Məhkəmə qərarları › İş №2-1(112)-3902/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3902/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3902/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilərək Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/625 №-li qərarına əsasən Nardaran bağlar sahəsində 205 №-li kooperativin ərazisindən 937 “V” saylı 0,12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Milli Arxiv İdarəsindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-Ə-05072/2023 №-li arxiv arayışı alınmışdır. Torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsinə baxmayaraq torpaq sahəsinin müayinəsi aparılmadan iddiaçıya xx.xx.2023-cü il tarixdə 3-21-3-30/2-A0890- 8/2023 233021136B90 nömrəli məktubla rədd cavabı verilmişdir. İddiaçı hesab edir ki, torpaq sahəsinin müayinəsi aparılmalı və imtinanın səbəbi göstərilməli idi. Lakin bunların heç biri edilməmiş, mütəxəssislər tərəfindən baxış keçirilmədən rədd cavabı verilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********73, xx.xx.2023-cü il tarixli, **********29 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, göstərilən torpaq sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Belə ki, sxematik xəritəyə əsasən torpaq sahəsinin nömrəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Həmçinin ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün göstərilən bağ sahəsinin 937 v saylı bağ sahəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1195 kv.m-dir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Bakı şəhər İcraiyyə Komitəsinin 16 oktyabr 1991-ci il tarixli 14/625 №-li Qərarına 205 nömrəli Bağ Tikinti Kooperativinin üzvü İddiaçı bağ sahəsi ayrılmışdır.

5. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Nardaran bağlar sahəsindəki 205 №-li kooperativ tərəfindən qəbul edilmiş 10 №-li Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər icraiyyə komitəsinin 16 oktyabr 1991-ci il tarixli 14/625 №-li qərarına əsasən İddiaçı Nardaran bağlar sahəsində 205 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 937V №-li bağ ayrılmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 205 nömrəli bağ tikinti kooperativinin bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. 205 nömrəli bağ tikinti üzvlərinin siyahısının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.

7. İddia ərizəsizini İddiaçı adından imzalayan X3 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia ərizəsi X3 tərəfindən imzalanmış, belə ki, o, həmin torpaq sahəsini İddiaçı aldığı üçün hazırki iddianı onun adından qaldırıb.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.

11. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

12. İddia ərizəsi İddiaçı məhkəmədə təmsilçi ola bilməyən nümayəndəsi X3 tərəfindən imzalanmışdır (etibarnamə üzrə nümayəndəsi olduğunu bildirsə də, etibarnamə məhkəməyə təqdim edilməmişdir). İddiaçı X3 ilə yaxın qohumluq münasibətlərinin olması və İddiaçı adından iddia qaldırmaq səlahiyyəti müəyyən edilmir.

13. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar