Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3905/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 tərcüməçi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddiaçıların ünvan 1 ünvana yaşayış yeri üzrə qeydiyyata alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar polis idarəsinin inzibati binasında qeydiyyatda olmuşlar, hazırda polis idarəsinin inzibati binasından qeydiyyatdan çıxarıldıqları üçün şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilmişdir.İddiaçılar faktiki ünvan 1 ünvanda yaşayırlar. Faktiki yaşadıqları həmin ev 1950-ci ildə X3 tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmişdir, bütün kommunal xərclər İddiaçı1 adınadır,ev qanunvericiliyə uyğun icbari sığorta edilmişdir.İddiaçılar cavabdehə müraciət edərək həmin evə qeydiyyata alınmalarını xahiş etsələr də müraciətləri təmin edilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Bakı şəhər Xəzər rayon Polis İdarəsi məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə məktubla müraciət edərək işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinəİ əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qayda sında baxılır Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir, iddiaçılar cavabdehə müraciət edərək ünvan 1 ünvana yaşayış yeri üzrə qeydiyyata alınmalarını xahiş etmişlər, imtina cavabı almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Məhkəmə iddiaçıları dinlədikdən, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Xəzər rayon Polis İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin iddiaçının və həyat yoldaşının ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına dair müraciəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olduğu üçün həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən iddia tələbində göstərilən ünvandakı evlə bağlı Rəcəbov Mehrəli tərəfindən icbari sığorta ödənişlərinin həyata keçirilməsi haqqında 155530 nömrəli və 460484 nömrəli qəbzlərin surətləri, Bakı şəhəri Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 33 ilə bağlı Mehrəli Rəcəbovdan tikinti sahiblərindən alınan vergi və torpaq vergisinin – 21,25 manat ödənilməsinin tələb edilməsi haqqında 1001 nömrəli,xx.xx.1990-cı il tarixli tədiyyə bildirişinin surətini, X4 qəsəbəsi, 992 ünvandakı əmlakın sığorta etdirilməsi haqqında sığorta şəhadətnaməsinin surəti, X3 tərəfindən Şüvəlan qəsəbəsi, 992 nömrəli sahədə tikinti aparılması üçün 10000 rubl məbləğində borc götürməsi və ödənilməsi haqqında Əzizbəyov dövlət notariat kontoruna ünvanlanmış bildirişlərin surətləri təqdim edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, 33 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, X2 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlardan müəyyən etmişdir ki, İddiaçı1 cavabdehə müraciət edərək arvadı olan digər İddiaçı2 ilə birlikdə yaşadıqları Bak şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Müşfiq küçəsi, 33 nömrəli evə yaşayış yeri üzrə qeydiyyata alınmalarını tələb etmiş, lakin müraciətləri təmin edilməmişdir. Odur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər və həmin evə qeydiyyata alınma hüquqlarının olmasına dair sübut qismində məhkəməyə Mehrəli Rəcəbov adlı şəxs tərəfindən icbari sığorta ödənişlərinin həyata keçirilməsinə dair qəbzləri, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 33 ilə bağlı Mehrəli Rəcəbovdan tikinti sahiblərindən alınan vergi və torpaq vergisinin – 21,25 manat məbləğinin ödənilməsinin tələb edilməsi haqqında tədiyyə bildirişini, Mehrəli Rəcəbov tərəfindən Şüvəlan qəsəbəsi, 992 ünvandakı tikilinin sığorta edilməsinə dair sığorta şəhadətnaməsini, Əzizbəyov dövlət notariat kontoruna ünvanlanmış X3 tərəfindən Şüvəlan qəsəbəsi, 992 nömrəli sahədə tikinti aparılması üçün 10000 rubl məbləğində borc götürməsi və ödənilməsi haqqında bildirişlərin surətlərini təqdim etmişlər. Məhkəmə iddiaçıların iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İddiaçıların təqdim etdikləri hansısa üçüncü şəxs tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsinə dair qəbz, vergi məbləğinin ödənilməsinin tələb edilməsi haqqında tədiyyə bildirişi, sığorta şəhadətnaməsi, borcun ödənilməsi haqqında bildiriş qanunvericilikdə qeydiyyata alınmanın əsası kimi nəzərdə tutulmamışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçılardan onlarda olan iddia tələbini təsdiq edə biləcək bütün sübutların məhkəməyə təqdim edilməsini tələb etmiş, lakin iddiaçılar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ haqqında sənədi, icarə (və ya kirayə) müqaviləsini və ya digər qeydiyyat üçün əsas ola biləcək sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikasını İnzibati Prosesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları öz xidməti vəzifəsinə görə araşdırmaq və İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsə kimi hüququnun olub olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinun Dövlət Notariat Arxivinə sorgu vermiş və sorğuya verilən cavab ilə müəyyən edilmişdir ki, X2 hər hansı miras əmlakına dair vərəsəlik işi açılmamışdır. Bundan başqa məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş ünvan 1-ün qeydiyyata alınması barədə sorğuya cavabda da qeyd edilən ünvandakı evin qeydiyyata alınmasına dair məlumatın aşkar edilməməsi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçılara münasibətdə fəaliyyəti qanunauyğun olmuşdur, belə ki, iddiaçılar tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçıları həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almalarından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3905/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3905/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver