Məhkəmə qərarları › İş №2-1(112)-390/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-390/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-390/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə ediilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının, əşya əmlak əvəzinə pul kompensasiyasının, xidmət etdiyi dövr üzrə maddi yardımın, 13-cü əmək haqqının, yemək pulunun, son haqq-hesab müavinətinin, xidmət etdiyi dövrdə kirayə haqqının, Müdafiə Nazirliyinin Sərəncamında olduğu müddətdə rütbə pulunun hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, iddiaçı aidiyyəti üzrə pul kompensasiyanın və digər ödənişlərin alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin əsassına qoyulan tələblərdən istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi ilə bağlı iddiaçının müraciətinə Müdafiə Nazirliyinin nəznində yaradılmış əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə komissiyada baxılmış və 28 fevral 2021-ci il tarixli məktubla zəruri sənədlərin toplandığı və komissiyaya təqdim edildikdən sonra kompensasiyanın ödənilməsinə baxılacağı qeyd edilmişdir. Həmçinin, iddiaçının xidmət etdiyi dövrdə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsinə dair müraciətinə dair baxılaraq N nömrəli hərbi hissə yaradılmış ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi üzrə komissiyanın 16 aprel 2021-ci il tarixli məktubu ilə müvafiq sənədlərin N nömrəli hərbi hissəyə təqdim edilməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə cavabdehin yazılı etirazda göstərdiyi hallara münasibətdə bildirir ki, hazırki iddia istifadə ediilməmiş növbəti məzuniyyətə görə və əşya əmlak əvəzinə pul kompensasiyalarının ödənilməsi hissəsində mümkünlük şərtlərinə cavab vermiş, iddia digər hissələrdə isə cavabdehə rəsmi müraciət olmadığından mümkünlük şərtlərinə cavab verməmişdir. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia - xidmət etdiyi dövr üzrə maddi yardımın, 13-cü əmək haqqının, yemək pulunun, son haqq-hesab müavinətinin, xidmət etdiyi dövrdə kirayə haqqının, Müdafiə Nazirliyinin Sərəncamında olduğu müddətdə rütbə pulunun hesablanıb ödənilməsi hissəsində mümkün sayılmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək SQ TTM, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 651 nömrəli, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 888 nömrəli, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 651 nömrəli, xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək 177 nömrəli, xx.xx.2014-cü il tarixdən xx.xx.2016cı il tarixədək 702 nömrəli, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı adına tərtib edilmiş norma üzrə alınmayan əşya əmlakı əvəzinə pul kompensasiyasının verilməsi üçün arayış, arayışın yazılmasında əsas götürülmüş “Şəxsi istifadəyə verilmiş maddi vəsaitlərin uçotu kartı (Forma-45) və vətəndaş İddiaçı hərbi hissədən tərxis olunması barədə əmrdən çıxarış sənədlərə əlavə edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı əşya əmlakı əvəzinə pul kompensasiyanın ödənilməsi mümkün deyil. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıya SHXÇDX arayışı (xidmət illəri və xidmət yerləri dəqiq tarixlərlə göstərilməklə), şəxsiyyət vəsiqəsinin surəti, hər hansı bir şəxsə verilmiş etibarnaməni poçt vasitəsilə “Xocavənd rayonu Ağoğlan qəsəbəsi N nömrəli hərbi hissəyə” göndərilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, SQ TTM-in, 651,888,177,702,181 №-li hərbi hissələrin 2009-2020-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı barəsində araşdırmanın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 9 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş məktubdan görünür ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş məhkum İddiaçı Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı istifadə edilməmiş növbəti məzuniyyətə görə əşya əmlakın əvəzinə pul kompensasiyasının, xidmət etdiyi dövr üçün maddi yardımın, 13-14-cü əmək haqqının, yemək pulunun, son haqq-hesab pulunun, xidmət etdiyi dövrdə kirayə haqqının, sərəncamda olduğu müddətdə rütbə pulunun ödənilməsinə dair müraciəti hərbi hissəyə daxil olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia mahiyyəti üzrə baxılan hissədə təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: M a d d ə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. M a d d ə 10. Pul təminatı və maddi təminat hüquq

1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır

5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Maddə 11. İstirahət hüququ

1. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək tələblərinə uyğun olaraq qoşun hissəsinin gün rejimi və zabitlərin, gizirlər və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət vaxtı reqlamenti ilə müəyyən edilir.a) növbəti məzuniyyətlər; Xidmət həftəsinin müddəti aşağıdakı kimi müəyyən edilir: müddətli xidmət həqiqi hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları üçün—bir istirahət günü ilə altıgünlük; zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün— iki istirahət günü ilə beşgünlük. Döyüşə və səfərbərliyə hazırlığın təmin edilməsi ilə bağlı olan təlimlər, kəmi yürüşləri, təlim atışları və başqa tədbirlər komandanlığın planlarına əsasən, xidmət vaxtının ümumi müddəti məhdudlaşdırılmadan keçirilir. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük mə'zuniyyət verilir. Mə'zuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin:

114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət;

20. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün.

121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli Qərarının:

1. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi qulluqçu növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməlidir. Hazırki işin həllinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyanı, o cümlədən tələb etdiyi əşya əmlakı əvəzinə pul kompensasiyanı hesablayarkən, bundan irəli gələn və qanunvericiliyin tələblərinə uyğun şəkildə vəzifələrini icra etməlidir. Hazırki halda isə cavabdehin imtina məktubunda istinad etdiyi hallar, onun inzibati orqan kimi ətraflı araşdırılmanın aparılmamasını göstərir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdeh İddiaçı müraciətinə qiymət verərkən onun 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum olduğunu, bu səbəbdən də imtina məktubunda istinad olunan sənədlərin əldə etməsinin imkanı xaricində olduğunu nəzərə almamışdır. Lakin məhkəmə imtina məktubunda istinad olunan halları da nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iş üzrə cavabdehin imtina məktubunda tələb etdiyi sənədlərin Müdafiə Nazirliyinin özü tərəfindən Nazirliyin aidiyyəti struktur idarələrindən, hərbi hissə və arxiv idarəsindən daxili qaydada əldə edilməsi, həmin sənədlər toplandıqdan sonra isə iddiaçının müraciətinə yenidən qiymət verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 15 (on beş) gün müddət təyin etsə də, təyin olunmuş bu müddət ərzində iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün mötəbər dəlillər və əsaslar təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə iddaçının xidməti barədə müvafiq sorğulara göndərilsə də, cavabdeh SQ TTM-in, 651,888,177,702,181 №-li hərbi hissələrin 2009-2020-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə təhvil verilmədiyindən araşdırmanın aparılmasının mümkün olmadığını bildirmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının tələb etdiyi pul kompensasiyanın ödənilməsini istisna edən hər hansı halı dəqiq göstərə bilməmiş, ümumiyyətlə bu hissədə mötəbər dəlil təqdim edə bilməmişdir. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi mahiyyəti üzrə baxılan hissədə təmin olunmalıdır. qərara aldı: İddia mahiyyəti üzrə baxılan hissədə təmin edilsin. İddiaçı istifadə ediilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının və əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar