Məhkəmə qərarları › İş №2-1(112)-39/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-39/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-39/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili X3, Üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “X8” MMC-yə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5-də yerləşən ümumi sahəsi 78.1 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət lüququ 24 iyul 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına 24 may 2018-ci il arixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsi X6 məxsus yataqxana kimi stifadə olunan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşir. Zirzəmidən çıxış birbaşa İnşaatçılar prospektinə açılırdı. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üstündə yerləşən hissədə (binanın 1-ci mərtəbəsi) binaya bitişik vəziyyətdə olan iki mərtəbəli əlavə tikili inşa olunmaqla iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin girişçıxış yolu tam kəsilmiş və bütünlüklə təcrid olunmuş vəziyyətə salınmışdır. Hazırda iddiaçı ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət etdikdə iddiaçıya bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Həmin tikilinin inşa olunmasına əsas verən sənədləri təqdim etməsini tələb etdikdə isə cavabdeh bundan imtina etmiş və mübahisənin danışıqlar yolu ilə həll olunması imkanı baş tutmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan və müdafiə olunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş və faktiki olaraq mülkiyyət hüququndan məhrum olunmuşdur. İddiaçı hazırki vəziyyətdə əmlakından nəinki istifadə etmək və ona sahib olmaq imkanını itirmişdir, hətta onun üzərində sərəncam vermək hüququndan belə məhrum olunmuşdur. Belə ki, həmin əmlakı satmaq istəsə belə, göstərilən vəziyyətdə onu heç kim almayacaq. Qeyd olunan ikimərtəbəli ofis binası, anbar və assaların tikintisi üçün «X8» MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 145 saylı sərəncamı ilə icazə verilmişdir. Tikilinin altındakı torpaq sahəsi ümumi istifadə yeri olmaqla həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 2.2-ci maddəsinə əsasən bələdiyyəyə məxsusdur və həmin qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar xüsusi mükiyyətə verilə bilməz. Həmin Qanunun 5.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanlari tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Tikilinin yerləşdiyi torpaq sahəsi başqa şəxsin istifadəsinə heç bir əsasla verilə bilməz və orada qanunsuz inşa edilmiş tikili təkcə iddiaçının deyil, digər vətəndaşların da hüquqlarını pozur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “X8” MMC-yə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3506/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmiş, eyni zamanda “X8” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs “X8” MMC iddiaya yazlı etirazında bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 98 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyriyaşayış sahəsi “X8” MMC-nin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə “X8” MMC-yə yuxarda qeyd olunan sərəncamı nəzərə alaraq həmin ünvanda 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün icazə verilmişdir. Sərəncamlarda göstərilənlər icra edilməsi məqsədilə Tikinti- Quraşdırma işləri başa çatmış obyektlərin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli Aktı tərtib olunaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 95 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə MMC-nin balansına verilmiş 511.36 kv. metr qeyriyaşayış sahəsi istismara qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda göstərilən sərəncamı nəzərə alınaraq təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkün olduğu üçün xx.xx.2018-ci il tarixdən qeyri-yaşayış tikinti obyektinin istismarına 95 saylı xx.xx.2018-ci il tarixli İcazə sənədi İcra Başçısı tərəfindən təsdiq edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinə giriş-çıxışı və həmin binada yaşayan şəxslərin giriş-çıxışı göstərilən 5 mərtəbəli binanın Layihə sənədlərində təmin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı xx.xx.2020-i il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)1393/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apelyaisya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı xx.xx.2020-i il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçünücü şəxs “X8” MMC-nin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan balanssaxlayan Bakı şəhər 3 saylı Xüsusi Təyinatlı MKTB ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 5 ünvanında yerləşən ümumi sahəsi 79.0 kv.m olan qeyri-yaşayış sahəsi anbar qismində istifadə üçün İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli 002072 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 5 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisindəki 78.1 kv.m qeyri- yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, icarəçi İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 5 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında dövlət mənzil fonduna aid yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Hal-hazırda boş və təmirsiz vəziyyətdə olan qeyd edilən qeyri-yaşayış sahəsinin təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün bərpa işlərinin aparılmasına külli miqdarda maliyyə vəsaiti ayrılmasına ehtiyac yaranmış, lakin həmin işlərin icrası ilə bağlı müvafiq vəsaitin ayrılması Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin maliyyə imkanları xaricindədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında və xidmət dairəsində olan, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsindən təsərrüfat ehtiyacları üçün daha səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə həmin sahənin Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan, eləcə də digər təşkilatların balansına və istifadəsinə verilməsini daha məqsədəmüvafiq hesab edirik. İş materiallarında olan «X8» MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd olunur: «X8» MMC-nin təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə məqsədləri üçün müvafiq qeyri-yaşayış sahəsi ilə təmin olunmasına ehtiyac yaranmışdır. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında dövlət mənzil fonduna aid yaşayış binasının 1-ci mərtəbəsində 240.16 kv.m qeyri-yaşayış sahəsi hal-hazırda boş və istifadəsizdir. Yararsız vəziyyətdə olan qeyd edilən qeyri-yaşayış sahəsinin təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün orada bərpa işlərinin aparılmasında ehtiyac vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, halhazırda boş və istifadəsiz olan 240.16 kv.m qeyri-yaşayış sahəsinin təsərrüfat ehtiyacları üçün daha səmərəli istifadə olunması üçün «X8» MMC-nin balansına verilməsini Sizdən xahiş edirik.İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Mənzil Kommunal Departamentinin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.metr qeyri-yaşayış sahəsinin «X8» MMC-nin balansına verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qeyd olunan qeyri-yaşayış obyektinin planı təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 145 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, «X8» MMC-nin müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli Sərəncamını nəzərə alaraq Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün «X8» MMC-yə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 95 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə «X8» MMC- nin balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.metr və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m, ümumi sahəsi 511.36 kv.m qeyri-yaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqlarının istismara qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 145 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş Tikinti-quraşdırma işləri başa çatmış obyektlərin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 07 aprel 2017-ci il tarixli aktının surətindən görünür ki, sifarişçi «X8» MMC olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşşatçılar pr., 5 saylı yaşayış binasının 1-ci mərtəbəsi ofis binası, anbar və kassalardan təşkil olunaraq istismara qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunur: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsi «X8» MMC- nin balansına verilmişdir, həmin sərəncama əsasən balansa verilmiş 240.16 kv.m qeyri- yaşayış sahəsi «X8» MMC tərəfindən tam təmir edilmişdir, yuxarıda qeyd olunanları və göstərilən qeyriyaşayış sahəsinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansından çıxarıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsinin «X8» MMC tərəfindən özəlləşdirilərək həmin MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmirik. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı MKTB 157 saylı MKİS tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: İddiaçı irəli sürdüyü iddia ərizəsinə əsasən Yasamal rayonu, İnşaatçılar pr., 5 ünvanda yerləşən yaşayış binasının zirzəmisində ona məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxış yolunun olmadığı əsassızdır. Belə ki, İddiaçı ona məxsus olan İnşaatçılar pr., 5 ünvanda yerləşən binasının zirzəmisində dəfələrlə araşdırılma aparılmış, həmin zirzəminin iki yerdən giriş-çıxış yolunun mövcud olduğu ona izah edilmiş və göstərilmişdir. Hal-hazırda həmin giriş-çıxış yolları işləyir və əhali həmin yollardan istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində olan eskiz layihəsinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, «Bakımənzilkommunlayihə» İnstitutu tərəfindən (lisenziya L-15-060 №085266, sifariş 1894, inv №2501) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən, «X8» MMC-yə məxsus qeyri-yaşayış sahəsinin ölçü cizgisi (ölçü layihəsi) tərtib edilmişdir. Həmin məktuba əlavə edilmiş «X8» MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamını və MMC-nin xx.xx.2017-ci il tarixli 39 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair təqdim olunmuş memarlıqplanlaşdırmasının həlli layihəsi («Bakımənzilkommunlayihə» İnstitutunun işi, memar T.Rəşadlı) razılaşdırılmışdır (layihə əlavə edilmişdir). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 252 nömrəli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan ünvana dair MKİS-nin arxivindən sənədlər arasında binanın layihəsi mövcud deyil. Bu səbəbdən xahişinizi təmin etmək mümkün olmuşdur. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Şöbəsinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubunda bildirilmişdir ki, X4 balansında olmuş, İnşaatçılar pr.5 saylı binanın təhvil-təslimi zamanı texniki sənədləri, layihələri və planları təqdim edilmədiyindən 157 saylı MKİS-nin arxivində bu sənədlər aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 429 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və həmin Birliyin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Qeyd edilən ünvanda yerləşən binanın zirzəmisinin (İddiaçı adına özəllşdirilmiş 78,1 kv.metr olan hissəsinin) texniki göstəricilərini əks etdirən texniki pasport mənzil istismar təşkilatında olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizA Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5472 nömrəli məktubu ilə göndərilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki (tikilinin planında) qeyri yaşayış sahəsinə əsas giriş binanın fasad tərəfindən və ikinci giriş sahəsi 50,6 kv.m olan otağın baş tərəfindən zirzəminin daxilindən olduğugöstərilmişdir. Baxış zamanı texniki pasportda binanın fasad tərəfindən nəzəndə tutulmuş əsas giriş-çıxış qapısı mövcuddur. Həmçinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin binanın fasad hissəsindən zirzəmiyə düşən pilləkənin qarşısında tikili inşa olunduğunu nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinə texniki pasportda nəzərdə tutulan əsas giriş-çıxış yolundan istifadə olunması mümkün deyildir. Lakin zirzəmiyə daxil olması mümkün olmadığı üçün zirzəmi daxili olan giriş-çıxış yolunun mövcud olub- olmamasını və istifadə edilməsinin müəyyən etmək mümkün olmadı. “X8” MMC-yə məxsus 5 saylı binaya bitişik qeyri-yaşayış sahəsi, həmin binanın zirzəmisində yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə binanın yan hissəsindən giriş çıxışına məhdudiyət yaradır və həmin binaya bitişik inşa olunmuş qeyriyaşayış sahəsi sökülməklə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə binanın yan hissəsindən giriş-çıxışın təmin edilməsi mümkündür. Beləliklə, işin hallarından görünür ki, 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balanasında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 5 ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 78.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına özəlləşdirilmiş, bu barədə ona Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli 002072 nömrəli Şəhadətnamə verilmiş, daha sonra sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. Eyni zamanda müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamına əsasən Bakı şəhər Mənzil Kommunal Departamentinin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.metr qeyri-yaşayış sahəsi «X8» MMC-nin balansına verilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 145 nömrəli sərəncamına əsasən 98 nömrəli sərəncam nəzərə alınaraq Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında eyni zamanda 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün «X8» MMC-yə icazə verilmiş, tikilinin layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2018-ci il tarixli 95 nömrəli Sərəncamı ilə qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün «X8» MMC-yə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 145 nömrəli sərəncamının ləğvini mübahisələndirir. İddiaçının iddia tələbinin əsaslandığı hallar: -İddiaçının mülkiyyətində olan X6 məxsus yataqxana kimi istifadə olunan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolu birbaşa İnşaatçılar prospektinə açıldığı halda mübahisələndirilən sərəncamla verilmiş tikintiyə icazə əsasında üçüncü şəxs həmin binaya bitişik vəziyyətdə iki mərtəbəli əlavə tikili inşa etmiş, bununla da iddiaçı ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmuşdur. Həmçinin iddiaya birinci instansiya məhkəməsində baxılarkən iddiaçının sözügedən sərəncamının ləğv edilməsi üçün gətirdiyi əsaslar: -ofis binasının tikilməsi üçün üçüncü şəxsə torpaq sahəsi ayrılmamışdır. -sərəncamda tikiləcək binanın yerinin binanın yaxınlığı qeyd edildiyi halda tikiləcək binanın dəqiq yeri, ölçüsü göstərilməmişdir. Üçüncü şəxsə aid xırda pulların çeşidlənməsi məntəqəsi 5 saylı binanın yaxınlığında deyil, ona bitişik, həm sağ cinahının və həm də ön tərəfinin bir hissəsini əhatə etməklə tikilmişdir. -xx.xx.2017-ci il tarixli sərəncam qəbul edilərkən iddiaçıya məlumat verilməmiş, onun iştirakı təmin edilməmişdir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək təkrar baxışa göndərərkən ona istinad etmişdir ki, “(.....) hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən ilk növbədə iddianın mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyi yoxlanılmalı, bu zaman subyektiv hüququn pozuntusunu müəyyən etmək üçün torpaq sahələrinin üst-üstə düşübdüşmədiyi, düşdüyü təqdirdə iddiaçının hüquqlarının pozulduğu, mübahisələndirilən tikilinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planında nəzərdə tutulmuş sahədən artıq ərazidə inşa edilməsi, ümumiyyətlə İcra Hakimiyyətinin tikintiyə icazə verərkən səlahiyyətinin olub-olmaması araşdırılmalı, iddiaçıya məxsus binanın həqiqətən də iki girişçıxış yolunun olub-olmamasını müəyyən etmək üçün ərazinin yerində müayinəsi keçirilməli, iddiaçı ilə 3-cü şəxsin maraqlarının toqquşduğunu müəyyən etmək məqsədilə zərurət olduğu təqdirdə müvafiq ekspertiza keçirilməli, eyni zamanda inzibati orqarı tərəfindən inzibati icraatın aparılmasında iddiaçının iştirakını və onun dinlənilmə hüququnu təmin edib-etmədiyi yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə təkrarən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq işin aşağıdakı hallarını müəyyən etmişdir. İlk növbədə mübahisə predmeti olan sərəncamın qəbul edilməsi ilə bağlı apelyasiya məhkəməsinin mövqeyinə uyğun olaraq cavabeh Bakı şəhər İcra Hakimiyyətinin mübahisələndirilən tikintiyə icazə haqqında xx.xx.2017-ci il tarixli 145 nömrəli sərəncamı verməyə səlahiyyətinin olub-olmamasının yoxlanılmasına münasibətdə məhkəmə aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətləri vardır. Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Beləliklə, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər hakimiyyəti başçılarına aiddir. Belə olan halda Bakı şəhərində İ və İİ msəuliyyət səviyyəli binaların, o cümlədən üçüncü şəxsə aid qeyri-yaşayış sahəsinin layihələrinin təsdiqi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə, tikintiyə icazə vermək səlahiyyəti isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində olduğu müəyyən olunur. Mübahisələndirilən sərəncamın qəbul edilməsi ilə iddiaçının subyektiv hüququn pozuntusunu müəyyən etmək üçün torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi, düşdüyü təqdirdə iddiaçının hüquqlarının pozulduğu, mübahisələndirilən tikilinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planında nəzərdə tutulmuş sahədən artıq ərazidə inşa edilməsinin araşdırılmasına dair apelyasiya instansiya məhkəməsinin göstərişi ilə bağlı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 78.1 kv m qeyri-yaşayış sahəsi Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisinin bir hissəsidir. Üçüncü şəxsin tikdiyi qeyri-yaşayış sahəsi həmin binanın sağ küncünə bitişik vəziyyətdə tikilmişdir. Başqa sözlə, iddiaçının qeyri-yaşayış sahəsi binanın altında- zirzəmisində, üçüncü şəxsə aid tikili isə binanın sağ ətrafında tikildiyindən iddiaçı ilə üçüncü şəxsə aid əmlakların yerləşdiyi torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Lakin nə qədər ki, üçüncü şəxsə aid tikili iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi binaya sağ cinahdan bitişik tikilmişdir, bu halda bina mülkiyyətçilərinin, o cümlədən binanın həmin hissəsində qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ olan hazırkı iddiaçının da tikintiyə icazə sənədini mübahisələndirməyə subyektiv hüququ olduğunu deməyə əsas verir. İnzibati orqarı tərəfindən inzibati icraatın aparılmasında iddiaçının iştirakını və onun dinlənilmə hüququnu təmin edib-etmədiyi yoxlanılmasına gəlincə məhkəmə qeyd edir ki, iddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mübahisələndirilən tikili ilə bağlı cavabdehə müraciət etmiş, bu zaman ona bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Eləcə də məhkəmə iclasında iddiaçı tərəf üçüncü şəxs tərəfindən tikinti işlərinin aparıldığından məlumatlı olduğunu, hətta ona İnşaatçılar prospektinə çıxış üçün qapı qoyulacağı barədə vədlər verildiyini, onunda həmin vədlərə etimad edərək gözlədiyini bildirmişdir. Başqa sözlə, iddiaçının inzibati icraatda yazılı qaydada iştirakı sübut olunmasa da, tikili ilə bağlı sərəncamın qəbulundan xəbərdar olduğu, şifahi qaydada daşışıqlarda iştirak etdiyi mübahisələndirilmir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi üçüncü şəxsə aid tikilinin torpaq sahəsinin planında nəzərdə tutulmuş sahədən artıq ərazidə inşa edilməsinin araşdırılmasına dair göstərişi, eləcə də iddiaçının təkrar məhkəmə baxışı zamanı iddiasının əsasə kimi qeyd etdiyi ofis binasının tikilməsi üçün üçüncü şəxsə torpaq sahəsi ayrılmaması, tikiləcək binanın dəqiq yeri, ölçüsünün göstərilməməsi kimi dəlillərlə bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxsə cavabdehin xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsi, yəni artıq mövcud olan hissə verilmiş, həmin hissə ilə yanaşı ona bitişik iddia predmeti olan xırda pulların çeşidlənməsi məntəqəsinin layihəsi«Bakımənzilkommunlayihə» İnstitutu tərəfindən hazırlanmış,həmin layihədə sözügedən qeyri-yaşayış sahəsinin yerləşmə yeri, cizgisi, ölçüsü göstərilmiş və layihə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Mübahisələndirilən sərəncamla tikintiyə icazə əsasında üçüncü şəxsin həmin binaya bitişik vəziyyətdə iki mərtəbəli tikili inşa etməklə, iddiaçının ona məxsus sahədən istifadə etmək imkanından məhrum olması ilə bağlı iddiaçının dəlilinin araşdırılması məqsədilə, eləcə də apelyasiya məhkəməsinin qeyd etdiyi kimi iddiaçıya məxsus binanın həqiqətən də iki giriş-çıxış yolunun olub-olmamasını müəyyən edilməsi üçün məhkəmə tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmiş, ekspert rəyi əldə edilmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçıya aid qeyri yaşayış sahəsi 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşir. Həmin qeyri-yaşayış sahəsinin texniki pasportundan müəyəyn olunur ki, qeyri-yaşayış sahəsinin sanitar qovşağının sahəsi 6.9 kv.m, boş otaqlarının sahəsi 50,6 kv.m, dəhlizin sahəsi 13 kv.m təşkil edir. Texniki pasportun tikilinin planı hissəsindən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə giriş binanın fasad tərəfindən və sahəsi 50.6 kv.m olan otağın baş tərəfindəndir. Başqa sözlə, qeyr-yaşayış sahəsinin texniki göstəricilərində onun iki ədəd giriş-çıxış yerinin olduğu müəyyən olunur. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçıya aid qeyri-yaşayış sahəsinə binanın fasad-yan tərəfindən və bina daxilindən giriş-çıxış mövcuddur. Bina daxilindən yolbinanın birinci mərtəbəsində dəhlizin sonunda həmin zirzəmiyə daxil olmaq üçün pilləkənlər mövcuddur. Qeyd edilən hissədən zirzəmiyə düşmək üçün binanın iki əsas girişindən daxil olmaqla (sakinlərin istifadə etdiyi İnşaatçılar prospektinə açılan ümumi giriş və binanın ümumi həyətinə açılan ümumi giriş qapısı) dəhlizin sonunadək getməklə pilləkənlər vasitəsilə düşmək, eləcə də binanın əsas girişlərindən deyil, binanın yan hissəsindən bina daxili zirzəmiyə düşmək üçün yenə həmin pilləkənlərin önündə binanın yan hissəsinə açılan qapıdan daxil olmaqla həmin pilləkənlər vasitəsilə düşmək mümkündür. Bina daxili zirzəmiyə düşən bu hissə texniki pasportdakı sahəsi 50.6 kv.m olan otağın baş tərəfindən olan giriş hissədir. Bundan əlavə binanın sağ yanından texniki pasportda göstərilən fasad hissədə pilləkən və pəncərə mövcuddur, pilləkən düşən hissə İnşaatçılar prospektinə tərəf olmaqla qarşısı divarla hörülmüşdür. Pilləkən hissə bu vəziyyətdə istifadəyə yararsızdır. İddiaçıya aid qeyri-yaşayış sahəsi binanın zirzəmi vəziyyətinə uyğun olmaqla təmirsizdir. Beləliklə, texniki pasportun göstəricilərinə uyğun olaraq iddiaçıya aid qeyri-yaşayış sahəsinə bina daxilindən və binanın yan hissədən iki giriş-çıxışın olması öz təsdiqini tapmışdır. Qeyd edilən girişlərdən bina daxili olan hissəyə binanın ön, arxa hissələrindən və yan tərəfindən olan girişlərdən bina daxili pilləkən vasitəsilə giriş-çıxış yolu var. Eyni zamanda qeyri-yaşayış sahəsinə binanın sağ fasad hissəsindən, birbaşa İnşaatçılar prospektinə baxan hissədə giriş-çıxış yolu qoyulmuş, lakin həmin hissədə pilləkə bitişik qeyri-yaşayış sahəsi inşa edildiyindən həmin hissədən bu vəziyyətdə daxil olması mümkün deyildir. Məhkəmə tərəfindən ekspert qarşısında üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsinin iddiaçıya aid qeyri-yaşayış sahəsinə yan hissədən giriş –çıxışına mane olduğu halda bu hissədən giriş-çıxışın hansı qaydada təmin edilməsinin mümkünlüyü barədə sual qoyulsa da ekspert rəyində həmin binaya bitişik inşa olunmuş qeyri-yaşayış sahəsinin sökülməklə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə binanın yan hissəsindən giriş- çıxışın təmin edilməsnin mümkünlüyü nəticəsinə gəlinmişdir. Halbuki, yerli baxış zamanı, eləcə də iş materillarında olan fotoşəkillərdən də müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə binanın yan-fasad hissədən daxil olmaq üçün həmin hissədə pilləkənlərin yerini binanın həyətinə tərəf dəyişməklə zirzəmiyə daxil olmaq mümkündür. Ekspertin gəlidiyi bu qənət isə sözügedən qeyri-yaşayış sahəsinin İnşaatçılar prospektinə birbaşa çıxışının hansı qaydada təmin edilməsi ilə bağlı suala cavabdır ki, belə bir sual isə məhkəmə tərəfindən qoyulmamışdır. Odur ki, məhkəmə ekspert rəyi ilə bu hissədə razılşamır. Beləliklə, iddiaçının qeyd etdiyi hallar- üçüncü şəxsin inşa etdiyi tikilinin ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmasına dair dəlili öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus olan zirzəmi hissəsinə iki yerdən giriş-çıxış yolu vardır, həmin yollardan biri işləkdir, digərinin isə işlək vəziyyətinə gətirilməsi yuxarıda da qeyd edildiyi kimi işlək vəıziyyətə gətirilməsi pulləkən yerinin dəyişdirilməsi ilə mümkündür. İddiaçının münahisələndirdiyi inzibati akt artıq icra olunmuş inzibati aktdır. İddiaçının hüquqi marağı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə birbaşa İnşaatçılar prospektinə çıxışın təmin edilməsi ilə bağlı olduğu halda bu maraq sözügedən sərəncamın ləğvinə nail olmaqla deyil, mülki qaydada tərəflər arasında servitutla bağlı hüuququn həll edilməsi ilə nail olmaq mümkün ola bilər. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, hazırkı halda xx.xx.2017-ci il tarixli 145 saylı sərəncam inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün hüquqi əsas müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 100 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar