Məhkəmə qərarları › İş №2-1(112)-3914/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3914/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3914/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, onun nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29.01.1992-ci il tarixdən 20.06.1992-ci il tarixə kimi Azərbaycan Qarabağ Könüllü Müdafiə batalyonunun tərkibində (Şüşa rayonunda) Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə iştiak etmişdir. Müharibədə iştirak etsə də, "Müharibə veteranı” vəsiqəsini ala bilmir. Ona görə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindən verilən sorğuda tərkibində döyüşdüyü N () saylı hərbi hissənin əmrlərində və şəxsi heyyətin əlifba qeydiyyatı kitabında xidməti barədə məlumatın aşkar olmaması əsas gətirilir. Bu səbəbə görə də "Müharibə veteranı” statusunu ala bilmir. Qeyd etdiyi məsələni döyüş yoldaşları təsdiq edə bilərlər. "Müharibə veteranı” statusu verilməsinə dair xahişinin rədd edilməsi onun konstitusion hüquqlarını pozur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqsdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 N-li Qərarına əsasən: "... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında iddiaçının N () nömrəli hərbi hissədə xidmətinə dair hərbi hissənin əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında məlumat aşkar edilmədiyi bildirilmişdir. Bununla da Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya əsaslı olaraq iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2143/2020 saylı 20 iyul 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı "Müharibə veteranı adı və statusunun verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2143/2020 saylı 20 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1566/2020 saylı iş üzrə qəbul etdiyi 28.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2143/2020 saylı 20 iyul 2020-ci il tarixli qərarınin ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1566/2020 saylı iş üzrə qəbul etdiyi 28.10.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, .....məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 1/M-1671 saylı 26.11.2019-cu il tarixli məktub məhz “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş "inzibati akt” olaraq iddiaçının müvafiq müraciətinə münasibətdə qəbul edilmiş və məzmununda iddiaçının tələbinin təmin olunmasından imtina olunduğu açıq-aydın ifadə olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən iddiaçının müraciətinə münasibətdə verilmiş imtinaya inzibati qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməli və onun əsaslı olub-olmadığını yoxladıqdan sonra mahiyyəti üzrə qərar qəbul etməli idi. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya ünvanladığı 1/M-1671 saylı 26.11.2019-cu il tarixli məktubu iddiaçının müraciətinə münasibətdə verilib, tələbinin təmin olunmasından imtina edilməsi kimi qəbul etməməkdə düzgün qənaətə gəlməmişdir. Bu zaman məhkəmə öz qərarında iddiaçının müraciətinə munasibətdə yenidən müvafiq inzibati aktın qəbul edilməsinin zəruriliyini də əsaslandırmamışdır. Bundan başqa apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2-9975 saylı 07.10.2020-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X14 01.02.1992-ci il tarixli siyahısında (əsas: məlumatda adı Mülüalı yazılmışdır) xx.xx.1961-ci il təvəllüdlü X6 adı qeyd olunmuş, adının qarşısında evli, 2 uşağının olması, işləməməsi, Salyan rayonu, Xıdırlı kəndində yaşaması qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin yanvar-iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan sənədi təqdim edən cavabdehin nümayəndəsi izahatında Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin sözügedən məktubu ilə bağlı arxiv sənədlərində iddiaçının adında texniki səhvə yol verildiyini və iddiaçının siyahıda adı göstərilən "Mülüalı” ilə onun eyni şəxs olması faktının məhkəmə qaydasında təsdiqinə nail olacağı təqdirdə mübahisənin aradan qalxacağını bildirmişdir. Bununla bağlı iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X14 01.02.1992-ci il tarixli siyahısında xx.xx.1961-ci il təvəllüdlü X6 əslində İddiaçı olması ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ayrıca xüsusi icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşə yenidən birnci instansiya qaydasında baxılarkən iddiaçıya bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərardadında qeyd olunan göstərişlərə uyğun olaraq, məhkəməyə və cavabdeh inzibati orqana müraciət etməsi təklif edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4642/2021 saylı iş üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadından müəyyən olunmuşdur ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X14 01.02.1992-ci il tarixli siyahısında qeyd olunan “X10”nun əslində “xx.xx.1961-ci il təvəllüdlü İddiaçı” olması ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı ilə (iş № 2(003)- 1372/2021) ərizə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4642/2021 saylı iş üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə ərizəçi İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (qeyd olunan qərardaddan kassasiya şikayəti verilə bilməz). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır: Birinci instansiya məhkəməsi ərizəni qaytararkən iki əsas göstərmişdir: 1) müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərdə adın, ata adının, soyadın düzgün yazılmaması halında həmin hal belə sənədləri vermiş orqanların özləri tərəfindən aradan qaldırıla bilər. Hazırkı halda ərizəçinin istinad etdiyi sənədi vermiş Müdafiə Nazirliyi tərəfindən. 2) şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktı müəyyən edilə bilər. Müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmçinin qeyd edilməlidir ki, müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərdə adın, ata adının, soyadın düzgün yazılmaması halında həmin hal belə sənədləri vermiş orqanların özləri tərəfindən aradan qaldırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Bundan əlavə İddiaçı 06.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X14 01.02.1992-ci il tarixli siyahısında adında yol verilmiş yanlışlığa düzəliş edilərək Mülkalı kimi qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 04.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizə və şikayət bölməsinə müraciət edərək, arxiv arayışında texniki səhvin düzəldilməsi və “Mülkalı” və “Mülüalı” adlarının eyni ad olması və ona məxsus olduğunu təsdiqləyərək, Şuşada döyüş əməliyyatlarında iştirak etdiyinə görə “müharibə veteranı adının” bərpa edilməsini xahiş etmişdir. Lakin iddiaçının yuxarıda qeyd olunan müraciətləri üzrə cavabdeh inzibati orqan tərəfindən heç bir təbdir görülməmişdir. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə yalnız, 17 iyun 2021-ci il tarixli 9/2-4544 məktubla İddiaçı Şıxəli oğlunun xidməti barədə Müdafiə nazirinin 12.02.1992-ci il tarixli 014 №li əmrindən Arxiv çıxarışı məhkəməy təqdim olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili X11 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunun nizami hissə üzrə əmrlərinin Mərkəzi Arxivə daxil olmamasına və iddiaçının hərbi biletinin səhifələrində onun Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunda xidmət keçməyi barədə mötəbərliyin şübhə doğurmasına istinad edərək iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. İş materiallarında olan; notarial qaydada təsdiq edilmiş H3 seriyalı ******* nömrəli Hərbi Biletin 6-cı səhifəsindən görünür ki, İddiaçı 29.01.1992-ci il tarixdən 27.05.1992-ci il tarixədək Azərbaycan Qarabağı könüllü müdafiə batalyonun tərkibində hərbi əməliyyatlarda iştirak etmişdir. Notarial qaydada təsdiq edilmiş Azərbaycan Qarabağ könüllü müdafiə batalyonunun arayışından görünür ki, İddiaçı 29.01.1992-ci il tarixdən 27.05.1992-ci il tarixədək Azərbaycan Qarabağı könüllü müdafiə batalyonun tərkibində hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Qarabağı könüllü müdafiə batalyonun şəxsi heyətinin siyahısının surətindən görünür ki, İddiaçı adı həmin siyahıda qeyd edilmişdir. Azərbaycan Qarabağı könüllü müdafiə batalyonun şəxsi heyətinin siyahısında adı qeyd edilən X7 Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V seriyalı 084101 nömrəli Müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 17.06.2020-ci il tarixli 11/3002 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19 mart 2020-ci il tarixli 1/vət-4634 nömrəli arayışının surətini göndərmişdir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19 mart 2020-ci il tarixli 1/vət-4634 nömrəli arayışında göstərilmişdir: “N nömrəli hərbi hissə 22.01 1992-12.05.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: 29.08.1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyuş əməliyyatları aparan hərbi hissələrin siyahısı”. Vətəndaş X1 Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın iclasında baxılmış və ona 02.03.2018-ci il tarixli 500 nömrəli protokol ilə “Müharibə Veteranı” adı verilmişdir. X3 və vətəndaş X8 Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komissiya”ya 2017-2020-ci il tarixlərdə müraciəti olmayıb. Vətəndaş İddiaçı komissiyaya 2019-cu il tarixdə müraciət etmiş, sənədlərinə 22.11.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir.” İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26.11.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 22.11.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmişdır. Mərkəzi Arxivin 14.11,2019-cu il tarixli 9/2-17800 nömrəli arayışına əsasən “Azərbaycan Qarabağı” könüllü müdafiə batalyonunun nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına və hərbi biletinin səhifələrində Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunda xidmət keçməsi barədə mötəbərliyi şübhə doğurduğu üçün ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Beləliklə şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”mədə nəzərdə tutulan, iş materiallarında olan arxiv arayışından müəyyən olunur ki, Müdafiə Nazirinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X14 01.02.1992-ci il tarixli siyahısında (əsas: məlumatda adı Mülüalı yazılmışdır) xx.xx.1961-ci il təvəllüdlü X6 adı qeyd olunmuşdur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almaqla onu qeyd etməyi zəruri hesab edir ki, Müdafiə Nazirinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X14 01.02.1992-ci il tarixli siyahısında xx.xx.1961-ci il təvəllüdlü İddiaçı adının səhvən “X10” kimi qeyd olunması iddiaçının hazırki tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. Belə ki, cavabdeh inzibati orqanın nümayəndəsi də izahatında (apellyasiya instansiyası məhkəməsində) Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin sözügedən məktubu ilə bağlı arxiv sənədlərində iddiaçının adında texniki səhvə yol verildiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı xx.xx.1961-ci ildə doğulmuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı xx.xx.1961-ci ildə doğulmuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar