Məhkəmə qərarları › İş №2-1(112)-3900/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3900/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3900/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və orderə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X5 adına verilmiş ******* saylı çıxarışın ləğv olunmasına və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ona təqdim edilmiş 26 yanvar 1998-ci il tarixli 025752 saylı orderdə dəqiq ünvan, yəni ünvan 1hdəliyinin Qaradağ Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyətinin 26 yanvar 1998ci il tarixli, 025752 saylı orderi ilə ona ünvan 2 ünvanındakı binanın 1-ci mərtəbəsində, 54,03 kv.m. sahəsi olan 37 saylı mənzil ayrılmışdır. Həmin mənzil Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Əkrəm İsmayılovun ailəsi tərəfindən qanunsuz zəbt olunduğundan ailəsi ilə birlikdə oraya köçə bilməmişlər. Hal-hazırda Əkrəm İsmayılovun ailəsi həmin mənzildə yaşayırlar. Ona verilmiş mənzilin yerləşdiyi yerdə küçə adı yuxarıda qeyd edilən orderdə (Zahid Qəmbərov) göstərilmədiyindən pasport qeydiyyatına düşə bilməmişdir. Bununla əlaqədar o, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, verilmiş ünvan 2 ünvanın 1-ci mərtəbəsində yerləşən 54,03 kv.m. sahəsi olan 37 saylı mənzil X10 tərəfindən xx.xx.2018-ci il tarixdə özəlləşdirilmiş və xx.xx.2018-ci il tarixdə X2. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim olunmuş arxiv sənədlərindən görünür ki, xx.xx.1996-cı il tarixli 226 saylı arayışda X9 Bakı şəhəri, Z.Qəmbərov küçəsi, 9 mərtəbəli nömrəsi qeyd edilməyən evin 4-cü mərtəbəsindəki 28.47 kv.m. sahəsi olan 2 otaqlı, 37 saylı mənzilində yaşadığı qeyd edilmişdir. Sonra isə 13 sentyabr 1996-cı il tarixli, 001154 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, MKSP, 28, 49 kv.m., sahəsi olan 37 saylı, 2 otaqlı mənzil X11 tərəfindən X1. Beləliklə, müəyyən edilmişdir ki, X10 tərəfindən özəlləşdirmə zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, binanın nömrə yerində MKSP sözü yazılan, 4-cü mərtəbəsində 28.47 kv.m. sahəsi olan 2 otaqlı 37 saylı mənzilin sənədləri əsas götürülərək, 26 yanvar 1998-ci il tarixli 025752 saylı orderlə ona ünvan 2, mərtəbə 1, sahəsi 54,03 kv.m. olan 37 saylı mənzili X5 adına özəlləşdirmiş və ona ******* saylı çıxarış vermişdir. Mübahisələndirdiyi məsələ üzrə mənzilin ona məxsus olması Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 may 2019-cu il tarixli, 2(001)-3464/2019 saylı qətnaməsi ilə də təsdiq olunur. Belə ki, məcburi köçkünlər Əkrəm İsmayılovun və onun ailə üzvlərinin ona məxsus mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi təmin olunaraq yuxarıda qeyd etdiyi qətnamə qəbul edilmiş və xx.xx.2019-cu ildə icraya yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddia dair etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 3, mənzil 37 ünvanında yerləşən mənzil XDS-nin 029540 nömrəli, 1988-ci il tarixli orderi ilə Xəlilova (Kalantarova) Şölə Atakişi qızının adına özəlləşdirilmişdir. Daha sonra Xəlilova (Kalantarova) Şölə Atakişi qızı sözügedən mənzili 001154 nömrəli, xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi ilə X3. X10 001154 nömrəli, xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi əsasında mənzili özəlləşdirərək 083824 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi almışdır. Sonra xx.xx.2018-ci il tarixdə X10 mənzilə dair çıxarış əldə etmişdir. Daha sonra alqı-satqı və ipoteka müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda **********32-05101-093050 reyestr nömrəli çıxarışa əsasən sözügedən mənzil X7 mülkiyyətindədir. Sözügedən daşınmaz əmlak ipoteka ilə yüklüdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən İddiaçı hüquqi yardım göstərilərək, izah edilmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqana ünvanlanmış müraciəti və həmin müraciətinə verilmiş cavab məktubu (imtina məktubu) məhkəməyə təqdim edilməlidir. Əks təqdirdə, iddianın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə ilk növbədə qeyd edir ki, İPM-in 37-ci maddəsinin tələbləri pozularaq, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan (birinin həlli digərindən asılı deyil) iki iddia tələbi bir iddiada birləşdirilmiş və cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilmişdir. Həmçinin iddia ərizəsinin orderə düzəliş edilməsi tələbi iş üzrə cavabdeh kimi göstərilməmiş Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı yönəlmişdir. Məhkəmə araşdırılması ilə məlum olur ki, mübahisə predmeti çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Digər iddia tələbinə (orderə düzəliş edilməsi) münasibətdə isə məhkəmə bildirir ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin iddia tələbinə cavab verməli olan orqan deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və orderə düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar