Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3914/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı qardaşının Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmasına əsaslanaraq onun hərbi xidmət dövründə həlak olmasına görə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunaziddir və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni tərəflərdən heç biri inzibati orqan olmadığından, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərin alınması ilə bağlı hüquq münasibəti isə iddiaçı və cavabdehin statusu nəzərə alınmaqla publiklik əlamətlərini daşımadığından, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq faydalanan şəxs və sığortaçı hesab edildiyindən, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014-cü il tarixli qərarı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20.05.1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilənədək Dövlət Sığorta Kommersiya Şirkəti ilə Müdafiə Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə bağlı müqavilənin olmaması xidmətdə olduğu zaman həlak olmuş (ölmüş), itkin düşmüş, xəsarət və əlillik qrupu almış, xidmətə yararsız kimi tərxis olunmuş hərbi qulluqçulara sığorta ödənişi aparmaqdan imtina üçün əsas veribverməməsinə dair sorğuda qaldırılan məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Göstərildiyi kimi, “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sadalanan normaların tələblərinə əsasən, məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, hərbi qulluqçuara dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirildiyindən və bu hal özlüyündə qarşılıqlı hüquq və vəzifələr daşıdığından burada hakimiyyət səlahiyyətindən və qeyri-bərabər mövqedən, dolayısı ilə işə inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-494/2020 saylı, 16.01.2020-ci il tarixli və 2(102)- 1424/2021 saylı, 29.03.2021-ci il tarixli qərarlarından da göründüyü kimi, hərbi qulluqçulara icbari sığorta ödənişinin verilməsi müqavilə əsasında həyata keçirilir və bu növ iddialara baxılması mülki məhkəmələr tərəfindən həyata keçirilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3914/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3914/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver