Məhkəmə qərarları › İş №2-1(112)-3911/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3911/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3911/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ İ.Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin Bakı "xxxx" MMC-də sürücü işləmişdir, “Tatra” markalı, Ş762 QQ nömrə nişanlı avtomobillə 2020-ci ildə N nömrəli hərbi hissəyə ezam edilmişdir.İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşımışdır.Müharibə veteranı adının verilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda İddiaçı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi-texniki təminat üzrə tapşırıqları icra etdiyi qeyd olunsa da, onun hansı tarix və nömrəli əmrlərlə hərbi hissəyə daxil olması və qeyd olynan fəaliyyətlərə cəlb edilməsi qeyd olunmamışdır. Odur ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının verilməsi üzrə” komissiyanın xx.xx.2024-cü il tarixli məktubu ilə hərbi hissəyə daxil olması və hərbi hissədə olması heç bir nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyindən iddiaçının sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İnzibati məhkəmə işinin materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2021ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər N nömrəli hərbi hissədə (mülki sürücü) kimi ezamiyyətdə olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçı barəsində hərbi hissəyə daxil olması və hərbi hissədə olmağının heç bir nizami hissə üzrə əmrlər ilə təsdiqlənmədiyi göstərilmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edilmiş, hərbi hissədə yaradılmış komissiya üzvləri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər Füzuli rayonu, Cəbrayıl rayonu, Xocavənd rayonlarının işğal edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq hərbi hissəyə ezamiyyətə xx.xx.2020-ci ildə gəlməsi, hərbi hissədən xx.xx.2020-ci ildə getməsi qeyd edilmişdir, İddiaçı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına düşməmişdir.Lakin onun “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 02 nömrəli ezamiyyət vərəqəsində N nömrəli hərbi hissəyə gəlməsi və hərbi hissədən getməsi hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adının və vəsiqəsinin verilməsi üzrə” komissiyanın sədrinə ünvanlanmış N nömrəli hərbi hissənin qərargah taqımının rabitə manqa komandiri Sahib Məmmədmirzəyevin, N nömrəli hərbi hissənin təminat bölüyünün komandiri Vüsal Mustafayevin, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin texniki təminat xidmət rəisi Zaur Həsənovun eyni məzmunlu izahatlarına əsasən Xəzər rayonu, “Bakı 8 №li MMC”-nin mülki sürücüsü vətəndaş İddiaçı TATRA markalı, Ş 762 QQ nömrə nişanlı maşınla 2020-ci ildə N nömrəli hərbi hissəyə ezam edilmişdir. vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhər ərazisində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşımışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin direktorunun 121/k saylı, xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin fərxri fərmanı verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin xx.xx.2021-ci il tarixli, 418 nömrəli arayışına əsasən İddiaçı "xxxx" MMC-dən yük maşınının sürücüsü qismində xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək müvafiq hərbi hissəyə ezam edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər sürücü qismində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə Füzuli, Xocavənd, Cəbrayıl raynlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir, xx.xx.2020-ci ildə İddiaçı N nömrəli hrbi hissədən ezamiyyətdən getmişdir. N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenantı Faiq Əliyev tərəfindən xx.xx.2021-ci ildə imzalanmış Fəxri Fərmana əsasən iddiaçı Vətən müharibəsində cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə həmin fəxri fərmanla təltif edilmişdir. "xxxx" MMC-nin 03 nömrəli xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqinə əsasən iddiaçı həmin cəmiyyətin 121/k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissəyə xx.xx.2020-ci ildə ezamiyyətə yola düşmüşdür. "xxxx" MMC-nin 121/k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən iddiaçı xx.xx.2020-ci ildən hərbi mükələfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim toplanışlarda iştirak etdiyinə görə toplanışdan qayıdana qədər iş yeri və orta əmək haqqı saxlanılmaqla işdən azad edilmişdir, azad edilmənin əsası kimi əmrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hüquq idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdim etdiyi – N nömrəli hərbi hissə komandiri tərəfindən imzalanmış arayış-məlumata əsasən iddiaçı xx.xx.2020ci ildən xx.xx.2020-ci ilə qədər Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

8. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin preambulasına əsasən bu Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir.

Həmin Əsasnamənin 1-ci bəndinə əsasən:

Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən; ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə — müvafiq arxiv orqanlarının arayışları əsasında; ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə — medal və döş nişanı vəsiqəsi əsasında; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

Həmin əsasnamənin “Qeyd” hissəsində deyilir:

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2.Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd.Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.

10. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edir ki, iddiaçı Rzayev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqi əsasında TATRA markalı, Ş 762 QQ nömrə nişanlı maşınla işlədiyi müəssisədən 2020-ci ildə N nömrəli hərbi hissəyə ezam edilmişdir, döyüşən hərbi hissə olan N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhər ərazisində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşımışdır.Buna görə də həm N nömrəli hərbi hissənin komandiri, həm də işlədiyi müəssisənin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir, "xxxx" MMC-nin 03 nömrəli xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqi də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqi əsasında iddiaçının həmin cəmiyyətin 121/k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissəyə 2020-ci ilin sentyabr 27-də başlanmış Azərbaycan Respublikasının ərazü bütövlüyünün təmin edilməsi uğrundakı döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə ezam edilməsini və həmin döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüşən hərbi hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə ezamiyyətdə olmasını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin müddəaları isə imperativ qaydada Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə ezamiyyət vəsiqələri və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adının verilməsini nəzərdə tutur. 11.Məhkəmə onu da qeyd edir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. 12.Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və bu səbəbdən iddia tələbində haqlıdır.Onun adının hərbi hissənin nizami hissə üzrə əmrlərində göstərilməməsi isə onun döyüş əməliyyatlarında iştirak etməsini inkar edən amil deyildir, belə ki, hərbi hissənin arayışlarında, hərbi hissənin maddi texniki təminatına məsul şəxsləri tərəfindən verilmiş izahatlarda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışında və digər bu kimi mötəbər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında və Şuşa şəhər ərazisində xx.xx.2020ci ildən xx.xx.2020-ci ilə qədər maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşıması təsdiq edilir. 13.“İnzibati icraat haqqında” Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 14.Məhkəmə təqdim edilmiş sənədlərə, işin hallarına yuxarıda sadalanan qanunvericilik normalarını tətbiq edərək qeyd edir ki, cavabdehin iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinasına dair hərəkətləri qanunun tələblərinə uyğun olmamışdır. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

19.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar