Məhkəmə qərarları › İş №2-1(112)-3909/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3909/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3909/2024 26.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 5 iyul 2023-cü il tarixinə Bakı – İstanbul – İstanbul – Frankfurt təyyarə reysinə bilet almışdır. Həmin gün Bakı Hava Limanına gələrkən bildirilmişdir ki, onun ölkədən gedişinə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrükj Komitəsi tərəfindən məhdudiyyət qoyulmuşdur. O, məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinə gəlmiş və ona bildirilmişdir ki, məhdiyyəti ləğv edə bilmişlər, hazırda müvafiq sistem işləmir. Nəticədə məhdudiyyət ləğv olunmadı. O, gecəni orada qaldıqdan sonra səhəri gün təkrar olaraq Dövlət Gömrük Komitəsinə gəlmişdir. Ona bildirilmişdir ki, xarici ölkədən gətirdiyi avtomobilin rəsmiləşdirilməsi başa çatanadək məhdudiyyət qoyulur, lakin onun Hava Limanında yerindəcə ləğv edilməsi mümkündür. Sadəcə sistem işləmədiyindən, məsələnin həlli mümkün deyil. Qanunvericiliyin tələblərinə görə avtomobil gələn kimi rəsmiləşdirilməli, yaxud 72 saat ərzində gömrük orqanının nəzarətində olan sahəyə (meydançaya) yerləşdirilməlidir. 72 saat tamam olmamış avtomobil gömrük orqanının həyətinə qoyulmuşdur. Həmin ərəfə “Qurban Bayramı” günlərinə təsadüf eldiyindən avtomobil rəsmiləşdirməmişdir. Bu isə gömrük orqanının problemidir. Onun Bakı – İstanbul – İstanbul – Frankfurt aviareysinə bileti gömrük xidmətinin təqsiri səbəbindən istifadə edilməmişdir. Hansı ki, həmin biletə 580 manat gediş haqqı, transfer (qarşılama-yola salma) haqqı 100 avro, bir günü 120 avro olan 3 günlük otel sifarişi məbləği olmaqla 360 avro daxil idi. Taksi ilə Hava Limanına getmiş (12 manat), həmin gün bütün gecəni orada qalıb, yenidən taksi ilə geri qayıtmışdır (12 manat). Bundan başqa iddiaçıya mənəvi zərər də dəymişdir. Belə ki, gecə Hava Limanına gəlməsi, Dövlət Gömrük Komitəsinin təqsiri səbəbindən səfərə çıxa bilməmişdir. X3malı olmuş, 6 ay öncə növbə tutduğu həkimin qəbuluna yubanmışdır. Daha sonra yuxarıda sadalanan xərcləri yenidən çəkib, həmin marşurut xətti ilə müalicəyə getmişdir. Gecikmə səbəbindən 3 gün oteldə qalmağa məcbur olmuşdur. Bunlarla bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinə elektron müraciət etmişdir. X5 Komitəsi cavab məktubunda bildirilib ki, 28 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gətirdiyi “Mercedes-Benz Vito 1 1 İ CDİ” markalı 3912JT dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25 iyul 2023-cü il tarixli **********3019 nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilərək gömrük rəsmiləşdirilməsi və nəzarəti prosesi 26 iyul 2023-cü il tarixdə saat 10:59-da başa çatdığına görə, barəmdə olan “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış məlumat axtarış sisteminin “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı’na daxil edilmiş məlumatlar 5 iyul 2023-cü il tarixdə aktiv statusunda qalmışdır. Gömrük orqanının təqsiri səbəbindən 5 iyul 2023-cü il tarixdə ölkə ərazisini tərk edə bilməməyimə görə iddiaçıya maddi ziyan dəydiyini etiraf edib. İddia mülki mübahisə xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilib. Göstərilənlərə əsaslanaraq, ona dəymiş 604 manat, 580 avro maddi zərər, 5.000 manat mənəvi zərər, cəmi 5.604 manat və 580 avro pulun və ödənilmiş 87 manat dövlət rüsumu Azərtbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınaraq ona ödənilməlidir. Göstərilənlərə və İPM-in 33, 35, 68, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 604 manat, 580 avro maddi zərər, 5.000 manat mənəvi zərərin, ödənilmiş 87 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Gömrük Komitəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2012-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Girişçıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 4.2-1-ci yarımbəndinə əsasən “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi – altsistem vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan, həmçinin bu Qaydaların 6.7-1.2-ci yarımbəndində nəzərdə tutulan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlər üçün istifadə olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Hazırki işə əlavə edilmiş **********3019 nömrəli 25 iyul 2023-cü il tarixli gömrük bəyannaməsi, ödəniş tapşırığı və elektron çıxarışdan görünür ki, iddiaçının idxal etdiyi nəqliyyat vasitəsi 25 iyul 2023-cü il tarixdə gömrük orqanına təqdim edilmişdir. 26 iyul 2023-cü il tarixdə isə, ödəniş tamamlandıqdan sonra nəqliyyat vasitəsinin burxılışı təmin edilmişdir. Aşağıda qeyd edilən qanunvericiliyin tələbindən müəyyən olunur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olmaqla yanaşı bu hüquqlarının pozulmasını iddia edən hər bir şəxs hüquqlarının, qanunla qorunan maraqlarının müdafiəsini istənilən şəxsdən tələb etmək, əgər həmin hüquq və qanunla qorunan maraqların müdaxilənin aradan qaldırılması mümkün olmazsa, məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən normalardan da göründüyü kimi, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcud olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquq məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. İddaçının iddiasının mənəvi zərərin ödənilməsinə dair hissəsi ilə əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikası qanunvericiliyi həmçinin “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsaslanaraq, iddiaçı X1 iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə etdi. O, əlavə olaraq bildirdi ki, iddia qaldırmamışdan əvvəl cavabdehə şifahi şəkildə müraciət etsə də, onun yazılı müraciəti olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, iddiaçının cavabdehə iddia qaldırmamışdan əvvəl müraciəti olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, mövcud qanunvercilik normaları İPM-in 2.2.7-ci maddəsi üzrə “vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında” iddialar üzrə iddia ərizələri məhkəməyə təqdim edilməmişdən əvvəl, müvafiq məsələ ilə bağlı inzibati orqana müraciət edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçının tələb etdiyi ziyan məbləğinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yazılı müraciət etməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə tərəflər arasında iddia tələbi üzrə inzibati mübahisə mövcud deyil. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı iddia tələbi üzrə hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar