Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3908/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Gömrük Komitəsində tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülməsi barədə 1000/360Ş nömrəli, 18 may 2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/42 2Ş nömrəli, 21 iyun 2021-ci il tarixli əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi və tutduğu vəzifədən azad edilərək, Komitənin sərəncamına götürülənədək tutduğu vəzifəyə bərpa edilməsini və xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi ona çatası olan əməkhaqqının ona ödənilməsini barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh olan Dövlət Gömrük Komitəsinin 520Ş nömrəli xx.xx.2003-cü il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin Xüsusi təyinatlı yüklər üzərində gömrük nəzarətinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə, 100/1185Ş nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə isə həmin Baş İdarənin Gömrük Əməliyyatları idarəsinin Xüsusi gömrük prosedurları şöbəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. 19 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərar qəbul olunmuşdur. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 56-cı maddəsində bildirilir ki, “Barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir.” Lakin Əsasnamənin qeyd olunan normasını kobud şəkildə pozaraq istintaq başa çatmayana qədər Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin 04 iyun 2021-ci il tarixli, ********* nömrəli məktubunu əsas götürərək həmin Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin sədrinin 1000/360Ş nömrəli 18 may 2021-ci il tarixli əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş və guya hüquqpozmalar törədərək xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilərək, həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin sədrinin 1000/422Ş nömrəli 21 iyun 2021-ci il tarixli əmri ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əsasnamənin 71-ci maddəsində bildirilir ki, “ İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatı tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatın yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.” Buna baxmayaraq Əsasnamənin bu norması da kobud şəkildə pozularaq, heç bir araşdırma aparılmadan, yazılı izahat tələb edilmədən barəsində Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric etmə intizam tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin iddiaçıya ünvanladığı 12 sentyabr 2022-ci il tarixli, ********* nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə 19 may 2021-ci il tarixli qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 31 avqust 2022-ci il tarixdə ləğv edilmiş, habelə 5 sentyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının Dövlət Gömrük Komitəsinə 15 sentyabr 2022-ci il tarixdə ünvanladığı məktuba cavab olaraq X2 İdarəsinin xx.xx.2022-ci il tarixli 1000-190/1xx-xx/016500 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət Gömrük Komitəsinin 21 iyun 2021-ci il tarixli 1000/422Ş nömrəli əmrinin onunla bağlı hissələrinin ləğv edilməsi, 19 may 2021-ci il tarixdən etibarən ödənilməli olan əməkhaqqı məbləğinin ödənilməsi barədə iddianın məhkəmədə mübahisələndirmək hüququnuz vardır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Komitəyə daxil olmuş məktubda Azərbaycan Respublikasının vətəndaşı X17 Bakı Baş Gömrük İdarəsinin (bundan sonra - Baş İdarə) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materialda cinayət əlamətlərinə işarə edən kifayət qədər dəlillər toplanıldığı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə başlanılan ********* nömrəli cinayət işinin istintaqı zamanı Baş İdarənin Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə və digərlərinin hər birinin ayrılıqda fərqli maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 26 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edildikləri, onların barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi barədə məlumat verilmişdir. Bununla müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən sabiq əməkdaş İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş hüquqpozmaları törədərək, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Əsasnamənin 16.1-1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanının vəzifəli şəxsinin “Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarı yoxdur və Əsasnamənin 44-cü maddəsinin tələblərinə görə gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək gömrük orqanının vəzifəli şəxsinin borcudur. Əsasnamənin 50-ci maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. “Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. Qeyd olunan Qanunların müddəalarından göründüyü kimi, İddiaçı intizam tənbehi qaydasında Komitənin 2021-ci il 18 may tarixli 1000/360ş nömrəli əmri ilə sərəncama götürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bildirilir ki, iddiaçı sərəncama götürülməsi barədə müvafiq əmri mübahisələndirməmiş və hazırda həmin əmrin (inzibati aktın) mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. Beləliklə, İddiaçı barəsində cinayət işinin qaldırılması, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verərək Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş hüquqpozmaları törətməsi nəzərə alınmışdır. Bununla da o, Komitənin 2021-ci il 21 iyun tarixli 1000/42 2ş nömrəli əmri ilə Əsasnamənin 69-cu maddəsinin 7-cı bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əsasnamənin 69-1-ci maddəsinin tələblərinə əsasən həmin Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Qeyd olunur ki, iddiaçı və cavabdeh arasında mübahisə doğuran inzibati akt formal-hüquqi baxımdan qanunidir, çünki həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Eyni zamanda mübahisəli əmr maddi-hüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin birinci hissəsinin Dövlət Gömrük Komitəsinin İddiaçı tutduğu vəzifədən azad edilərək, Komitənin sərəncamına götürülməsi barədə 1000/360Ş nömrəli 18 may 2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/422Ş nömrəli 21 iyun 2021-ci il tarixli əmrlərini İddiaçı aid olan hissədə qanunsuz hesab edərək ləğv edilməsi barədə qərar qəbul edilməsi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı həmçinin bildirir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, iddiaçı mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 1000/42 2Ş nömrəli əmri xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışdır. Mübahisələndirilən digər 1000/360Ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrin isə iddiaçıya təqdim (elan) edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunanlara əsasən, məhkəmə cavabdehin iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı etirazda bildirdiyi məsələləri qəbul etmir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçıya məxsus 16 avqust 1990-cı il tarixdən doldurulmağa başlanan ИT-İ № ******* əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin Xüsusi Təyinatlı yüklər üzərində gömrük nəzarətinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə həmin Baş İdarənin Gömrük Əməliyyatları İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinə şöbə rəisi vəzifəsinə keçirilmiş, 18 may 2021-ci il tarixdə 1000/360Ş saylı əmrlə “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüş, xx.xx.2021-ci il tarixdə 1000/422Ş nömrəli əmrlə “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilərək həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “vəzifədən azad etmə haqqında” 18 may 2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Əsas: “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsi. - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “bəzi gömrük orqanı əməkdaşlarının gömrük orqanlarında xidmətlərinə xitam verilməsi haqqında” 21 iyun 2021ci il tarixli əmrindən çıxarışda aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikasının vətəndaşı X17 Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə başlanılan ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin rəisi, gömrük xidməti polkovniki X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci, həmin İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci, şöbənin böyük inspektorları, gömrük xidməti polkovnik-leytenantı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü, 311.3.1-ci, 311.3.2-ci və 308.2-ci, gömrük xidməti mayoru X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci, şöbənin inspektoru, gömrük xidməti baş leytenantı X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci, Baş İdarənin “İpək yolu” gömrük postunun böyük inspektoru, gömrük xidməti baş leytenantı X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci, postun inspektoru, gömrük xidməti leytenantı X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və Baş İdarənin “Keşlə” gömrük postunun böyük inspektoru, gömrük xidməti mayoru X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, bununla da, həmin əməkdaşlar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş hüquqpozmaları törədərək, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşlar. Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin rəisi, gömrük xidməti polkovniki X25, həmin İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı X22, şöbənin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı X6 və Baş İdarənin “İpək yolu” gömrük postunun inspektoru, gömrük xidməti leytenantı X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 18 may 2021-ci il tarixli 1000/360Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduqları vəzifədən azad edilərək, Komitənin sərəncamına götürülmüşlər. Hüquqpozmalar törədərək xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduqlarına görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin rəisi, gömrük xidməti polkovniki X25 “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilsin və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilsin. X19 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqaviləyə xitam verilsin, elektron imza sertifikatı ləğv edilsin və ona məxsus elektron imza kartı balansdan silinsin. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 18 may 2021-ci il tarixli 1000/360Ş nömrəli əmri ləğv edilsin. Əsas: AR Baş prokurorunun müavini, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli, ********* nömrəli məktubu və Daxili Təhlükəsizlik İdarəsinin arayışı. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçının Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 19 may 2021-ci il tarixli qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 31 avqust 2022-ci il tarixdə ləğv edilmiş, habelə 5 sentyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. - Cavabdeh tərəfindən iddiaçının əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi barədə müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin istintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ********* №-li cinayət işi istintaq olunur. Həmin cinayət işinin başlanılmasına əsas və səbəb Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş X16 Bakı Baş Gömrük idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması olmuşdur. Həmin cinayət işi üzrə məlumat üçün bildirilir ki, 19 may 2021-ci ii tarixdə Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunun X1 Azərbaycan Respublikası CM-nin 311.3.1-ci, həmin idarənin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi vəzifəsində işləyən Eylazov X15 Respublikası CM-in 308.2-cİ, Gömrük Əməliyyatları idarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları X11 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 32,4, 308.2-ci, X24 Azərbaycan Respublikası CM-nin 311.3.1 v 311.3.2-ci, 21 may 2021-ci il tarixdə həmin şöbənin inspektoru X20 Azərbaycan Respublikası CM-nin 311.3.1 ve 311.3.2-ci, 26 may 2021-ci il tarixdə qeyd olunan şöbənin inspektorları X21, X12 və X13 Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri iİqismində cəlb olunaraq barələrində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir. - Gömrük Xidməti tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun 04 iyun 2021 -ci il tarixli ********* nömrəli məktubuna baxılaraq bildirilmişdir ki, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin rəisi, gömrük xidməti polkovniki X25, həmin İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı X22, şöbənin böyük İnspektorları, gömrük xidməti polkovnik-leytenantı X9, gömrük xidməti mayoru X18, şöbənin inspektoru, gömrük xidməti baş leytenantı X10, Baş İdarənin “İpək yolu" gömrük postunun böyük inspektoru, gömrük xidməti baş leytenantı X8, postun inspektoru, gömrük xidməti leytenantı X4 və Baş İdarənin “Keşlə” gömrük postunun böyük inspektoru, gömrük xidməti mayoru X14 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 21 iyun 2021-ci il tarixli 1000/422Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onların gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 yanvar 2023-cü il tarixli məktubu ilə tələb olunan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Məktuba iddiaçının mübahisələndirdiyi 18 may 2021-ci il tarixli və 21 iyun 2021-ci il tarixli əmrlər, sonuncu əmrin iddiaçıya təqdim edilməsi barədə təsdiqedici sənəd əlavə edilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli, 1000/360ş nömrəli əmrin verilməsinə əsas Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsi olmuşdur. Sözügedən maddənin tələblərinə görə gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/422ş nömrəli əmrinin verilməsinə əsas Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun 4 iyun 2021-ci il tarixli, ********* nömrəli məktubu və X2 İdarəsinin həmin məktub əsasında apardığı xidməti araşdırmanın nəticələrini özündə əks etdirən arayışı olmuşdur. Sabiq əməkdaş İddiaçı Məşi oğlu barəsində həbs qətimkan tədbiri seçildiyinə görə xidməti araşdırma zamanı onun izahatının alınması imkan xaricində olmuşdur. Eyni zamanda sabiq əməkdaşın (qeyd - iddiaçının) barəsində cinayət işi qaldırılarkən o, gömrük orqanlarında tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin, o cümlədən İddiaçı Məşi oğlunun qanunsuz əməlləri və digər faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə istintaq olunmuş cinayət işi üzrə İddiaçı Məşi oğlunun təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə 19 may 2021-ci il tarixli qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 31 avqust 2022-ci il tarixdə ləğv edilmiş, habelə 5 sentyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı 2003-cü il tarixdən Bakı Baş Gömrük İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Sonradan Bakı Baş Gömrük İdarəsinin bəzi vəzifəli şəxsləri, o cümlədən iddiaçı barəsində AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə istintaq orqanı tərəfindən qərar qəbul olunmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu barədə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR Dövlət Gömrük Komitəsinə xx.xx.2021-ci il tarixli məktubla məlumat verilmişdir. İddiaçının barəsində başlanılmış cinayət işinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadığına görə) maddəsinə əsasən xx.xx.2022-ci il tarixli qərarla xitam verilmişdir. Bununla belə, cinayət işi istintaq mərhələsində olduğu dövrdə Komitə sədrinin 2021-ci il 18 may tarixli, 1000/360Ş nömrəli əmri ilə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş, daha sonra isə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubu və həmin məktubun icrası ilə bağlı X2 İdarəsinin xx.xx.2021ci il tarixli arayışı əsas götürülərək Komitə sədrinin 2021-ci il 21 iyun tarixli, 1000/422Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona ödənilməyən əməkhaqqının ödənilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmiş, iddiaçıya mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun üçün əlverişsiz hüquqi nəticələr yaradan iki inzibati aktıvəzifədən azad edilərək sərəncama götürülməsi barədə Komitənin xx.xx.2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə Komitənin xx.xx.2021-ci il tarixli əmrlərini mübahisələndirir, eyni zamanda həmin aktların icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını- sərəncama götürülənədək tutduğu vəzifəsinə bərpa edilməsini və xidmətdən xaric edildiyi dövrdə ona ödənilməyən əməkhaqqının ödənilməsini tələb edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın: - 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir (İİ hissə). Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz (V hissə). - 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən:
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
16. Gömrük orqanlarının vəzifəli şəxslərinin: 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarı yoxdur.
44. Gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etməyə borcludur.
50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır.
56. Barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir.
57. Vəzifədən müvəqqəti kənar edilən gömrük orqanının vəzifəli şəxsinin həmin müddət ərzində əmək haqqı saxlanılmır.
69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər.
73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsaslara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.
128. Gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.
129. Gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında vəzifəyə bərpa edilməsi barədə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dərhal icra olunmalıdır.
130. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 1000/360Ş nömrəli və xx.xx.2021-ci il tarixli, 1000/422Ş nömrəli əmrlərə münasibətdə belə qənaətə gəlir ki, sübutetmə yükü daşıyan cavabdeh sözügedən inzibati aktların iddiaçıya aid hissədə qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Belə ki, iddiaçının vəzifədən azad olunaraq Komitənin sərəncamına götürülməsinə dair xx.xx.2021-ci il tarixli əmrdə onun verilməsi üçün əsas kimi Əsasnamənin 50-ci bəndinə istinad edilsə də, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi, yaxud intizam tənbehi qaydasında həyata keçirildiyi göstərilməmişdir. Lakin məhkəmə araşdırması dövründə toplanmış sübutlardan məlum olmuşdur ki, iddiaçının barəsində AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi əsas götürülərək bu hal iddiaçının Əsasnamənin 16 və 44-cü maddələrinin tələblərini kobud pozması kimi qiymətləndirilmiş, nəticədə iddiaçının vəzifədən azad edilərək Komitənin sərəncama götürülməsi barədə xx.xx.2021-ci il tarixli əmr verilmişdir. Halbuki, Əsasnamənin tələblərinə görə barəsində cinayət işi qaldırılmış iddiaçı istintaq başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilməli və ona həmin dövrdə əməkhaqqı ödənilməməli idi. İddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsinə səbəb olmuş xx.xx.2021-ci il tarixli əmrə gəldikdə isə həmin inzibati aktın qəbul edilməsi üçün əsaslardan biri kimi təqdim olunan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Komitəyə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubun icrası ilə əlaqədar tərtib olunmuş X2 İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında iddiaçı və onunla bərabər adları qeyd olunan digər gömrük əməkdaşları “cinayət əməllərini törətmiş əməkdaşlar” kimi xarakterizə edilmiş və onların “hüquqpozmalar törədərək xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduqlarına görə” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməli olduqları hesab edilmişdir. Komitə sədri tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli əmrdə qeyd olunan əsaslar olduğu kimi əks etdirilməklə Əsasnamənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən gömrük orqanlarından xaric edilmiş, 120-ci maddəsinin 8-ci bəndi ilə onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Lakin sözügedən əmr qəbul edilərkən iddiaçının barəsində başlanılmış cinayət işi üzrə istintaqın davam etdiyi nəzərə alınmamış, beləliklə də, Əsasnamənin və qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının tələblərinə əməl edilməməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. İş materiallarından da aydın olduğu kimi AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir. “İnzibati icraat haqqında” Qanunun: - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan inzibati aktlar inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının əməl edilməməsi nəticəsində qəbul edildiyindən iddiaçının hüquqlarını pozur. Bu baxımdan, sözügedən əmrlər iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt hesab edildiyindən ona dair hissədə ləğv edilməli, iddiaçıya gömrük orqanlarında xidmətinə xitam verildiyi gündən bərpa olunan günə qədər ona çatası olan əməkhaqqı ödənilməlidir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülməsi barədə 1000/360Ş nömrəli 18 may 2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/422Ş nömrəli, 21 iyun 2021-ci il tarixli əmrləri İddiaçı aid olan hissədə qanunsuz hesab edilərək ləğv edilməli və Komitənin sərəncamına götürülənədək tutduğu vəzifəyə bərpa edilməsi və xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi ona çatası olan əməkhaqqının ona ödənilməsi Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülməsi barədə 1000/360Ş nömrəli, 18 may 2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/422Ş nömrəli, 21 iyun 2021-ci il tarixli əmrləri İddiaçı aid olan hissədə qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçının Komitənin sərəncamına götürülənədək tutduğu vəzifəyə bərpa edilməsi və xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi ona çatası olan əməkhaqqının ona ödənilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov