdırılması, habelə Bakı yük stansiyasında hərəkətin intensivliyinin artması ilə əlaqədar olaraq qatarların və lokomotivlərin manevr işlərinin aparılması üçün həmin xəttin istismar edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32023 nömrəli Ekspert Rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2017-ci il tarixli 146 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə avtomobil dayanacağının yaradılması üçün ayrılmış Xətai rayonu, Y.Səfərov küçəsi, Cavanşir körpüsünün yaxınlığında yerləşən 0.03640 ha torpaq sahəsinin bütövlükdə mövcud olan dəmir yolunun mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, mübahisələndirilən sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (hazırda Bakı Nəqliyyat Agentliyi) istifadəsinə avtomobil dayanacağının yaradılması üçün ayrılmış torpaq sahəsi bütövlükdə mövcud olan dəmir yolunun mühafizə zolağına düşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən sərəncam müvafiq maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndinə əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Həmin Qaydaların 16-cı bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Həmin Qaydaların 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Həmin Qaydaların 23-cü bəndinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariyamühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən:

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihətexniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən sərəncam qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni həmin sərəncamla cavabdeh tərəfindən üçüncü şəxsə ayrılan torpaq sahəsinin bütövlükdə mövcud olan dəmir yolunun mühafizə zolağına düşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, mübahisələndirilən sərəncam qanunsuz sayılmalı və ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə avtomobil dayanacaqlarının yaradılması üçün torpaq sahələrinin ayrılması haqqında” 146 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında – 03640 ha torpaq sahəsinin istifadəyə verilməsi hissəsində ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə avtomobil dayanacaqlarının yaradılması üçün torpaq sahələrinin ayrılması haqqında” 146 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı Xətai rayonu, Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında – 03640 ha torpaq sahəsinin istifadəyə verilməsi hissəsində ləğv edilir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar