Məhkəmə qərarları › İş №2-1(112)-3915/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3915/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3915/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun müharibə veteranı kimi haqqının tanınmasına qanuni qərar verilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 17.05.1992-ci il tarixdə N №-li hərbi hissədə hərbi qulluğa başlamışdır. Döyüşdə olduğu zaman dəfələrlə ölümlə üzbəüz olmuşdur. Xüsusilə Tuğ kəndi istiqamətində ağır döyüşlərdə iştirak elmişdir. Komandirlərin verdiyi tapşırıqları daima icra etmişdir. Hazırda onun 1-ci Qarabağ döyüşlərində iştirak etdiyi təsdiqlənsə də ona 1-ci Qarabağ döyüşçüsü kimi qeydə alınmır və veteranlığı tanınmır. Halbuki onunla birgə döyüşən X2, X6, X1 veteranı kimi tanınmış, vəsiqəni daşıyır və bütün imtiyazlardan istifadə edirlər. Yuxarıda adlan çəkilən döyüş yoldaşları onun onlarla birgə döyüşdə olduğunu təsdiq edə bilərlər. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı iddia ərizəsində 17.05.1992-ci ildən N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini qeyd etmişdir. İddia ərizəsinə əlavə edilmiş, İddiaçı məxsus H3 - ******* nömrəli hərbi biletdə döyüşlərdə iştirak etməsi ilə bağlı hər hansı qeydlər aparılmamışdır. İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş 5.04.2021-ci il tarixli, 9/2-2801 nömrəli məktubda (arxiv arayışı) qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 17.05.1992-ci il tarixli 51 nömrəli əmrində İddiaçı 17.05.1992-ci il tarixdən hərbi hissəyə daxil olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 11.06.1992-ci il tarixli 21 nömrəli əmrində 1-ci bölüyün şəxsi heyətin siyahısında qumbaratan köməkçisi İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 1994-cü il tarixli nizami hissə üzrə əmrləri və 1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sı tərəfindən təqdim edilmiş 6.04.2021-ci il tarixli, 1/V- 8634 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə 18.02.1992-20.03.1992-ci il və 20.03.1992-01.07.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçının N nömrəli hərbi hissədə 11.06.1992-ci il tarixdən sonrakı hərbi xidmətinin və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar olmadığına görə ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 20.11.1987-ci ildə hərbi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2-9688 №-li, 25.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 17.05.1992-ci il tarixli 51 №-li əmrində (əsas: səh.11, qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı 17.05.1992-ci il tarixdən hərbi hissəyə daxil olması barədə məlumat vardır. N nömrəlıi hərbi hissə komandirinin 11.06.1992-ci il traixli 21 №-li əmrində (əsas: səh. 42, sıra-61, qeyd: əmrdə atasının adı yazılmamışdır) 1-ci bölüyün şəxsi heyətin siyahısında qumbaraatan köməkçisi İddiaçı adi qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin iyul 1992-ci il tarixli-14.04.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2-2801 №-li, 05.04.2021-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin 17.05.1992-ci il tarixli 51 №-li əmrində (əsas: səh.11, qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı 17.05.1992-ci il tarixdən hərbi hissəyə daxil olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 11.06.1992-ci il traixli 21 №-li əmrində (əsas: səh.42, sıra-61, qeyd: əmrdə atasının adı yazılmamışdır) 1 -ci bölüyün şəxsi heyətin siyahısında qumbaraatan köməkçisi İddiaçı adi qeyd olunmuşdur. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin 1994-cü il tarixli nizami hissə üzrə əmrləri və 1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 06.04.2021-ci il tarixli, 1/V-8634 №-li məktubundan görünür ki, N nömrəli hərbi hissə 18.02.1992-20.03.1992-ci il və 20.03.1992-01.07.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: 29.08.1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/V-17405 №-li, 26.12.2020-ci il tarixli məktubdan görünür ki, Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25.12.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 25.09 2020-cı il tarixli 9/2-9688 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə N .-cı il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə həmçinin göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 17.05.1992-ci il tarixli 51 №-li əmri ilə hərbi xidmətə qəbul edilmiş, daha sonra hərbi xidmətini davam etdirməsini və ya hərbi xidmətdən buraxılmasını təsdiq edən rəsmi sənədlər mövcud deyildir. Bundan əlavə N nömrəli hərbi hissə 18.02.1992-20.03.1992-ci il və 20.03.1992-01.07.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmişdir. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar