Məhkəmə qərarları › İş №2-1(112)-3906/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3906/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3906/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 17,4 kv.m olan bir otağa iddiaçıya çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 17,4 kv.m olan bir otaq almışdır. Həmin yaşayış sahəsi birinci mərtəbədə yerləşməklə giriş-çıxışı ayrıdır. Azərbaycan Respublikası MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dö\vlət reyestrində qeydə alındığı andan əldə edilə bilər.Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07 noyabr 2008-ci il tarixli 1 ********* saylı çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 17,4 kv.m olan bir otaq tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır və çıxarışda bir otaq mülkiyyətçisi kimi onun adına tək göstərilmişdir. Həmin yaşayış sahəsində iddiaçı tək qeydiyyatdadır. Lakin sonradan verilmiş ikinci çıxarışda mənzilin giriş-çıxışı ayrı olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış digər bir otağın mülkiyyətçisi hüquq sahibi kimi qeyd edilmişdir. Bu səbəbdən iddiaçı mülkiyyətçisi olduğu yaşayış sahəsi üzərində sərəncam vermək hüququmu icra edə bilmir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********51 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, mənzilin 17.7 kv.m dən ibarət olan 1 otağı üzərində İddiaçı, “Nizami Rayon Məhkəməsinin 2-1331 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin icra olunması haqqında” Nizami rayon İcra Hakimiyyəti başçısının 436 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı əsasında isə ünvan 3 ünvanında yerləşən mənzilin 1 otağı (y/s-11.1 kv.m) üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14 üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın məzmununa uyğun cavab verilmişdir. -xx.xx.2008-ci il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0.1215 ha torpaq sahəsində yerləşən 75 nömrəli, 5 mərtəbəli binada, 17.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 61 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 582 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (**********63-05101-093001) görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X8 (1 otaq, y/s 17,4 kv.m) və X6 (1 otaq, y/s 11,1 kv.m) paylı mülkiyyətindədir. -DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanına dair İddiaçı və başqasının adına tərtib edilmiş texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportdan görünür ki, 17,4 kv.m olan mənzilin və 11,1 kv.m olan mənzilin ayrıca girişçıxışları mövcuddur. Müvafiq sorğu əsasında cavabdeh qeydiyyat orqanı tərəfindən ünvan 3 ünvanının arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı şəhər ZDS İK tərəfindən verilmiş 60156 saylı, xx.xx.1967-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri, Studentçeskaya küçəsi (indiki Bəkir Çobanzadə küçəsi), ev 75, mənzil 61 (sahəsi 56,92 kv.m) X38 verilmişdir. X10 ailə üzvü kimi X7 və X3 da adları göstərilmişdir. -“Çobanzadə küçəsindəki 75 nömrəli evin 61-ci mənzilinin yaşayış sahəsinin bölünməsi, vət.X15 ilə ayrıca kirayə müqaviləsi bağlanması haqqında” Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli, 487 nömrəli sərəncamından görünür ki, Nizami rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-2250 saylı qətnaməsi ilə yuxarıda göstərilən mənzilin yaşayış sahəsindən istifadə qaydası müəyyən edilmiş, sahəsi 17,2 kv.m olan otaq ailə tərkibi 3 nəfər olmaqla X7 (özü, qızı, oğlu) istifadəsinə verilməklə, onunla aynca icarə müqaviləsinin bağlanmasına göstəriş verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli LMK- 1355 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2-2250 saylı, xx.xx.2003- cü il tarixli qətnaməsi dəyişiklik edilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Bununla əlaqədar vət.X1 rayon İcra hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin yaşayış sahəsinin bölünməsini, sahəsi 17,2 kv.m olar, otağa ayrıca icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Həmin Sərəncam əsasında Çobanzadə küçəsindəki 75 №li evin 4 otaqlı, yaşayış sahəsi 56,92 kv.m olan 61-ci mənzilinin yaşayış sahəsi kommunal xidmətləri ümumi istifadədə qalmaqla bölünməsi; yaşayış sahəsi 17,2 kv.m olan 1 otaq - ailə tərkibi 3 nəfər olmaqla: X16; X27; X20; X7 istifadəsinə; yaşayış sahəsi 11,4,11,2,17,2 kv.m. olan 3 otaq ailə tərkibi 6 nəfər olmaqla: X12; X21; X22; X23; X24; X13; X4 istifadəsinə verilmişdir. -AN-İ N ******* saylı xx.xx.2005-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X15 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 17,7 kv.m olan bir otaqdan ibarət yaşayış evini alıcı X2. -xx.xx.2008-ci il tarixli, reyestrdı 4Ə-217 nömrə ilə qeydiyyata alınmış notarial qaydada təsdiq edilən müqavilədən görünür ki, X35 DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********63-05101-091001 reyestr nömrəli ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən ona məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 17,7 kv.m olan bir otaqdan ibarət yaşayış evini arvadı X17 bağışlamışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, əsas iddia rədd edilməklə, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri Nizami rayonu MKTB-nə Bakı şəhəri, Çobanzadə küçəsi, 75 saylı evin 61 saylı mənzilin sahəsi 11,4 kv.m olan otağına dair X3 adına icarə müqaviləsinin bağlanmasının tapşırılması, kommunal xidmətlərinin ümumi istifadə saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1 mk-8107/2005 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. -Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 436 nömrəli Sərəncamına əsasən Çobanzadə küçəsindəki 75 saylı evin 61-ci mənzilinin yaşayış sahəsi 11,4 kv.m. olan otağının icarə müqaviləsi vətəndaş X5 adına bağlanılması və onun həmin otağın icarədarı hesab edilməsi qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından və işin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı hüquqi marağı və məqsədi ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 17,4 kv.m olan bir otağa dair tam mülkiyyətçi kimi göstərilməklə daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışın verilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçının mənzilin həmin hissəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınıb, o, sadəcə olaraq çıxarışda digər payçının adı göstərilmədən mənzilin 17,4 kv.m hissəsinə dair ayrıca çıxarış almaq niyyətindədir. İddiaçı bu tələblə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun isə 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. AR Mülki Məcəlləsindən: -152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: -220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Məhkəmə qeyd edir ki, iki və ya daha çox şəxsin bir əşya üzərində eyni zamanda maliklik hüququna sahib olması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq olaraq, həmin əşyanın onların ümumi mülkiyyətində olmasını təsdiq edir. Qanunvericiliyə əsasən, paylı mülkiyyətdə olan əşya üzərində sahiblik, istifadə və sərəncam hüquqları yalnız bütün payçıların qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Belə razılıq olmadıqda isə bu münasibətlərin tənzimlənməsi məhkəmə tərəfindən həyata keçirilir. Baxılan iş üzrə iddiaçı öz payının ayrıca qeydiyyatını, yəni hüquqi müstəvidə fərqləndirilməsini və bu paya dair müstəqil çıxarışın verilməsini tələb etmişdir. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil paylı mülkiyyət formasında İddiaçı (1 otaq, ümumi sahəsi 17,4 kv.m) və X9 (1 otaq, ümumi sahəsi 11,1 kv.m) məxsusdur. Həmin mülkiyyət hüquqları notariat qaydasında təsdiqlənmiş əqdlərlə rəsmiləşdirilmiş və dövlət qeydiyyatından keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçının hüququ əldə etdiyi mənzil hissəsi həyat yoldaşı ilə aralarında bağlanmış bağışlama müqaviləsi əsasında keçmiş, həmin əmlak isə ər tərəfindən əvvəlki tarixdə alqı-satqı müqaviləsi ilə əldə edilmişdir. Bütün hüquqi sənədlər, o cümlədən bağışlama və alqı-satqı müqavilələri, mənzilin iddiaçının mülkiyyətində olan konkret sahəsinin, yəni 17,4 kv.m – dəqiq müəyyən olunduğunu təsdiqləyir. O da nəzərə alınmalıdır ki, mübahisə predmeti olan mənzilə dair 2006-cı ildə iddiaçının əri X28, daha sonra isə, yəni bağışlama müqaviləsi ilə mənzilə dair hüquqlar yeni mülkiyyətçiyə ötürüldükdən sonra 2008-ci ildə cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına ayrıca çıxarışın verilməsi ilə bağlı təcrübəsi artıq mövcuddur. Göründüyü kimi, həmin hüquqi aktlar faktiki olaraq mənzilin struktur baxımından bölgüsünü və hər bir mülkiyyətçiyə aid hissənin sərhədlərini müəyyən etmişdir ki, bu da payların ayrılığını hüquqi baxımdan legitimləşdirir. Lakin bu mülkiyyət münasibətləri ilə yanaşı, qeyd olunmalıdır ki, daha əvvəl, yəni iddiaçının və ya onun həyat yoldaşının əmlaka hüquq əldə etməsindən öncə, həmin mənzilin istifadə və bölünmə qaydası barəsində hüquqi aktlar mövcud olmuşdur. Belə ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-2250 saylı qətnaməsi ilə mənzilin ümumi yaşayış sahəsinin (56,92 kv.m) ailə üzvləri arasında bölgüsü və faktiki istifadə çərçivəsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən mənzilin bölünməsi və istifadə mexanizmi müəyyən edildiyindən, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə mənzilə dair ayrıca çıxarışın verilməsini istisna etmədiyindən, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. adlı ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 17,4 kv.m olan yaşayış sahəsinin tam mülkiyyətçisi kimi İddiaçı Həsən qızı göstərilməklə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar