Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3914/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əlillik müddətinin uzadılmasından verilmiş xx.xx.2024-cü il tarixli imtinasının ləğv edilməsi və onun üzərinə xx.xx.2024-cü il sonuncu göndəriş tarixindən ikinci qrup əlilliyinin müddətinin uzadılması vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hüquqi marağının ona əlillik vəziyyətinin qiymətləndirildiyi sonuncu göndəriş üzrə orqanizmin funksiyalarının pozulması səviyyəsinin 61-80 faiz olmaqla müvafiq əlilliyin təyin edilməsindən ibarət olduğunu nəzərə alaraq, tələbin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsinə zərurət görmür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.2016-cı il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabltasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən “Enasefalopatiya, kəllə daxili hipertenziya, tez tez baş verən vestibulyar krizlər” diaqnozu və 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri kimi əlilliyin müəyyən olunması meyarlarına əsasən xx.xx.2021-ci il tarixinə kimi ikinci dərəcə əlillik verilmişdir. Əlillik müddəti başa çatdığına görə əlillik müddətinin uzadılması məqsədi ilə birinci dəfə xx.xx.2021-ci il tarixində M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası təərfindən müayinə olunduqdan sonra bu barədə 2750003AAEZF nömrəli göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Bundan sonra Məsləhət Komissiyası tərəfindən dəfələrlə TSEK-ə göndərilən göndərişlərə əsassız Həkim Məsləhət Komissiyası tərəfindən “G40.2. Kompleks parsial qıcolma tutmaları (fokal)(parsial) simptomatik epilepsiya və mürəkkəb ikincili genalizə olunmuş tonikoklonik qıcolmalarla” diaqnozu ilə göndərilmiş R00222286JZS nömrəli göndərişə isə TSEK tərəfindən xx.xx.2024-cü il tarixində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından əsassız olaraq imtina edilmişdir. Belə ki, iddiaçının müalicə aldığı xəstəxanaların verdiyi epikrizlərdən də göründüyü kimi onun xəstəliyi daha da ağırlaşmışdır. Ona görə də hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçının əlillik müddətinin uzadılmasından xx.xx.2024-cü il tarixli imtinasının əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və cavabdehin üzərinə iddiaçının əlilliyinin sonuncu göndərişin tarixdən yəni 24.09.,2024-ci il tarixindən müəyyən edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2025-ci il tarixli göndərişi əsasında İddiaçı DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin R00222286JZS nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. Ətraflı səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, səhiyyə müəssisəsinin R00222286JZS nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaratmışdır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, davranış pozuntuları və obsessiv-kompulsiv daxilolmalar.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6.2.1 bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə iki il müddətinə əlillik təyinatı aparılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, R00222286JZS nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik təyin etmir” səbəbi ilə imtina verilmişdir. -TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlara əsasən İddiaçı barəsindəki: -Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının göndərişi xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik => Vİ sinif – Sinir sistemi xəstəlikləri => G90- G99 – Sinir sisteminin digər pozğunluqları => G93 – Baş beynin digər zədələnmələri => G93.4 – dəqiqləşdirilməmiş ensefalopatiya, Diaqnozun mətni: Enasefalopatiya, kəllə daxili hipertenziya, tez-tez baş verən vestibulyar krizlərlə, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. -Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Xəstənin vəziyyəti və instrumental müayinələrin nəticələri barədə qeyd edilmiş məlumatlar əlillik dərəcəsinin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsinin göndərişi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir. -DTSERA-nın Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya "Orqanizmin funksiyalarının pozulma faizi: 50%, Səbəbi: Ümumi xəstəlik => Meyar: 7.6.2.1.7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları=>əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)=>” səbəbi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək əlillik verilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı normalara istinad edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -1.9-cu bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, R00222286JZS saylı tibbi göndərişi (Forma 88) üzrə ona ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının pozulması səviyyəsinin 61-80 faiz olmaqla müvafiq əlilliyin verilməsi) təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixli, R00222286JZS saylı tibbi göndərişdə iddiaçıda iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz – G40.2 – Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Parsial epilepsiya mürəkkəb ikincili genelizə olunmuş toniko-klonik qıcolmalar; Ağırlaşma – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (epilepsiya) mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və obsessiv-kompulsiv daxilolmalarla parsial qıcolma tumaları ilə; Ağırlaşma – F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, davranış pozuntuları və obsessivkompulsiv daxilolmalar; Ağırlaşma – F06.8. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, obsessiv-kompulsiv daxilolmalar; Yanaşı xəstəlik – G93- Baş beynin digər zədələnmələri, Ensefalopatiya. Yanaşı xəstəlik – İ67.2 – Serebral ateroskleroz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7-ci bəndində G40 kodu altında göstərilmiş “Epilepsiya” aşağıdakı hallarda əlilliyin təyin edilməsi üçün əsas verir: 6.7.1 epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) - 35-60 faiz pozulma – 1 il. 6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - 65-80 faiz pozulma – 2 il 6.7.4 ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) - 85-100 faiz pozulma – müddətsiz. Meyarlarda 7.6.2-ci bənddə F07.0 kodu altında göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu” və F07.8 kodu altında göstərilmiş “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” aşağıdakı hallarda əlilliyin təyin edilməsi üçün əsas verir: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz pozulma, 2 il. 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz pozulma, 2 il. İşin araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsə tapşırılmışdır. Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 1407 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qoyulmuş suallara aşağıdakı qaydada cavab verilmişdir: 1-ci sual üzrə: yoxlanılan şəxs X1 “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları” (F07.0) müəyyən edilir. 2-ci sual üzrə: yoxlanılan şəxs X1 hal-hazırda “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları” (F07.0) aşkar olunur. 3-cü sual üzrə: bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü, 5-ci və 6-cı suallar üzrə: Tibbi baxımdan “üzvi (epilepsiya) mənşəli şəxsiyyət pozuntusu, obsessiv-kompulsiv daxilolmalarla və parsial qıcolma tutmaları ilə” dedikdə baş beynin xəstəliyi nəticəsində şəxsiyyət və davranışda yaranan, intellektual və koqnitiv sferaya, anamnestik qabiliyyətə təsir edən pozuntu nəzərdə tutulur. Təqdim edilmiş tibbi sənədlərə əsasən xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasının qərarı ilə “Üzvi (epilepsiya) mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və obsessiv-kompulsiv daxilolmalarla, parsial qıcolma tutmaları ilə” diaqnozu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Meyarlara əsasən şəxsin əlilliyinin müəyyən edilməsi üçün onda göndərişdə təyin edilmiş diaqnozlara uyğun altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Lakin hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda hüquqi marağına uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün Meyarların epilepsiya, üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyə və davranış pozuntularının ağırlaşmaları diaqnozları üzrə orqanizmin funksiyalarının 65-80 faiz pozulması kimi qiymətləndirilən 6.7.3 və 7.6.2.2-ci altbəndinlərindəki halların mövcudluğu nə tibbi sosialekspert komissiyasında müayinəsi zamanı, nə də ekspertiza tədiqatı zamanı müəyyən edilməmişdir. Belə ki, təqdim olunan rəydən göründüyü kimi, ekspertiza tədqiqatı dövründə iddiaçı müayinə edilmiş və nəticədə “F07.0 - Üzvi (epilepsiya) mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları” xəstəliyinin olduğu müəyyən edilmişdir. Halbuki, Meyarlara əsasən F07.0 diaqnozu məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduqda orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlillik dərəcəsi təyin edilə bilərdi. Göründüyü kimi, müvafiq ekspert rəyi ilə iddiaçıda Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il tarixli, R00222286JZS saylı tibbi göndərişində (Forma 88) qoyulmuş F07.0, diaqnozunun mövcud olması təsdiqlənmiş, bu hal da cavabdeh tərəfindən ona 50 % pozulmaya görə əlillik təyininə əsas vermişdir. Göndərişdə qeyd olunan diaqnozların ikinci dərəcə əlillik (OFP-nin 65-80 faiz pozulması) təyin etmək üçün əsas verən ağırlaşmaları isə müəyyən edilməmişdir. Bu isə ikinci dərəcə əlilliyin təyininə əsas verən xəstəliklərin iddiaçıda mövcud olmaması deməkdir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi də o yöndədir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə üçün hüquqi baza kimi çıxış edir. Həmçinin oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respbulikası Ali Məhkəməsinin 2-1(102)-2842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında analoji hüquqi mövqe nümayiş etdirilmişdir. Məhkəmə qeyd edir ki, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.8 və 2.4-cü bəndlərindən göründüyü kimi, əlillik səlahiyyətli tibb müəssisəsinin göndərişində qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Bu baxımdan, həm də iddiaçının məqsədinin yalnız əlilliyinin müəyyən edilməsi deyil, konkret olaraq ikinci dərəcə əlilliyin (orqanizmin funskiyalarının 61-80 faiz pozulması kimi) təyin edilməsi olduğu nəzərə alındıqda, həmin xəstəliyin əlillik üçün əsas verən olub-olmaması üzrə müvafiq qiymətləndirmə yalnız səlahiyyətli tibb müəssisəsinin göndərişində müəyyən edildiyi halda aparıla bilərdi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3914/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3914/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver