Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3906/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı -İddiaçı MTK-nın cavabdeh - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcunun silinməsi barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, məhkəmə İPM-in 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya xx.xx.2020-ci il tarixli hüquqi yardım məktubu təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsini və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsini təklif etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” kimi oxunması qərara alınmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasına dair vəsatətdə göstərilənləri müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcunun silinməsi barədə iddia tələbini işin mahiyyətinə aid olma baxımından təfsir etdikdə müəyyən olunur ki, iddiaçının məqsədi əlavə vergilərin hesablanması barədə qərarın, yəni xx.xx.2018-ci il tarixli **********153483 nömrəli qərarın ləğv olunmasıdır. İş materiallarından görünür ki, mübahisə predmetini təşkil edən borc məbləğinin yaranma əsası olan xx.xx.2018-ci il tarixli **********153483 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar xx.xx.2018-ci il tarixdə poçt vasitəsilə iddiaçıya göndərilmiş, lakin iddiaçı qərarı qəbul etməkdən imtina etmişdir. Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bi.ərəkdən hərəkətləri nəticəsində vergi organının qərarının surəti və (və ya) tələbnaməsi oıu təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Yuxarıda qeyd edilən maddənin də tələbindən göründüyü kimi, iddiaçı qeyd edilən qərarı qəbul etməkdən imtina etdiyindən, başqa sözlə qərar iddiaçıya onun bilərəkdən hərəkətləri nəticəsində təqdim oluna bilmədiyindən sifarişli poçta verildiyi tarixdən yəni, xx.xx.2018-ci il tarixdən təqdim edilmiş hesab edilir. Göründüyü kimi qərar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 2020-ci ildə yəni, qərarın təqdim edilməsindən 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edildiyindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Həmçinin, İddiaçı MTK-da xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı (xx.xx.2018-ci il tarixli **********153483 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar əsasında yaranmış borc üzrə) Baş idarənin İstintaq və təhqiqat barəsində araşdırılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və xx.xx.2018-ci il tarixdə istintaqın davam etdirilməsi üçün cinayət işi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə göndərilmişdir. Başqa sözlə, vergi ödəyicisi barəsində xx.xx.2018-ci il tarixli **********153483 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar üzrə yaranan borc məbləği əsasında cinayət işi başlandığından ödəyici həmin qərardan məlumatlı olmuş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qərarı mübahisələndirməmişdir. Digər tərəfdən, vergi orqanının ərizəsi əsasında Nərimanov Rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı MTK-nın 2022753,48 manat vergi borcunun ödənilməsini təmin etmək üçün (əsas vergi borcu: 1085691.47 manat, faiz borcu: 396277,22 manat; maliyyə sanskiyası: 540784,79 manat) müəssisənin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, hüquqi yardım haqqında məktubda göstərildiyi kimi, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmiş və prosessual müddətin bərpa edilməsi ilə bağlı hər hansı ərizə təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi dəqiqləşdirilsəydi də belə, iddiaçının mübahisələndirdiyi borc məbləği xx.xx.2018-ci il tarixli **********153483 nömrəli qərar əsasında yarandığından, iddiaçı isə həmin qərarı mübahisələndirmək üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli **********153483 nömrəli qərardan görünür ki, həmin qərarda qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüquqları izah edilmişdir. İş materiallarından görünür ki, İddiaçı MTK hazırkı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən vergi borcunun silinməsi (müvafiq qərarın ləğv edilməsi) tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 49.4-cü maddəsinə əsasən Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3906/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3906/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver