Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3912/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, İddiaçı Yusupova Yelana Talqatovnanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bölgü sxemin tərtib edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusupova Yelana Talqatovna cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bölgü sxemin tərtib edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası 15.04.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki iddiasında DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli evin ümumi sahəsi 59.0 kv.m, yaşayış sahəsi 40.5 kv.m olan 3 otaqlı mənzilin yardımçı sahəsinə cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmənin qənaətinə görə hazırkı iddianın qaldırılmasında əsas məqsəd iddiaçının paylı mülkiyyətində olan mənzilə dair deyil, ümumilikdə bütün mənzilinə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsindən ibarətdir. Ancaq iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5.-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 23.2.-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmin Məcəllənin 39.2.-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Həmin Məcəllənin 61.2.-ci maddəsinə əsasən ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçıya izah edilir ki, iddia etdiyi daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusu oldugundan ümumi əşyaya (yaşayış sahəsinə) dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsini tələb edə bilməz. Hər bir halda yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mübahisə olduqda isə mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz payının naturada ayrılmasını əmlakın oldugu yer üzrə rayon (şəhər) məhkəməsi müstəvisində tələb edə bilər. Göstərilən məsələlər öz həllini tapdıqdan və iddiaçının paylı əmlakdan payı ayrıldıqdan sonra isə müvafiq səlahiyyətli inzibati orqana əmlak hüquqları ilə bağlı sənədləşmə işlərinin aparılması haqqında ərizə ilə müstəqil şəkildə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3912/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3912/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver