Məhkəmə qərarları › İş №2-1(112)-3905/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3905/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3905/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ümumi əmək stajı 27 il 03 ay 18 gün, güzəştli iş stajı 24 il 03 ay 00 gün və yaş həddinin 55 il olduğunu nəzərə almaqla xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin ediməsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsinə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixindən təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar verilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci ildə anadan olmuşdur. Texniki peşə məktəbində xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, yəni 11 ay 12 gün təhsil almışdır. Həqiqi hərbi xidməti xx.xx.1980 - xx.xx.1982-ci illərdə, yəni 02 il 00 ay 01 gün olmuşdur. Beləliklə, ümumi əmək stajı 35 il, 06 ay, 00 gün təşkil edir. Bu əmək stajının 28 il, 05 ay, 03 gününü Neft və qaz emalı ‘'Əzizbəyov neft istehsalat İdarəsində" quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə əlaqədar iddiaçı xx.xx.2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsinə müraciət etmiş, ona ünvanlanmış xx.xx.2019-cu il tarixli **********0 saylı cavab məktubu ilə tələb olunan sənədlərin təqdim edilməsi tövsiyə edilmişdir. Tələb olunan sənədlər xx.xx.2020-ci il tarixində onun tərəfindən təqdim edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində **********3 saylı cavab məktubunda xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olduğunu səbəb gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası əsassız və qanunvericiliyə ziddir. Cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li və xx.xx.2007-ci il tarixli 12 №li Qərarlarının tələblərinə riayət etməmiş, ümumi iş stajını, güzəştli iş stajını və yaş həddinin hesablanmasında yanlışlığa yol vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirilmişdir ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “Azneft” istehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışı təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, onun hərbi qulluqda olduğu müddəti də nəzərə alınmaqla xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 il 09 ay 06 gün olmuş, iddiaçı əmək fəaliyyətinə xx.xx.1986-cı ildən başlamışdır. Hal-hazırda qüvvədə olan qanunvericiliyə görə iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ onun ümumi stajnın 25 il, güzəştli pensiya hüququ verən peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla hal-hazırda 56 yaşı olduğundan ona güzəştli pensiya təyin edilə bilməz. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1-dək onun ümumi stajı 25 ildən az olduğundan ona münasibətdə “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunun tətbiq edilə bilməz. Sonda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Suraxanı RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1961-ci il tarixdə Lerik rayonunun Ordahal kəndində doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X7 Komitəsi tərəfindən xx.xx.1979cu il tarixdə verilmiş 6198 saylı attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı x xxxxxxxx 1978-ci il tarixdə Lənkəran vilayəti 113 nömrəli kənd X4 daxil olmuş və xx xxxxxx 1979-cu ildə həmin məktəbi bitirmişdir. - İddiaçıya məxsus olmaqla xx.xx.1983-cü ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı işə qəbul olunana qədər xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet Ordu sıralarında xidmət etmiş, 73-k saylı, xx.xx.1982-ci il tarixli əmrlə həmin tarixdən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi “Dəmir-beton” trestinin DBM-4 zavoduna dəmir-beton məmulatları və konstruksiyaları üzrə 4-cü dərəcəli qəlibçi kimi qəbul edilmiş, 92k saylı, xx.xx.1983-cü il tarixli əmrə əsasən həmin tarixdən işdən azad edilmiş, 225 nömrəli, xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdən müddətli əmək müqaviləsinin bağlanması ilə 2-ci dərəcəli montyor kimi qəbul edilmiş, 234 saylı, xx.xx.1983-cü il tarixli əmrə əsasən həmin tarixdən işdən azad edilmiş, 3 saylı, xx.xx.1984-cü il tarixli əmrlə həmin tarixdən Koşkino rayon İMŞ kolxozda yerləşən pəyənin tikintisi zamanı malakeş-fəhlə qəbul edilmiş, tikinti zamanı bitdiyi üçün 13 saylı, xx.xx.1984-cü il tarixli əmrə əsasən həmin tarixdən işdən azad edilmiş, 987/k saylı, xx.xx.1984-cü il tarixli əmrə əsasən həmin tarixdən 3 nömrəli sexə pardaxçının tələbəsi kimi qəbul edilmiş, 378/k saylı, xx.xx.1986-cı il tarixli əmrə əsasən xx xxxx 1986cı il tarixdən işdən azad edilmiş, xx.xx.1986-cı il tarixli, 121 saylı əmrə əsasən həmin tarixdən 6 saylı mexanikləşdirilmiş kolonna “Azərbaycan Elektrik Montaj” müəssisəsinə 2ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 53 saylı, xx.xx.1987-ci il tarixli əmrə əsasən həmin tarixdən öz istəyi ilə işdən azad edilmiş, 709-OK saylı, xx.xx.1987-ci il tarixli əmrə əsasən xx.xx.1987-ci il tarixdən İTX 3 (üçüncü) dərəcəli sürücü kimi qəbul edilmiş, 286-OK saylı, xx.xx.1989-cu il tarixli əmrə əsasən xx.xx.1989-cu il tarixdən işdən azad edilmiş, 5/k saylı, xx.xx.1989-cu il tarixli əmrə əsasən həmin tarixdən yeraltı işlər üzrə ikinci dərəcəli mədən fəhləsi kimi işə qəbul edilmiş, 142/k saylı, xx.xx.1989-cu il tarixli əmrə əsasən xx.xx.1989-cu il tarixdən “Mosmetrostroy” texniki məktəbini bitirdiyi üçün yeraltı işlər üzrə üçüncü dərəcəli mədən fəhləsi kimi qəbul edilmiş, 80 saylı, xx.xx.1990-cı il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdən işdən azad edilmiş, 39/k saylı, xx.xx.1990-cı il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdən 14 saylı X2yuların əsaslı təmiri üzrə tələbə kimi qəbul edilmiş, 8/k saylı, xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdə 14 saylı X5 bitirdikdən sonra quyuların əsaslı təmiri üzrə quyuların əsaslı təmiri sahəsinə qazmaçının 4-cü dərəcəli köməkçisi kimi qəbul edilmiş, 324/k saylı, xx.xx.1995-ci il tarixli əmrə əsasən həmin tarixdən Neft-qazçıxarma idarəsində quyuların əsaslı təmiri üzrə qazmaçı keçirilmiş, 457/k saylı, xx.xx.2010-cu il tarixli əmrə əsasən həmin tarixdən quyuların əsaslı və yeraltı təmiri sexinə 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı keçirilmişdir. - HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - SOCAR “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR**********81200601BQQQ28 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Quyuların əsaslı təmiri sahəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Quyuların əsaslı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» və xx.xx.1993-cü il tarixdən xx.xx.2010-cu il tarixədək, Quyuların əsaslı və yeraltı təmiri sexində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2014-cü il tarixdən hal-hazıradək «quyuların əsaslı təmiri üzrə qazmaçı» peşəsində (vəzifəsində) işləyir və bu peşələrdə (vəzifələrdə) işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın Xİİ «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölmələrinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Hər iki peşənin müvafiq uyğunlaşdırması aşağıdakı kimidir: Siyahı - № 2, bölmə - Xİİ, yarımbölmə - 2 «a», şifr - 2130200a-11292. Arayışda, həmçinin, aşağıdakılar da göstərilmişdir: “Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 və 2 №-li Siyahılarının tətbiq edilməsi haqqında izahatının 13-cü bəndinə əsasən «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» peşəsi güzəştli əmək stajı sayılır (izahatın 13-cü bəndi - əgər siyahıda işçilərin peşələri ümumi adla daxil edilmişdirsə bu halda peşələrdə çalışan bütün işçilərin, o cümlədən baş, böyük və onların köməkçilərinin imtiyazlı pensiyaya hüququ vardır). 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1992-ci il 400 nömrəli Qərarı və "Azneft" İstehsalat Birliyinin xx xxxxxx 1992-ci il 238 nömrəli əmrinə əsasən "Əzizbəyovneft" Neft və Qazçıxarma İdarəsi H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır (əmr № 260, xx.xx.1992-ci il)”. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə cavabdeh pensiya təyinatı orqana müraciət etmiş, sonuncu tərəfindən isə iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********3 saylı məktubda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b” bəndinə istinad edilmiş, həmçinin, bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İş materiallarında olan SOCAR “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR**********81200601BQQQ28 saylı, xx xxxxxxx 2020ci il tarixli arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli iş stajını toplaması təsdiq edilir. Yuxarıda qeyd edilənlərdən başqa, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti və peşə təhsili müddəti də iş stajı kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı xx.xx.2006-cı il tarixədək 24 ilə yaxın ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması üçün kifayət deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi işdə olan sübutlara görə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar