Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3913/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (3-cü şəxs: X2) qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 37S ünvanında yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birgə Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 37S ünvanında yaşayır. Həmin evin bütün kommunal xidmət haqqları onlar tərəfindən ödənilir. Lakin ev daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçməmişdir. Həmin evə qeydiyyata alınmaq məqsədilə cavabdehə mürəciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırkı iş üzrə X2 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, evi qaynatası tikib, o, 2019-cu ildən, yəni gəlin köçəndən həmin evdə yaşayır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olduğunu, həmin evin sənədi olmasa da onun tərəfindən tikildiyini bildirərək, iddiaçının həmin evə qeydiyyata alınmasına etiraz etməmişdir. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsi QMB-nə təqdim edilməlidir. Əks təqdirdə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Üçüncü şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsn izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi iddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). İşdən göründüyü kimi üçüncü şəxs hazırda həmin mənzildə qeydiyyatdadır. İddiaçı isə üçüncü şəxsin ailə üzvüdür. Üçüncü şəxs iddiaçının həmin mənzilə qeydiyyata alınmasına etiraz etmir. Məhkəmə hesab edir ki, üçüncü şəxs ünvan 1 ünvanına qeydiyyata alındığı üçün “İnzibati icraat haqqında” Qanunun “bərabərlik” və “etimad hüququnun qorunması” prinsiplərinə uyğun olaraq onun ailə üzvü olan iddiaçının da həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasından səlahiyyətli inzibati orqan tərəfindən imtina edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Bu səbəbdən iddia təmin edilməli iddiaçının ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3913/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3913/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver